09/01/2018 13:42

Paramount Group yeni aviasiya texnologiyalarını Azərbaycana təqdim edir

Ayvor İÇİKOVİTZ: Azərbayan Silahlı Qüvvələri üçün az xərc tələb edən, müasir həlləri təklif edirik

Baş ofisi Cənubi Afrika Respublikasında yerləşən “Paramount Group” şirkəti son 7 ildə keçmiş sovet respublikalarında bir sıra layihələrə imza ataraq öz adını duyurmuşdur. Postsovet coğrafiyasında ilk birgə istehsal fəaliyyətini Azərbaycanla gerçəkləşdirən “Paramount Group” bu gün Qazaxıstan və Ukrayna ilə də sıx münasibətlərə, Qazaxıstanda birgə müəssisəyə sahibdir. “Paramount Group”un fəaliyyəti tək zirehli maşınların istehsalı ilə məhdudlaşmır. Eyni zamanda döyüş və nəqliyyat helikopterlərinin modernləşdirilməsini əhatə edir. Şirkətin icraçı sədri Ayvor İçikovitzinAZERI DEFENCE jurnalına müsahibəsini təqdim edirik.

Azeri Defence: Cənab İçikovitz, hər il biz “Paramount Group”un qlobal səviyyədə fəaliyyətlərinin genişlənməsini müşahidə edirik. Xüsusilə 2010-cu ildən bu yana fəaliyyətinizdə genişlənmə və dinamizm müşahidə olunur. Söhbətimizə də buradan sizin fikirlərinizlə başlamaq istərdik.

A.İçikovitz: Qeyd etdiyiniz kimi, son beş ilin “Paramount Group” üçün önəmli və inkişafla müşahidə olunan bir dövr olduğunu deyə bilərəm. Çünki, bu dövr ərzində biz müdafiə sənayesinin müxtəlif sektorlarında və dünyada ciddi şəkildə inkişaf etdik. Beləliklə, biz ancaq məhsula fokuslanmış şirkət deyil, həmçinin müştəriyə yönəlmiş bir şirkətə də çevrildik. Müştərilərin xüsusi tələblərini qarşıladığımız zaman, biz, həmçinin bizi bir neçə sahələrdə dünya lideri edən yeni texnologiyaları inkişaf etdirdik.

“Paramount Group” olaraq fəaliyyətimiz bu gün zirehli maşınlar, dəniz və aviasiya sektorunu əhatə edir. Bu sahələrdə kifayət qədər təcrübəmiz mövcuddur və dünyanın aparıcı şirkətləri ilə də əməkdaşlıq edirik.

Dəniz Qüvvələrindən başlayaq. Biz ötən dövrdə müxtəlif gəmiqayırma zavodları almışıq. Dəniz seqmentində 8 metrdən başlayaraq 90 metrədək uzunluğa malik müxtəlif təyinatlı gəmi və katerləri istehsal edə bilirik. Biz bu sahədə dünyada ən sürətli gəmiləri istehsal edə biləcək texnologiyalara sahibik.

Quru Qoşunları sahəsində “Paramount Group” olaraq zəngin təcrübəyə malikik. Bizim istehsal etdiyimiz maşınlar Azərbaycan da daxil olmaqla dünyanın çox ölkəsinin ordularında istifadə olunur. Bu gün müxtəlif şirkətlərin zirehli maşınlar istehsal etdiklərini görürük. Lakin mütəxəssis gözü ilə baxdığımızda onlar “Paramount Group”un 20 il bundan əvvəl istifadə etdiyi texnologiyadan istifadə edirlər. Biz ənənəvi V dizaynı ilə deyil, düz döşəməli minaya qarşı qorumalı maşınların yaradılması və istehsalında pioner sayılırıq. Bu sahədə çox ciddi şəkildə testlər həyata keçirirdik və yeni nəsil texnologiyaları qazandıq. “Marauder” və “Matador” kimi ən yüksək səviyyədə minaya qarşı qorumanı təmin edən nəqliyyat vasitələrimizlə yanaşı 8×8 təkər formuluna malik “Mbombe 8” maşınını istehsal etməyə başladıq ki, bu da dünyada ən müasir zirehli maşınlardan biridir.

Aviasiya seqmentində AHRLAC (Advanced High Performance Reconnaissance Light Aircraft) proqramını başladıq və bu proqram çərçivəsində yaradılmış “Mwari” adlı yüngül çoxməqsədli təyyarəni istehsal etməyi planlaşdırırıq.

Azeri Defence: Postsovet coğrafiyasından danışarkən, son 2 ildə sizin Qazaxıstandakı fəaliyyətiniz daha çox diqqəti cəlb edir.

A.İçikovitz: Bu, bizim yeganə uğurlu layihəmiz deyildir. Bir neçəsi də var. Lakin bir çox müştərilərimiz bizim bu barədə danışmağımızı istəmirlər. Bu kontekstdə, Qazaxıstan bizim iştirak etdiyimiz digər layihələrlə müqayisədə ən çox görünəndir. Biz Qazaxıstandakı işlərimizdən qürur duyuruq, çünki bu, bizim nəyə qadir olduğumuzu göstərdi. Biz, həmçinin bir neçə il ərzində Sinqapur hökuməti ilə iri layihə üzərində çalışdıq. Yaxın Şərq və Cənubi Amerika da bizim üçün böyüyən bazara çevrilir. Bütün bu ərazilərdə istehsalat gücləri quraşdırmaq planlarımız var.

Azeri Defence: Qazaxıstan 2016-cı ildə yerli müəssisədə istehsal edilmiş “Mbombe 8” zifehli döyüş maşınını nümayiş etdirdi. Bu maşının testləri yekunlaşdımı? “Mbombe” üçün xaricdən sifarişləriniz varmı?

A.İçikovitz: “Mbombe 8” Qazaxıstanda ciddi testlərdən keçirildi. Testlər yayın istisində və qışın soyuğunda, sərt ərazilərdə baş tutdu. İndi isə testlərin son mərhələsindəyik. Bunu bir neçə həftə ərzində tamamlayacağıq və maşın tam hazır vəziyyətdə olacaq.

“Mbombe” Paramont Groupun ən uğurlu məhsullardandır və bu gün dünyada piyada qoşunları üçün ən yaxşı maşınlardan biri sayılır. Maşın Yaxın Şərqdə, Qazaxıstanda yayda +50 dərəcə istidə və qışda -50 dərəcə şaxtada sınaqdan keçib. Maşına Sovet və qərb texnologiyalarının məhsullarını inteqrasiya etmək mümkündür. Sifarişlərə gəlincə, buna cavab vermək çətindir. Haqqında danışa bildiyimiz ölkələri siz özünüz də bilirsiz.

Azeri Defence: Aviasiya sahəsində 5-6 il əvvəl “Paramount Group” məşhur ATE və “Aerosud” şirkətlərini aldı. Bu gün isə biz “Paramount Group”un helikopter və təyyarələrin modernizasiyası fəaliyyəti ilə yanaşı öz məhsulu olan “Mwari” çoxfunksiyalı təyyarəsini görürük. Bu təyyarənin üstünlükləri, taktiki-texniki xüsusiyyətləri barədə məlumat verə bilərsinizmi?

A.İçikovitz: Bu təyyarə dünyada mövcud olan bənzər platformalar arasında həqiqətən də çox valehedici platform olaraq dəyərləndirilir. Başqa sözlə ifadə etsək, “Mwari” “ağıllı platform”dır. Yəni, bu, o deməkdir ki, təyyarə uzun müddətli uçuşlar, fərqli missiyalarda tətbiq və ucuz texniki qulluq üçün hazırlanıb. “Mwari” sərhəd qoşunları, dəniz patrulu. Fövqəladə hallarda axtarış, hava kəşfiyyatı, qoşunlara havadan atəş dəstəyi üçün çox münasibdir. Biz bu təyyarəni, Azərbaycan, Qazaxıstan, Yaxın Şərq, Afrika kimi ölkələr üçün hazırladıq. Bir çox ölkələr bu məhsula maraq göstərirlər. Hesab edirəm ki, “Mwari” öz imkanlarına görə sinfinin ən müasir və ən çox tələb görən təyyarəsi olacaq. Bu gün “smart təyyarə” adlandırdığımız “Mwari”nin üzərindəki sensorlar 30000 fut (9144 metr) yüksəklikdən yüksək dəqiqliklə kəşfiyyat və axtarış aparmağa imkan verir. Özündə helikopter və kəşfiyyat təyyarəsinin texnologiyalarını birləşdirən “Mwari” böyük və bahalı təyyarələrlə eyni nəzarət, kəşfiyyat, hədəfləmə, müdafiə və hücum imkanlarına sahibdir. Müasir çoxfunksiyalı displey, elektro-optik sistemlər və digər sensorlarla təchiz olunmuş təyyarənin açıq arxitekturası istənilən elektro-optik və radioelektron kompleksi inteqrasiya edilməsinə imkan verir.

“Mwari”nin imkanlarını aşağıdakı kimi qruplaşdırmaq olar:

  • Elektro-optik sensorlar və elektron kəşfiyyat məlumatı yığan avadanlıqların quraşdırılması;
  • Real vaxt rejimində məlumatların ötürülməsi, kəşfiyyat məlumatının kabinədə analizi və bu məlumatlardan ən vacibinin çıxarılması;
  • Seçilmiş məlumatların onlayn rejimdə komanda-nəzarət mərkəzləri və havada olan digər platformalar ilə koordinasiyası;
  • Kəşfiyyat məlumatı toplayan qurğuların sürətli inteqrasiyası üçün yerlərin nəzərdə tutulması;
  • Yüksək dəqiqliklə atəş açma qabiliyyəti. Sursat itkisinin minimuma endirilməsi;
  • Qanad altında elektron nişanlama qurğusu, özünü qoruma və döyüş yükü üçün 6 asma.
  • Qeyri-adi və hazırlıqsız enmə-qalxma zolaqlarından istifadə. Gecə və gündüz əməliyyatlar;
  • Gecə müşahidəsi;
  • Uzadılmış əməliyyat sahəsi və uzun müddətdə hava qalma qabiliyyəti, daha az əməliyyat xərcləri.

Təyyarənin qısa məsafədən (600 metr) havaya qalxa və enə bilməsi də bu imkanları genişləndirir. Füzelyajın arxa hissəsində – ekipajın kabinəsinin arxasında 950 at gücündə “Pratt and Whitney Canada” şirkətinin istehsalı olan PT6A-66B turbovintli mühərrik yerləşdirilib. Hər iki ekipaj çoxfunksiyalı displey və digər avadanlıqlarla, avtomatik uçuş nəzarət sistemi ilə təchiz olunub. Təyyarə “Martin Baker” şirkətinin Mk 16 və Mk 17 katapult oturacaqları ilə komplektləşdirilir. Havada 8 saat qala bilən “Mwari”nin çəkisi 4400 kq, sürəti saatda 70 mil, kreyser sürəti 272 mil, maksimal uçuş məsafəsi əlavə yanacaq çənlərinin qoşulması hesabına 2000 dəniz milidir.

Azeri Defence: “Mwari”nin silahlanmasına hansı silahlar daxil edilə bilər?

A.İçikovitz: Təyyarənin silahlanmasına 20 mm-lik top, 70 mm-lik idarə olunan raket, Mk81 “ağıllı” bombaları, habelə tank əleyhinə idarə olunan raketlər daxil olmaqla ümumilikdə 800 kiloqramadək silah yükləmək mümkündür. Bura verilən tapşırığa uyğun olaraq müxtəlif idarə olunan və idarə olunmayan silahlar daxil etmək olar. Silahlanma istifadəçinin istəyinə bağlıdır.

“Mwari” axtarış, kəşfiyyat, ofşor, patrul və piyada qoşunlara hava dəstəyi üçün konfiqurasiya oluna bilir. Təyyarə axtarış-kəşfiyyat funksiyalarında 30000 fut yüksəklikdən dəqiq kəşfiyyat aparmağa imkan verən elektro-optik komplekslə təchiz edilir.

Azeri Defence: “Mwari”ni helikopter və təyyarənin hibridi adlandıra bilərikmi?

A.İçikovitz: Bəli, çünki “Mwari” hücum helikopteri kimi silahlar daşıya və yüngül təyyarənin funksiyalarını yerinə yetirə bilər. Amma bu, heç də balaca təyyarə deyil. Lakin, “Hawk” hücum təyyarəsi ilə də eyni kateqoriyada deyil. Füzelyaj helikopterdə olduğu kimidir. Sürücü pilot öndə, atıcı isə arxa hissədə əyləşir. Füzelyajın burun hissəsinin aşağısında müqavimət sipəri və elektro-optik kompleks yerləşir. Pilot kabinəsi zərbə helikopterlərində olduğu kimidir. Təyyarəni idarə edən pilot öndə, atışları həyata keçirən pilot isə arxada əyləşir.

Azeri Defence: Təyyarənin sınaqlarının nə zamana yekunlaşdırılması və seriyalı istehsalına başlanılması nəzərdə tutulur?

A.İçikovitz: İlk prototipin sınaqlarına 2014-cü ildə başlanıb. “Mwari”artıq seriyalı istehsala hazırdır və bir sıra ölkələrdən maraqlar var. Mübaliğəsiz deyə bilərəm ki, universal imkanları hesabına “Mwari” qısa zamanda bazarda öz yerini tutacaq. Bu təyyarə özündə kəşfiyyat və hücum təyyarəsinin imkanlarını birləşdirir və aviaparkını yeniləyən ölkələr üçün ideal seçim ola bilər.

Onu da qeyd etmək istəyirəm ki, “Mwari” qiymət baxımından da uyğundur. Bir zərbə helikopterinin qiymətinə 3-4 “Mwari” əldə etmək olar. Təyyarənin təmir-baxım xərcləri də o qədər baha olmayacaq. “Mwari”nin havada helikopter və sinfindəki digər təyyarələrlə müqayisədə daha çox qala və uçuş radiusunun böyük olması ona əlavə üstünlüklər qazandırır. Təyyarənin digər üstünlüyü isə radara hiss olunmasının minimumluğudur. Hətta radar görüntüsü Mi-24 helikopterindən zəifdir. Seriyalı istehsala bu ilin iyul ayında başlamağı planlaşdırırıq. Artıq təyyarənin istehsal olunacağı zavodun tikintisi yekunlaşmaq üzərədir.

Azeri Defence: “Boeing” şirkətinin bu layihədə rolu nədən ibarət olacaq?

A.İçikovitz: 2014-cü ilin sentyabrında “Boeing” şirkəti ilə imzaladığımız müqavilə çərçivəsində layihənin inkişafı və NATO ölkələrinə satışı üçün müasir bort avadanlıqları ilə təmin olunmasında əməkdaşlıq edirik.

Azeri Defence: Xəzərsahili ölkələrlə – xüsusilə də Azərbaycan və Qazaxıstanla dəniz sənayesi sahəsində əməkdaşlığı nəzərdən keçirirsinizmi?

A.İçikovitz: Bizim dəniz qüvvələri üçün təqdim etdiyimiz yüksək texnologiyalı məhsullar Xəzər dənizi üçün çox uyğundur. Xəzəryanı ölkələrlə hələlik bu istiqamətdə əlaqələrimiz olmayıb, amma biz bunu böyük imkan kimi qiymətləndiririk.

Azeri Defence: Neft sənayesi ölkələri dünyanın ən böyük silah alıcılarıdır. Son dövrdə neftin qiymətinin ucuzlaşması səbəbindən onlar ciddi maliyyə çətinlikləri ilə üzləşiblər. “Paramount Group” bu bazarları qorumaq üçün nə təklif edir?

A.İçikovitz: Qeyd etdiyiniz bu mövzuda “Paramount Group” həqiqətən də çox diqqətli yanaşma tətbiq etməyə çalışır. Bir çox illər ərzində biz maddi imkanı yaxşı olmayan ölkələrlə işləmişik. Bizim ən böyük bacarığımız həmin ölkələrə pul qazanmağa ən maksimal imkanı yaratmaqdır. Bugün də biz bu bacarığımızı dünyanın digər yerlərində bölüşməyə hazırıq. Düzdür, son iki ildə sənaye zərbə altında olub. Amma biz müştəriləmizi qorumağa bacardıq. Biz bunu dəyərləndiririk və çətin vaxtlarda onlara əlimizdən gələ köməyi etməyə hazırıq. Biz, həmçinin zəif büdcəyə malik amma böyük ehtiyacları olan ölkələrlə çoxlu işlər görürük. Başqa sözlə ifadə etsək biz çətinlikləri sevirik.

Azeri Defence: Siz Azərbaycanda 2010-cu ildən biznesə maliksiniz. Bu əməkdaşlıq barədə fikrinizi öyrənmək istəyərdik. Əməkdaşlığın genişləndirilməsi üçün nələri düşünürsünüz?

A.İçikovitz: Mənim Azərbaycanla bağlı həmişə müsbət fikirlərim var. Azərbaycan xalqını sevirəm. Mən Azərbaycan prezidentinin müdafiə sənayesinin qurulması ilə bağlı baxışını bölüşürəm. Biz ötən dövrdə Azərbaycanın müdafiə sənayesini qurmaq üçün ciddi dəstək verdik. Bəzi üzüntülərimiz olub, amma ölkə barədə çox şeyi öyrəndik. İndi biz Azərbaycanla işimizi genişləndirmək, birbaşa Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti və polislə ilə sıx işləmək niyyətindəyik. Müdafiə Sənayesi Nazirliyi ilə bəzi işlərimiz olsa da, düşünürəm ki, biz Azərbaycandakı digər müştərilərimizlə edə biləcəyimizin heç bir hissəsini etmədik. Beləliklə, biz Azərbaycanla işbirliyimizin yenə mərhələsini açırıq və düşünürəm ki, gələcəkdə çoxlu xəbərlər alacaqsınız.

Azeri Defence: 2014-cü ildə “Paramount Azerbaijan Aerospace” şirkətini təsis  etdiniz. Bu şirkətin fəaliyyəti maraqlıdır.

A.Içikovitz: Düşünürəm ki, şirkət mümkün olan sifarişlərin azalmasının qurbanı oldu. Biz helikopterlərin modernləşdirilməsi proqramını uğurla tamamladıq. Azərbaycana helicopter modernizasiyanın yeni səviyyəsini təklif etmişik və Hərbi Hava Qüvvələri ilə müzakirələrimiz davam edir və layihənin maliyyələşdirilməsini gözləyirik. Aerokosmik sahədə də gələcəkdə çoxlu imkanların olduğunu düşünürəm.

Azeri Defence: Satdığınız və ya moderniz etdiyiniz məhsullarla bağlı Azərbaycandan hansı qiymətləndirməni aldınız?

A.İçikovitz: Müsbət fikirlər var. Bilirik ki, Azərbaycan Ordusu “Marauder” maşınlarını bəyənir və bu kontekstdə biz ordunu daha çox maşınla təchiz etməyə şad olardıq. Helikopter modernizasiyası da qeyd etdiyyim kimi uğurlu oldu və onlar döyüşlərdə uğurla istifadə edildi.

Biz “Paramount Group” olaraq Azərbaycana sadiqiq. Bizim bəzi maraqlı texnologiyalarımız var ki, Azərbaycanın üstünlüyünü təmin edəcək. Bu gün Azərbaycanla əməkdaşlığın yeni mərhələsinin başlamasını gözləyirəm. Daha vacib odur ki, biz ölkənin maliyyə çətinliklərli anlayırıq və Azərbayan Silahlı Qüvvələri üçün az xərc tələb edən, müasir həlləri təklif edirik. Biz hələ də Azərbaycanı regionlar üçün çıxış nöqtəsi kimi görmək istəyirik. Qazaxıstanda zavodumuzun olmasına baxmayaraq, Azərbaycanda sənaye müəssisələrimizi açmaq niyyətindəyik.