30/09/2017 15:39

Patruşev: Rusiya Azərbaycanla yeni təhdidlərin və bunlarla ikitərəfli qaydada mübarizənin yollarını müəyyənləşdirir

Azərbaycan prezidenti İlham Əliyev Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevi qəbul edib.

Bu barədə “AzeriDefence” Prezidentin saytına istinadən məlumat verib.

Dövlət başçısı Azərbaycan və Rusiya arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, təhlükəsizlik və digər sahələrdə uğurla inkişaf etdiyini bildirib, iqtisadi-ticarət əməkdaşlığının genişləndiyini, idxal-ixrac əməliyyatlarının yaxşı inkişaf dinamikasına malik olduğunu vurğulayıb. Təhlükəsizlik sahəsində Azərbaycan ilə Rusiya arasında ənənəvi sıx əməkdaşlığın mövcud olduğunu deyən Prezident İlham Əliyev qeyd edib ki, dünyada və regionda təhdidlərin artdığı bir dövrdə hər iki ölkənin yaxın təmasda olmasının önəmi artır və Nikolay Patruşevin Azərbaycana səfəri zamanı müzakirə edilən məsələlər bu baxımdan böyük əhəmiyyət daşıyır. Prezident İlham Əliyev ümidvar olduğunu bildirib ki, Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin səfəri səmərəli nəticələr verəcək və təhlükəsizlik sahəsində əməkdaşlığın daha da genişləndirilməsi işinə xidmət edəcək.

Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Rusiya prezidenti Vladimir Putinin salamlarını və ən xoş arzularını prezident İlham Əliyevə çatdırıb. N. Patruşev təhlükəsizlik sahəsində Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın uğurla inkişaf etdiyini vurğulayıb: “Biz sizinlə görüşdən çox məmnunuq, eləcə də Təhlükəsizlik Şurası xətti ilə əməkdaşlığımıza böyük önəm veririk və bu sahədə əlaqələr çox konstruktiv şəkildə inkişaf edir. Biz Azərbaycan tərəfi ilə dünyada meydana çıxan yeni təhdidlərin və bunlarla ikitərəfli qaydada mübarizənin yollarını müəyyənləşdiririk. Biz azərbaycanlı dostlarımıza çoxtərəfli səviyyədə keçirilən tədbirlərdə iştirakına görə minnətdarıq. Biz bunda maraqlıyıq”.

Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Dövlət başçısı Rusiya prezidenti Vladimir Putinin salamlarına və xoş arzularına görə minnətdarlığını bildirib, onun da salamlarını və xoş arzularını Rusiya prezidentinə çatdırmağı xahiş edib.