12/10/2017 19:04

Pentaqon nümayəndəsi: Azərbaycan əsgərləri Əfqanıstanda sabitliyin və təhlükəsizliyin təminatına töhfə verir

ABŞ terrorizmlə mübarizədə Azərbaycanı vacib tərəfdaş hesab edir

Azərbaycanın Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirakını yüksək qiymətləndiririk. Azərbaycan əsgərləri Əfqanıstanda sabitliyin və təhlükəsizliyin təminatına töhfə verir.

“AzeriDefence”nin məlumatına görə, bu sözləri ABŞ müdafiə nazirinin köməkçisinin müavini vəzifəsini icra edən xanım Laura Kuper jurnalistlərə açıqlamasında deyib.

L.Kuper bildirib ki, Azərbaycan və ABŞ əlaqələrinin möhkəmləndirilməsi yollarını müzakirə etmək üçün Azərbaycanda səfərdədir: “ABŞ terrorizmlə mübarizədə Azərbaycanı vacib tərəfdaş hesab edir”.

Səfər çərçivəsində Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi, Prezident Administrasiyası və Dövlət Sərhəd Xidmətində səmərəli görüşlər keçirdiyini qeyd edən L. Kuper bu görüşlərdə ABŞ-ın Əfqanıstanda və Cənubi Asiyada sülhməramlıların yerləşdirilməsinə dair tətbiq etdiyi yeni yanaşma ilə bağlı məsələlərin müzakirə olunduğunu bildirib.