18/10/2017 10:49

Peşəkar zabit hazırlığı ordu quruculuğunda mühüm amillərdəndir

“AzeriDefence”nin məlumatına görə, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin rəisi, general-mayor Füzuli Salahov “Azərbaycan Ordusu” qəzetinə müsahibə verib.

– Cənab general, müstəqil dövlətin atributlarından biri olan güclü və müasir tələblərə cavab verə biləcək Silahlı Qüvvələrin yaradılmasında hərbi təhsil sisteminin də müstəsna əhəmiyyəti var. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi Silahlı Qüvvələrimizi zabit kadrları ilə komplektləşdirən əsas xüsusi təyinatlı tədris müəssisəsidir. Onun fəaliyyəti ilə bağlı məlumat verməyinizi xahiş edirəm.

– Silahlı Qüvvələrin zabit kadrları ilə komplektləşdirilməsi ordunun malik olduğu gücün artırılması deməkdir. Savadlı zabitin tabeçiliyində xidmət edən əsgər də hərbi bilikləri mənimsəyir, bu və ya digər döyüş texnikasının, atıcı silahın istismar xüsusiyyətlərini mükəmməl öyrənir. Ali Baş Komandanın təsdiq etdiyi plana müvafiq keçirilən irimiqyaslı təlimlər təsdiqləyir ki, Azərbaycan Ordusu istənilən döyüş əmrini yerinə yetirməyə hazırdır. Ordunun döyüş hazırlığının artırılmasında Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin də xidmətləri var.

Kursantların mənimsədiyi nəzəri biliklər praktiki olaraq təlim mərkəzlərində həyata keçirilir. Hər bir ixtisas üzrə praktiki tapşırıqlar yerinə yetirilir ki, bunlar da nəzəriyyənin  təcrübə ilə tamamlanmasını təmin edir. Ümumiyyətlə, hər bir ixtisas cəbhə şəraitinə uyğun  praktiki vərdişlər hesabına möhkəmlənir.

Silahlanmaya daxil edilən yeni texnikalar, uçuş aparatları, mühəndis qurğuları, kəşfiyyat aparatları və s. kursantlara əhatəli öyrədilir. Gələcəyin zabitinə daha əhatəli hərbi biliklər aşılanır.

Fəxr edirik ki, məzunlarımız xarici dövlətlərdə də Azərbaycanı layiqincə təmsil edirlər.

Kursantların mənəvi-psixoloji hazırlığını yüksəltmək üçün müxtəlif mövzularda tədbirlər keçirilir. Bu tədbirlərin böyük əhəmiyyəti vardır. Son illərdə Kursant Elmi Cəmiyyətinin fəaliyyəti də genişlənib. Kursantlarımız respublika miqyaslı konfranslarda uğurla çıxış edirlər.

– Ordumuz aprel döyüşlərində böyük qələbə qazandı…

– Doğrudan da, bu döyüşlər ordumuzun gücünü, qüdrətini təsdiqlədi. Ermənistan da, onun havadarları da gördülər ki, Azərbaycan Ordusu torpaqlarını işğaldan azad etməyə qadirdir. Sülh danışıqları baş tutmasa, Ali Baş Komandanın əmri ilə ordumuz işğal olunmuş ərazilərimizi döyüşlə azad edəcək. Buna kifayət qədər gücümüz var. Azərbaycan əsgəri qələbə əzmindədir.

O döyüşlərdə qəhrəmanlıqla vuruşan, şəhid olan zabitlərin əksəriyyəti məktəbimizin məzunudur. Bu fakt da təsdiqləyir ki, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi yüksək hərbi biliyə və geniş dünyaduyumuna malik vətənpərvər zabitlər hazırlayır.

Son illər Silahlı Qüvvələrimizdə həyata keçirilən irimiqyaslı islahatlar məktəbimizin də fəaliyyətində aydınlığı ilə hiss olunur. Zabit kadrların hazırlığı prosesi yeni hərbi-elmi biliklərin uğurlu tətbiqi ilə aparılır.

Məktəbimizdə hərbi vətənpərvərlik tədbirləri müntəzəm keçirilir ki, bunlar da kursantların mənəvi-psixoloji hazırlığında müstəsna əhəmiyyətə malikdir. Vətənpərvər kursant vətənpərvər zabit deməkdir. Vətənpərvər zabitin tabeçiliyində xidmət edən əsgər də, təbii ki, vətənpərvər olacaq. Aprel döyüşlərində şəhid olan məzunlarımızdan biri – polkovnik-leytenant Sənan Axundovun bu günlərdə anım tədbiri keçirildi. Ailə üzvləri də, dostları da dəvət olundular. Belə tədbirlər mütəmadi olaraq keçirilir. Silahlı Qüvvələrimizin 100 illik yubileyi ərəfəsindəyik. Silsilə tədbirlərimiz olacaq. Hər tədbir ayrılıqda da, vəhdətdə də ordu quruculuğunun inkişafına xidmət edəcək.

Kursantlarımız həm də yüksək fiziki hazırlığa malikdirlər. Son illər bu istiqamətdə də maddi-texniki baza xeyli genişlənib, hərtərəfli imkanlara malik olan idman meydançaları, komplekslər  yaradılıb.

Yeri gəlmişkən, bu il Bakıda hərbi yönümlü iki beynəlxalq tədbir keçirildi: “TurAz Qartalı-2017” və “Dəniz Kuboku-2017”. Hər iki tədbirdə Azərbaycanı təmsil edən zabit heyəti məktəbimizin məzunları idi. Göründüyü kimi, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi respublikamızı beynəlxalq tədbirlərdə uğurla təmsil edir. Qürurlanırıq. İnanırıq ki, belə tədbirlərin miqyası genişlənəcək və məzunlarımız vaxtilə hərbi təhsil aldıqları məktəbin şöhrətini daha da artıracaqlar.

– Cənab general, rəhbərlik etdiyiniz xüsusi təyinatlı təhsil müəssisəsi Sovetlər dönəmində də kifayət qədər nüfuza malik olub.

– Elədir. Burada SSRİ-nin və dünyanın 40-dan çox dövlətinin vətəndaşı hərbi təhsil alıb. Bu fakt təsdiqləyir ki, məktəbdə zabit kadrları hazırlığını SSRİ rəhbərliyi də təqdir edib, bura kursant göndərən dövlətlər də. İstər o illərdə, istərsə də indi bu nüfuz kifayət qədər yüksək olub. Yeri gəlmişkən, zamanında bu məktəbdə Vyetnam Sosialist Respublikasının vətəndaşları da hərbi təhsil alıblar. Aradan illər keçsə də, məktəbimizin məzunu olanlar Azərbaycanı unutmurlar. Bu məzunlar zamanında Azərbaycanı seviblər, azərbaycanlıları seviblər, onlar Azərbaycanı tanıyıblar, Azərbaycanın tarixinə, mədəniyyətinə, mentalitetinə bələd olublar. Bu ünsiyyət illər keçsə də, yaşayıb, yaşadılıb. Məzunlarımızın əksəriyyəti Bakıya ailə üzvləri ilə gəlirlər, sevdikləri Azərbaycanı onlara da tanıdırlar.

Vyetnam Sosialist Respublikasının hərbi dəniz qüvvələri üzrə hərbi kadrlarının böyük əksəriyyəti bu məktəbin məzunudur. Bu gün onların əksəriyyəti kontr-admiral və admiral rütbəsindədir. Həmin ölkənin Hərbi Dəniz Qüvvələrinin Komandanı da bu hərbi məktəbi bitirib.

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi bu günlərdə Vyetnam Sosialist Respublikası tərəfindən hərbi təhsil sistemində əməkdaşlığa görə  təltif olunub. Biri Vyetnam Sosialist Respublikasının sədrinin, digəri Vyetnam Müdafiə nazirinin adındandır. Sevindiricidir, qürurvericidir.

– Məzunlarınızla əlaqələriniz varmı?

– Son 3-4 ildir ki, məktəbimizi bitirən ehtiyatda olan və ali rütbəli zabitlərlə mütəmadi görüşlər keçirilir. Belə görüşlər həm də xalqlar arasında qarşılıqlı etimadın dərinləşməsini təmin edir. Görüşlərdə məzunlarımız səmimiliklə bildirirlər ki, Azərbaycan bəşəri dövlətdir.

– Azərbaycanla ikitərəfli hərbi əməkdaşlıq edən dövlətlərlə əlaqələriniz hansı səviyyədədir?

Qarşılıqlı əlaqələr, əsasən Türkiyə Respublikası ilə daha genişdir. Məktəbimiz qardaş ölkənin hərbi məktəbləri ilə müntəzəm əlaqə saxlayır.

Dünyanın nüfuzlu dövlətlərinin hərbi təhsil sistemi ilə maraqlanırıq. Qabaqcıl təcrübədən bəhrələnmək, digər sahələrdə olduğu kimi, ordu quruculuğunda da öz səmərəsini verir. Lakin bəhrələnmə vizual xarakter daşıyır. Azərbaycanın özünəməxsus təhsil sistemi var və bu, özünü kifayət qədər doğruldur.

– Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin BMT Baş Assambleyasının 72-ci sessiyasında çıxışı Silahlı Qüvvələrimizin şəxsi heyətinin qələbə əzmini daha da artırdı…

– Ölkə başçımızın bu çıxışı birmənalı şəkildə torpaqlarımızın işğaldan azad ediləcəyinə inamdır. Bu inam hər bir hərbi qulluqçunun, deməli, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin zabitlərinin, kursantlarının da xidmət amalıdır. Biz də Ali Baş Komandanın, Müdafiə Nazirliyi rəhbərliyinin hər bir əmrini yerinə yetirməyə hazırıq.

– Cənab general, müsahibəyə görə çox sağ olun.