23/09/2018 10:38

Polkovnik Anar KƏRİMOV: Mühəndis-istehkamçıların peşəkarlığının daha da artırılmasını qarşımıza məqsəd qoymuşuq

Mühəndis Qoşunları müasir texnika vasitələri ilə tam şəkildə təmin olunub

Son illər Azərbaycan Ordusunda aparılan kompleks yenilənmə işləri özünü ayrı-ayrı qoşun növlərində də göstərir. Yeni silah və texnikaların əldə edilməsi, şəxsi heyətin peşəkarlaşması, qoşunların döyüş qabiliyyətinin yüksəldilməsi müşahidə olunur. Müdafiə Nazirliyinin Mühəndis Qoşunları İdarəsinin rəisi, polkovnik Anar KƏRIMOV AZERI DEFENCE jurnalına müsahibəsində Mühəndis Qoşunlarının döyüş hazırlığı, tədris və təlim sahəsində görülən işlərdən danışıb.

Cənab polkovnik, son 5 ildə Mühəndis Qoşunlarının təminat və təchizatının modern texnologiyalar hesabına yenilənməsi müşahidə olunur. Bu çərçivədə görülən işlər barədə məlumat verməyinizi istərdik.

-Mühəndis Qoşunları son 4-5 ildə baza olaraq tamamilə yenilənib. Yeni döyüş texnikaları və xidmətin təşkilində zəruri olan müasir avadanlıqlarla təchiz edilib. Mübaliğəsiz deyə bilərəm ki, Mühəndis Qoşunlarının bölmələri bu gün ən müasir mühəndis texnikaları, o cümlədən, bir çox ordularda olmayan texnikalarla, həmçinin gərəkli olan bütün mühəndis silahlandırma vasitələri ilə tam şəkildə təmin olunub. Yeni texnikaların və xüsusi vasitələrin silahlanmaya qəbulu, onların daha yaxşı mənimsənilməsi məqsədi ilə davamlı olaraq qoşunlarda təlimlər keçirilir. Eyni zamanda ümumqoşun təlimlərində bu avadanlıqlardan istifadə olunur. Mühəndis Qoşunlarının tərkibi genişləndirilir, bütün birliklərdə qoşunların yeni bazaları, yeni hərbi şəhərcikləri açılır.

Mühəndis-İstehkam Qoşunlarının istifadəsində yer alan İMR-3M mühəndis maşınları və MTU-90 tank körpüsalanları təlimdə

Son illərdə yeni alınan və silahlanmaya qəbul edilən texnikalarımız var ki, bunlar qarşıya qoyulan vəzifələrin qısa zamanda və keyfiyyətli icra edilməsində mühüm rola malikdir. Keçirilən təlimlər zamanı PP-91 ponton körpüləri, MTU-90 tank körpüquranları, İMR-3M mühəndis-istehkam maşınını, üzən transportyorları, zirehli buldozerləri, minalı sahələrdən keçidaçma və ərazidə mina maneələri qurma sistemlərini, yeni mina detektorlarını və s. nümunə göstərə bilərik.

Cənab Nazir, general-polkovnik Zakir Həsənovun müvafiq əmrlərinə, Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkovun müvafiq əmr və sərəncamlarına əsasən, qoşunların döyüş hazırlığı yüksək səviyyədə təşkil olunub. İstər tədris müəssisələrində, istər mühəndis-istehkam bölmələrində biz tədris müəssisələrimizin təcrübəli hərbi qulluqçuları ilə sıx əlaqədə çalışırıq. Gənc zabitlərimizin hazırlanmasında bizim bölmələr yaxından iştirak edir, tədris müəssisələrimiz bazamızda öz tədris planlarına əsasən, dərslərin, məşğələlərin keçirilməsini təşkil edirlər. Bu da nəticədə yaxşı hazırlanmış gənc kadrların sayının artması deməkdir.

Cənab polkovnik, müharibələri Mühəndis Qoşunlarının iştirakı olmadan təsəvvür etmək mümkün deyil. Hücum edən qüvvələr üçün düşmənin maneələr zolağından keçid yollarının açılması, müdafiədə olan qüvvələrin mühəndis təminatı qoşunların üzərinə düşür. Başqa sözlə ifadə etsək, mühəndis-istehkamçılar döyüş zonasına hamıdan əvvəl daxil olub, hamıdan sonra ərazini tərk edirlər. 2016-cı ilin aprel döyüşlərində qoşunların rolundan və bu döyüşlərdə qazandığı praktik təcrübə barədə nələri söyləyə bilərsiniz?

-Aprel döyüşləri zamanı Mühəndis Qoşunları qarşıya qoyulan tapşırıqları ən yüksək səviyyədə icra etdi. Zabit, gizir və əsgərlərimiz heç bir yanlışlığa yol vermədən bütün tapşırıqları yerin yetirdilər. Eyni zamanda aprel döyüşləri zamanı düşmənin mühəndis maneələrinin, (partlayan və partlamayan) mövcudluğu, varlığı, tətbiq edilən üsulları öyrənilərək, poliqonlarda onun bənzəri yaradılıb. Şəxsi heyət həmin maneələrin dəf edilməsini, o maneələrə qarşı hansı üsullardan daha səmərəli şəkildə istifadə ediləcəksə, onu tətbiq edir və öyrənir.

Aprel döyüşlərində Mühəndis Qoşunları ilə yanaşı iştirak edən bütün qoşun növlərinin rolu və vəzifəsi mühüm əhəmiyyət kəsb edib. Mühəndis Qoşunları əməliyyatın başlanğıcından, yəni keçidlərin açılması, düşmən səngərlərinə irəliləmə, mina sahələrinin yarılması, hədəfdə tərtiblənmə, azad olunmuş ərazilərin yenidən mühəndis cəhətdən hazırlanması işlərini həyata keçirib. Qeyd etdiyimiz kimi, bunların hər biri qoşunların birbaşa tapşırıqları olduğundan, əməliyyatın başlanğıcından sonunadək davam edən müddət ərzində Mühəndis Qoşunları öz fəaliyyətlərini icra ediblər.

Aprel döyüşlərindən əvvəl Ermənistan tərəfi cəbhənin şimalında – Talış kəndi istiqamətini möhkəmləndirilmiş müdafiə rayonu elan etmişdi. Erməni ordu rəsmiləri az qala həmin istiqamətdə “Ohanyan xətti” adlandırdıqları mövqelərinin keçilməzliyindən danışırdılar. Azərbaycan Ordusu az qüvvə ilə o müdafiə zolağını yardı. Siz orada nə gördünüz?

-O düşmənin məqsədyönlü şəkildə apardığı siyasət idi. Xəndəkləri, məftil maneələri “Majino xətti” kimi təqdim edirdilər. Biz Aprel döyüşlərində bir daha orada nəyin olduğuna şahid olduq. Maneələr necə vəziyyətdə, hansı səviyyədə idi. Mən bu barədə başqa bir şey demək istəmirəm. Sadəcə olaraq, bizim bölmələrimizin kiçik bir addımı düşməni artıq neçə vaxtdır ki, şok vəziyyətinə saldığını söyləmək kifayətdir. Yəni qısa bir müddətdə müəyyən istiqamətlərdə bir hücum fəaliyyətini yerinə yetirməklə hər kəs gördü ki, onların nəyi var və nələrə qadirdir.

Aprel döyüşlərində istifadəmizdə olan bəzi xüsusi vasitələrdən və yeni texnikalardan istifadə olundu. Ancaq elə silah və texnikalar vardı ki, onlardan istifadə olunmadı.

Bu yaxınlarda Naxçıvan Muxtar Respublikası istiqamətində Günnüt kəndi ərazisinin işğaldan azad olunması ilə əlaqədar həyata keçirilən əməliyyatlar zamanı Mühəndis Qoşunları da xidməti vəzifə borclarını layiqincə yerinə yetirmişlər. Yolların çəkilməsi, səngərlərin hazırlanması, işğaldan azad olunmuş torpaqlarımızda bölmələrin tərtiblənməsi üçün ərazilərin mühəndis cəhətdən hazırlanmasında mühəndis bölmələri ümumqoşun bölmələri ilə sıx əlaqəli şəkildə fəaliyyətlərini davam etdirirlər.

Mən bir məsələni də xüsusilə vurğulamaq istərdim. Düşməni heçə saymaq olmaz. Hər halda onlar da baş vermiş hadisələri düzgün qiymətləndirib özləri üçün lazımi nəticələr çıxarıb, müəyyən tədbirlər icra edəcəklər. Ancaq bizim əsas tapşırığımız döyüşə hazır olmaqdır. Növbəti dəfə torpaqlarımızın işğaldan azad olunması istiqamətində döyüşlər başlayanda, artıq qarşımızda düşmənin daha təkmilləşmiş mühəndis maneələri sisteminin olacağını gözləyirik. Bu baxımdan, bölmələrimiz tərəfindən daim mühəndis kəşfiyyatı aparılır və bu məqsədlə də onların  hazırlığı daha da təkmilləşdirilir. Aprel döyüşlərindən, eləcə də dünyada baş verən silahlı münaqişələrdən əldə edilən təcrübələrdən yararlanaraq şəxsi heyətin peşəkarlığının daha da artırılmasını qarşımıza məqsəd qoymuşuq.

Müasir müharibələrdə mühəndis-istehkamçıların qarşısına yeni təhdidlərlə mübarizə də çıxır. Bunlardan birincisi düşmənin qüvvələrinin gizləndiyi, istifadə etdiyi tunel və mağaraların zərərsizləşdirilməsi, digəri isə düşmənin yol kənarlarında, yaşayış məntəqələrinin daxilində əldəqayırma partlayıcı vasitələrdən istifadə etməsidir. Hazırda dünyanın aparıcı orduları bu mürəkkəb əməliyyatlara hazırlığı diqqətdə saxlayır. İşğal altında olan ərazilərdə ermənilərin hələ 90-cı illərdə tunellərdən istifadə eləməsi faktları mövcuddur. Sizin rəhbərlik etdiyiniz qoşunların hazırlığında bu mövzulara diqqət yetirilirmi?

-Təlimlərdə daima ərazinin relyefinə uyğun olaraq taktiki qruplar tapşırıqlar icra edir. Mühəndis Qoşunlarının da bölmələri həmin o taktiki qrupların tərkibində lazım olan işləri yerinə yetirir. Fərq etməz, bu istər tunel əməliyyatı olsun, yaxud da möhkəmlədirilmiş rayon və ya mağaralar. Buna qarşı fəaliyyətlərin tədrisi təşkil olunur.

Digər tərəfdən, tunellərlə mübarizə tək mühəndis qoşunları ilə bağlı məsələ deyil. Burada həmçinin aviasiya və artilleriya  zərbələrindən də istifadə oluna bilər. Mühəndis Qoşunlarının vəzifələri həmin tunellərdə olan maneələrin, əngəllərin təmizlənməsi, bölmələrin onu ələ keçirməsi üçün müəyyən fəaliyyətlərin yerinə yetirilməsidir. Bizim mütəxəssislər Türkiyə Silahlı Qüvvələrinin təcrübəsindən də istifadə edir. Biz bu sahədə dünyada baş verən prosesləri və meydana çıxan texnologiyaları da yaxından izləyir və öyrənirik.

İmprovizə edilmiş partlayıcılara gəlincə, artıq bu problem 20 ilə yaxındır dünyada terrorçu qruplaşmalar tərəfindən istifadə olunur. Əfqanıstan, İraq, Suriya, Türkiyə və digər ölkələrdə də bu cür partlayıcılardan istifadə hallarına rast gəlinir. Təbii ki, bizim də qoşunların hazırlığında bu mövzu diqqətdə saxlanılır. Bu tip partlayıcıları zərərsizləşdirmək üçün zəruri avadanlıqlar, qoruyucu geyimlər alınıb, heyətlər hazırlanıb.

Cənab polkovnik, qoşunların silahlanmasındakı xüsusi vasitələrlə tanışlıq zamanı diqqətimizi Almaniyanın “Vallon” şirkətinin istehsalı olan detektorlar və Müdafiə Sənayesi Nazirliyimizin istehsalı olan İMA-07 mina detektorları çəkdi. Səhv etmiriksə “Vallon” detektorları istifadəyə yeni qəbul edilib.

-“Vallon” dünya markalarından biridir. Bu gün Azərbaycan Ordusu, eləcə də, dünyanın bir çox ölkəsinin orduları bu cihazdan istifadə edir. “Vallon” detektorları yüksək həssaslığa və uzunmüddətli iş qabiliyyətinə malikdir. Azərbaycanda minatəmizləmə əməliyyatlarında (ANAMA tərəfindən – red.) sınaqdan keçirilib və özünü bu bölgədə istifadə edilən minaları dəqiqliklə aşkarlama baxımından doğruldub.

Mühəndis-İstehkam Qoşunlarının şəxsi heyəti Azərbaycan istehsalı olan İMA-07 mina detektoru ilə təlim zamanı

Yerli istehsal İMA-07 detektoruna gəlincə, bu cihaz parametrlərinə görə, xarici analoqlarından heç də geri qalmır. İMA-07 uzun illərdir tərəfimizdən istifadə olunur. Mütəxəssislərimizin tövsiyyə və təklifləri əsasında bu detektorların təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilir.

Mühəndis Qoşunlarının kadr təminatı necə həyata keçirilir?

– Mühəndis Qoşunlarında xidmət etmək istəyən və xidmət edən zabitlərimiz Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alırlar. Mühəndis Qoşunları kənardan çox ağır görünsə də, xidməti ağır olsa da, şərəfli bir qoşun növüdür. Bizim mərkəzi bazamızda və digər hərbi hissələrimizdə çox geniş maddi tədris bazamız var. Ehtiyac olan bütün tədris vəsaitləri alınıb. Mütəmadi keçirilən təlimlərdə texnikalarımızı, istifadəmizdə olan xüsusi vasitələri tətbiq edirik. Mühəndis qoşunların rəisi olaraq, tam məsuliyyətimlə bildirirəm ki, bu gün mühəndis-istehkam qoşunların döyüş qabiliyyətinin təşkili və aparılmasında heç bir problem yoxdur. Əminliklə deyə bilərəm ki, qulluq edən hərbi qulluqçularımızın hamısı torpaqlarımızın işğaldan azad edilməsi əmrinə və öz tapşırıqlarını ən yüksək səviyyədə yerinə yetirməyə hazırdırlar.

Cənab polkovnik, müsahibəmizin sonunda əlavə etmək istədiyiniz fikirlər varmı?

-Təşəkkür edirəm.