24/09/2019 10:58

Polkovnik-leytenant: Artilleriya vasitələrimizin önəmli hissəsi yüksək dəqiqliyə malik qərb silahlarıdır

Ermənistan 2016-cı ilin aprel döyüşlərindən sonra qoşunların raket və artilleriya vasitələri ilə təchizatının gücləndirilməsi məqsədi ilə Rusiya və digər ölkələrdən satınalmalar həyata keçirməyə başlayıb. Bu yeni satınalmalar çərçivəsində ötən 3 il ərzində rəsmi İrəvan “Smerç” yaylım atəşli reaktiv sistemlər, BM-21 “Qrad” yaylım atəşli sistemlərin modernizə edilmiş versiyaları, TOS-1A “Solntsepyok” ağır odatanları, “Sani” minaatanları əldə edib. Son olaraq, cari ilin iyun ayında Moskvada keçirilmiş “Army-2019” Beynəlxalq Hərbi-Texniki Forum çərçivəsində tərəflər arasında “Tayfun VDV” nəqliyyat vasitəsi üzərində yerləşdirilmiş 82 mm-lik 2S41 “Drok” özüyeriyən minaatanların alınmasına dair razılaşma əldə olunub.

Ermənistan paralel olaraq Hindistanla “Pinaka” yaylım atəşli reaktiv sistemlərin alqı-satqısına dair görüşmələr apardığını açıqlayıb. Ermənistan ordu rəsmiləri son iki ildə qoşunların silahlanmasında mövcud olan artilleriya sistemlərinin bəzilərinin üzərində müasirləşdirmə işlərinin aparıldığını qeyd edirlər.

Bəs reallıqda Ermənistan Ordusunun raket-artilleriya qoşunlarının vəziyyəti necədir? Düşmən artilleriyası özlərinin bəyan etdiyi qədər güclüdürmü? Bununla bağlı fikirlərini öyrəndiyimiz artilleriya zabiti, ehtiyatda olan polkovnik-leytenant Eldəniz Hüseynov bildirib ki, Azərbaycan Ordusunun istismarında olan artilleriya silahları daha müasir və yüksək dəqiqliyə malikdir. Azərbaycan Ordusunun raket-artilleriya vasitələrinin önəmli hissəsini yüksək dəqiqliyə malik qərb silahları təşkil etdiyi halda, Ermənistan silahlı qüvvələri isə daha çox Sovet istehsalı olan artilleriya qurğularından istifadə edir: “Həmin silahların dözümlülüyü möhkəm, istismarı rahatdır. Lakin hədəfi dəqiq vurmaq imkanları aşağıdır. Hədəfi yüksək dəqiqliklə vura bilən silah sistemlərindən danışanda ermənilər deyirlər ki, “İsgəndər-E” operativ-taktiki raket kompleksləri (OTRK) var. Amma bilinmir ki, həmin kompleks erməninindir, yoxsa onların deyil. “İsgəndər”in bir sıra üstünlükləri var. Amma 400 km məsafəyə “İsgəndər”i atmaq, atmosfer qatından çıxdıqdan sonra raketin trayektoriyasını izləmək üçün ermənilərin peykləri yoxdur. Ümumiyyətlə ermənilərin dəqiq silahları idarə edəcək kompleksləri mövcud deyil. “İsgəndər” OTRK-ni hansısa rayona atmaq istəsələr belə 10 km yayınma ilə ata bilərlər”.

E.Hüseynov bildirib ki, Ermənistan Silahlı Qüvvələrinin Sovetdən qalma köhnəlmiş “Scud-B” və “Toçka-U” operativ-taktiki raket kompleksləri də mövcuddur. Artilleriyaçıların “kerosinka” adlandırdıqları “Scud” və “Toçka-U” 40-50 il bundan əvvəlin silahı olduğu üçün yanacaq sistemləri sıradan çıxıb. Buna görə, sözügedən sistemlərdən buraxılan raketlərinin hədəfə çatması mümkün deyil.

Polkovnik-leytenant Eldəniz Hüseynov

“Ermənistan Ordusunun operativ-taktik raket komplekslərinin start mövqeləri bizə bəllidir və hər zaman nəzarətdə saxlanılır. Ermənilərin operativ-taktiki raket komplekslərinin start mövqelərini dəqiqliklə vura bilən raketlərimiz var”, – deyə E.Hüseynov vurğulayıb.

Azərbaycan Raket-Artilleriya Qoşunlarının son illər sahib olduğu uzaq mənzilli, yüksək dəqiqlikli raketlər barədə danışan polkovnik-leytenantın sözlərinə görə, silahlanmada yer alan “Lynx EXTRA” kompleksi 150 km məsafədən 1 metr sapma ilə düşmənin hədəfini vura bilir: “EXTRA uzun müddətdir Azərbaycan Ordusunun istismarında olduğundan şəxsi heyət tərəfindən tam olaraq mənimsənilib. EXTRA raketinin partlayış qüvvəsi çox böyükdür. Döyüş başlığı 120 kq təşkil edir. Bundan başqa, silahlanmamızda yer alan “Polonez” uzaq mənzilli yaylım atəşli reaktiv sistemləri “İsgəndər”ə yaxın bir silahdır. Həm də müdafiə baxımından daha müasir silahdır. Əlimizdə olan vasitələrlə biz onu idarə edə bilərik. Azərbaycan Ordusu ötən il LORA uzun mənzilli operativ-taktiki raket komplekslərini aldı. Yüksək dəqiqliyə malik LORA raketi 570 kq ağırlığında yüksək partlayış gücünə malik döyüş başlığına sahibdir. Bununla Ermənistanın ərazisində istənilən obyekti yüksək dəqiqliklə vurmaq mümkündür. Eləcə də Ordumuz yüksək dəqiqliyə malik idarə olunan raketlərlə atəş açan TRG-300 “Qasırğa” yaylım atəşli reaktiv sistemlərinə sahibdir”.

Ermənistan Ordusunun raket-artilleriya qüvvələrinin imkanlarını şərh edən E.Hüseynov bildirib ki, düşmənin işğal olunmuş ərazilərimizdə yerləşən motatıcı alaylarının silahlanmasında 12, 16 və 18 ədəd olmaqla yedəkdə daşınan D-30 haubitsaları, həmçinin hər alayın 120 mm-lik dörd minaatan batareyası, əlavə olaraq 82 mm-lik minaatanların 6 batareyası var. Taborların hər bölüyünə 3 ədəd 60 mm çaplı minaatan verilib.

Qarabağda motoatıcı alayların artilleriyasından əlavə 41-ci və 42-ci artilleriya alayları və 51-ci artilleriya briqadası yerləşir. Bu alayların tərkibinə beş divizion daxildir. Alayların hər birinin tərkibində 12 ədəd 152 mm-lik yedəkdə daşınan D-20 haubitsa olan üç D-20 divizionu, bir BM-21 “Qrad” yaylım atəşli reaktiv sistem (YARS) divizionu, həmçinin bir MT-12, “Faqot” və ya digər yeni alınmış tank əleyhinə raket komplekslərindən ibarət bir tank əleyhinə diviziondan ibarətdir.

Dağlıq Qarabağdakı 51-ci artilleriya briqadasının tərkibinə bir WM-80 YARS divizionu, bir “Akasiya” və “Qvozdika” divizionu, iki D-20 divizionu və “Giasint-B” batareyası daxildir. Bundan başqa, Ermənistan Respublikasının ərazisindəki 5 ordu korpusunun hər birinin tabeliyində müxtəlif artilleriya vasitələri ilə silahlandırılmış batareyalar mövcuddur.

Eldəniz Hüseynov qeyd edib ki, aprel döyüşlərində ilk saatlardan ermənilərin artilleriyası faktik olaraq şok vəziyyətinə düşüb: “Ermənilərin artilleriya rəisinin xəritəsi bizim qüvvələrin əlinə keçmişdir. Xəritədə özlərinin ön xətt boyu olan vacib postları, məntəqələri və müəyyən yüksəkliklər işarələnmişdi. Əvvəlcədən planlamışdılar ki, biz hücum eləsək onların ön xəttində dayanacağıq. Bu zaman onlar həmin mövqeləri vuracaqlar. Bizim qüvvələr Seysulanda ön xəttə dayandıqda erməni artilleriyaçıları əvvəlcədən planlaşdırdıqları kimi həmin yerlərə atəş açdılar. Talış istiqamətində isə bir baş leytenantımızdan başqa Ermənistan artilleriyasından kimsə həlak olmadı. Ermənilərin pilotsuz uçuş aparatları mövcud olsa da kortəbii şəkildə atış edirdilər. Piyadalar və tanklarımız hücumda irəliləyərkən erməni artilleriyası hava partlayışları ilə atışlar həyata keçirirdi. Lakin partlayışlar düzgün həyata keçirilmədiyindən qəlpələr ziyanlıq vurmadan daş və ya torpaq formasında yerə tökülürdü. Hərəkətimizin sürətini tuta bilmirdilər. Bəzi mərmilər isə bizim qüvvələr keçəndən sonra arxada partlayırdı. Qeyri-mütəşəkkil şəkildə atışlar edirdilər. Bu da onların artilleriyasının çox geridə qalmasından xəbər verir. Hazırlıqla bağlı onu deyə bilərəm ki, Ermənistan Ordusunun raket-artilleriya bölmələrinin şəxsi heyətinin bilik və peşəkarlıq səviyyəsi aşağıdır”.