01/12/2016 14:29

Polkovnik Xətai Baxışov: İlk zərbəni endirməklə düşməni darmadağın etməliyik

xbaxisov

Hərbi ekspert, ehtiyatda olan polkovnik Xətai Baxışovun “AzeriDefence”yə müsahibəsi

-Xətai müəllim, son 5 ay içində Azərbaycan Silahlı Qüvvələrinin iki böyük miqyasılı təlimi keçirildi. Aprel döyüşlərindən sonra 60-70 min hərbi qulluqçunun iştirakı ilə keçirilən bu təlimlər barədə sizin də müşahidələriniz və fikirləriniz maraqlı olardı.

-Əvvəla onu qeyd etmək istəyirəm ki, əvvəllər ən iri təlimlər korpus səviyyəsində həyata keçirilirdi. Son təlimlər Silahlı Qüvvələrin tarixində ən iri miqyaslısıdır. Çünki bu dəfə bütün qoşun növləri təlimlərdə iştirak etdi. Əvvəllər isə müharibə şəraitində olmağımıza baxmayaraq, bu şəkildə təlimlər keçirilmirdi. Təlimlərin bu miqyasda həyata keçirilməsi ordunun döyüş qabiliyyətini artırmaqla yanaşı, çevik reaksiya qabiliyyətinin formalaşmasına, təhlükə yarandığı zaman qısa müddətdə səfərbər oluna bilməsinə hesablanıb. Bu və bundan əvvəlki təlimlərdə işlənilən tapşırıqlar da prinsipcə əvvəlkilərdən fərqlənirdi. Xüsusilə də aprel döyüşlərində qarşılaşılan bəzi məsələlərin təlim tapşırıqlarında nəzərə alındığı görünür. Bunlara hərbi hissələrin müəyyən edilmiş rayona nəqli, mühəndis-istehkam bölmələri ilə bağlı məsələlər, təchizat və s. göstərmək olar. Hesab edirəm ki, Silahlı Qüvvələrin son təlimində qoşunlar üzərilərinə qoyulan tapşırıqları tam yerinə yetiriblər.

Qeyd etmək istədiyim vacib məqamlardan biri məsələnin psixoloji tərəfidir. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təlim başlayan gün cəbhənin Füzuli istiqamətinə getməsi, bu ilin aprel ayında işaldan azad edilən Lələtəpədə olması, burada döyüşcülərlə xüsusi görüşməsi qeyd etdiyim məsələnin ən əsas məqamıdır. Bundan başqa sonuncu təlimlərdə yeni silah və texnikalar sınaqdan keçirildi və bu sınaqlar uğurlu alındı.

– Təlimlərin cəbhə xəttinə yaxın ərazilərdəki poliqonlarda keçirilməsini necə dəyərləndirmək olar?

– Bu həm texniki baxımdan, həm də qoşunların təyinatı ilə bağlı verilən düzgün qərar idi. Bundan başqa məsələnin psixoloji tərəfi də var.

– Azərbaycan Ordusunun təlimi ərəfəsində Ermənistan hərbi birləşmələri də işğal olunmuş ərazilərimizdə təlimlərə başladılar. Buna hansı aspektdən baxmaq olar?

–  Bəzi erməni ekspertləri bizim təlimləri buna cavab olaraq şərh edirlər. Əslində belə deyil. İrimiqyaslı, bütün qoşun birləşmələrinin iştirakı ilə keçirilən təlimlər əvvəlcədən təsdiq edilmiş plana uyğun aparılır. Hər bir təlimin keçirilməsi böyük maliyyə tələb edir, bu məsələlər büdcəyə salınır. Onlar təlim keçdi, sabah mən də başlayım, bu gülüncdür. Ermənilər ağıllarına gələni danışırlar. Son təlimlər bizim ermənilərə ismarıcımızdır. Ali Baş Komandan problemin sülh yolu ilə həll olunmaq imkanlarının azaldığını görür və ordunu tam olaraq müharibəyə hazırlayır.

– Cənab polkovnik, aprel ayında cəbhədə yaşanan gərginlikdən sonra, may ayından başlayaraq atəşkəsin pozulması hallarında ciddi azalma müşahidə olunurdu. Son vaxtlar isə bu proses yenidən yüksələn xəttə keçib. Bunun səbəbləri nədir?

– Məncə Ermənistan prezidenti Serj Sarkisyan verdiyi sözü yerinə yetirə bilmədiyi və daxili qınaqdan qorxduğu üçün yenə danışıqlardan yayınmaq istəyir. Bunun üçün erməni tərəfi cəbhədə yenidən gərginlik yaratmağa, öz ictimaiyyətinin fikrini bura yönəldib vaxt qazanmağa çalışır. Gördüyüm, hiss etdiyim qədər ermənilər də müharibəyə hazırlaşırlar. Bu faktdır. Xüsusən də erməni müharibə veteranları bu prosesdə ictimai rəyi hazırlayan fikirlər səsləndirirlər. Biz isə hər an hazır olmalı, bütün mümkün vasitələrlə onların fəaliyyətini nəzarətdə saxlamalı və ilk zərbəni endirməklə onları darmadağın etməliyik.

– Belə çıxır ki, ermənilər cəbhədə təxribatlara davam edəcəklər. Bu dəfə onların hansı istiqamətdə təxribatlar edəcəyini ehtimal edirsiniz?

– Onların əsas təxribatı Gəncə istiqamətində ola bilər. Həmin istiqamətə raket-artilleriya zərbəsi endirməklə mülki əhali arasında panika yarada bilərlər. Bu Sərkisyanın son açıqlamalarından da hiss olunur. Tarix boyu gördüyümüz budur ki, ermənilər öz maraqlarına nail olmaq üçün terror, mülki əhalinin soyqırımı daxil hər cür addımı atmağa gedirlər. Müharibədə əsas vacib məqam xalqın təşvişə düşməsinin qarşısını almaqdır. Bunun üçün də ordumuz onların irimiqyaslı atəş zərbələri endirməsinə imkan verməməlidir.

O ki qaldı, apreldə itirilmiş mövqelərə hücuma, düşünürəm ki, onlar həmin mövqeləri geri ala bilməzlər. Həmin istiqamətlərdə müdafiə xəttimiz möhkəm qurulub. Ötən aylarda düşmənin qeyd olunan istiqamətlərdə bir ençə təxribat cəhdii anında aşkarlanaraq qarşısı alınıb.

– Ermənilər hərbi paradda bir sıra silahlarını nümayiş etdirdilər. Xüsusən də “İsgəndər” operativ-taktik raket kompleksini təqdim etdilər. Sonradan məlum oldu ki, bu Ermənistan-Rusiya Birləşmiş komandanlığın qoşun birləşməsinin sırasına daxil olur və birmənalı olaraq Rusiyanındır. Bu silahdan Qarabağda istifadəsi mümkündürmü?

– Prinsipcə hər şey mümkündür. Amma buna heç kim getməz. Bu riskdir. İndi ermənilərin özləri etiraf etməyə başlayıblar ki, onlara “İsgəndər”ə baxmağa icazə vermirlər. O ki qaldı düyməsini basmağa…Bu silah birmənalı olaraq Rusiya Ordusunun Ermənistandakı bazasına daxildir. Rusiyanın həmin silahı Qarabağda bizə qarşı işlətməsinə inanmıram. “İsgəndər”lərə qarşı Azərbaycanın da hava hücumundan müdafiə sistemləri mövcuddur. Bilirsiniz, Sovet texnologiyasından fərqli olaraq, Rusiyanın hərbi sənayesi söyləndiyi kimi güclü deyil. Biz bunu öz müşahidələrimizdə görürük.

– Rusiya-Ermənistan birləşmiş qoşunlarının yaradılması bizim imkanlarımızı nə dərəcədə məhdudlaşdırır?

–  Düşünürəm ki, bu lazım gəldikdə Ermənistan istiqamətində hərbi əməliyyatlar aparmağımıza maneə yaradacaq. Xüsusən də Naxçıvan və Qazax istiqamətindən. Bildiyimə görə həmin birləşmənin bazası da Zəngəzur istiqamətində olacaq. Əslində Ermənistan istiqamətində əməliyyatlar aparmağa ehtiyac da yoxdur. Çünki Qarabağdan düşmən qüvvələrin çıxarılması prosesini Azərbaycan Ordusu sona qədər uğurla yerinə yetirə bilər. Ermənilərin Rusiya ilə bu razılaşmasının əsas səbəbi qorxudur. Ermənilər Naxçıvan istiqamətindən Azərbaycan Ordusunun İrəvana kəskin hücum əməliyyatlarına başlamasından narahat olurlar.

–  Paradda diqqəti çəkən Ermənistan Ordusunun sahib olduğu yeni radioelektron mübarizə sistemləri idi. Bizə bu sahədə təzyiqini və təhlükəsini necə dəyərləndirmək olar?

–  2014-cü ilin avqustunda baş verən toqquşmalarda biz bu narahatlığı gördük. Bizim bəzi PUA-lar ermənilərin REM sistemləri tərəfindən zərərsizləşdirilmişdi. Hesab edirəm ki, bu istiqamətdə fəaliyyəti gücləndirməliyik və REM-ə həlli vacib olan məsələ kimi yanaşmalıyıq. Əlbəttə bildiyimə görə bu istiqamətdə ciddi yeniliklər var və aprel döyüşlərində bunu gördük. Yəni ötən həmin dövr ərzində bu problem həll olundu. İndi ermənilər bizim yerli istehsal olan PUA-lara REM ilə hansısa təsir göstərə bilmirlər.

–  Xüsusi təyinatlı hərbi hissənin keçmiş komandiri kimi bir məsələ ilə bağlı fikrinizi bilmək istərdik. Əvvəllər erməni xüsusi təyinatlılarının tez-tez cəbhə xəttini keçməsi, postlarımıza basqınları daha çox baş verirdi. Son iki ildə bu tip hadisələrə demək olar ki rast gəlinmir. Tərəflərin müqayisəsini aparaq. Bu illər ərzində nələrə nail olundu?

–  Texnologiyanın inkişaf etməsi bu məsələdə vacib məqamdır. Gecəgörmə cihazlarının, termal kameraların Silahlı Qüvvələrdə istifadəsi qabaqlayıcı tədbirləri həyata keçirməyə imkan verir. Eləcə də digər nəzarət və müşahidə sistemlərindən günün 24 saatı, hər cür hava şəraitində istifadə olunur. Bu gün ordumuzun istifadəsində hər cür havada müşahidə aparmağa imkan verən “Şahingözü” və digər buna bənzər sistemlər var. Əvvəllər belə deyildi. Mən xüsusi təyinatlı hərbi hissənin komandiri olanda ön xətdə biz də bu cür əməliyyatlar həyata keçirirdik. Yalnız 2000-ci illərin əvvəllərində 1 nəfər şəhid vermişdik. Amma ermənilər “düşmən” arxasında bizim kimi hərəkət edə bilmirdilər. Deyə bilərəm ki, bizim xüsusi təyinatlılar hər zaman Ermənistan Silahlı Qüvvələrinin analoji bölmələrindən daha güclü olublar. Bu gün də belədir. Təbii ki, mətbuatdan izlədiyimiz qədər son bir iki ildə ermənilər də müasir texnologiyalar almağa çalışırlar və qismən də olsa nələrəsə nail olublar.

baxisov

– Aprel döyüşlərindən 8 ay keçsə də hələ də ictimaiyyətdə müxtəlif fikirlər səsləndirilir. Bəziləri “bir iki təpəyə görə niyə bu qədər şəhid verdik” deyirlər. Bu barədə bağlı fikiriniz maraqlı olardı…

– Bəzi yoldaşlar hadisənin mahiyyətini qarışdırırlar. Birincisi, apreldə ilk hücuma ermənilər keçmişdilər. Azərbaycan Ordusu əks həmlə ilə düşməni ağır tələfata uğradıb öz ölkəmizin ərazisində yerləşən, yüksəklikləri işğaldan azad etdi. Ermənilər döyüşlərdə öldürülmüş Ermənistan vətəndaşlarının sayını açıqladılar. Ancaq Qarabağda olan xaricdən gələn muzdluların itkilərini saymadılar. Bildiyimə görə, düşmən tərəf hələ də 10-15 erməni meydinə  sahiblik etmir. O ki, qaldı “bir iki təpə” söhbətinə, bu yanaşma yolverilməzdir. Bu Vətənin hər santimetr torpağı üçün gərəkirsə minlərlə şəhid verilməlidir.  Çünki hər qarış torpağımız vətənimizdir. Onun hər qarışını geri qaytarmalıyıq. Əlbəttə şəhidsiz döyüş olmur. Bu gün Ali Baş Komandanın tapşırığı ilə müasir silahlar alınır. Nə üçün? Məqsəd itkilərimizi azaltmaqdır.

– Ordunun peşəkar heyyətlə komplektləşdirilməsi istiqamətində son iki ildə tədbirlərin həyata keçirildiyi müşahidə olunur. Sizin bununla bağlı fikirləriniz maraqlı olardı. Ordunu peşəkar heyətlə necə görürsünüz?

–  Demək olar ki, ordumuz 30 faizi peşəkar heyətə keçib. Buraya manqa komandirləri və xüsusi sahələri aid etmək olar. Hətta döyüş maşınlarının komandirləri belə peşəkarlardırlar. Bunun üstün tərəfi odur ki, həmin döyüşçü 18 yaşlı yenicə keçmiş gənc əsgər deyil. Müddətdən artıq hərbi qulluqçu mütəxəssisdir, peşəkardır. O vəzifə borcunu daha yaxşı yerinə yetirir.

– Ermənilər aprel döyüşlərinin ilk günü döyüş əməliyyatlarına veteranları cəlb etməyə başladılar. Siz necə düşünürsünüz, bizdə 1992-1994-cü illərdə Qarabağda döyüşmüş, əraziləri tanıyan, təcrübəli veteranların döyüş əməliyyatlarına cəlbinə ehtiyac varmı?

– Hələlik müdafiə naziri veteranların çağırılmasına ehtiyac görmür. Ordumuz verilən tapşırığı yerinə yetirməyə qadir olduğu üçün buna lüzum görülmür. Əlbəttə lazım gələrsə istifadə olunacaq. Biz veteranlar da buna hazırıq. Bir maraqlı hadisəni xatırlatmaq istəyirəm. Aprel döyüşlərindən sonra Lələtəpə istiqamətində oldum, əsgərlərlə görüşdüm. Onlar çox heyfslənirdilər ki, “dur” komandası verildi. Döyüşçülərimiz artıq irəli getməyə hazırdırlar və gedirdilər. Hətta mənə şikayət edirdilər ki, niyə hücumu dayandırdınız… Həqiqətən fəxr edirəm ki, uğurlu əməliyyatlardan birinə rəhbərlik edən general-mayor Bərxudarov mənim komandir olduğum hərbi hissənin zabiti olub.

–  Ermənistan Ordusunun birinci eşalonunun yarılması nə qədər çətin oldu?

–  Fikrimcə bu heç də çətin olmadı. Az sayda itki ilə, bəzi yerlərdə itki vermədən buna nail olduq. Amma itkilərimiz sonradan, ermənilərin artilleriya zərbələri nəticəsində baş verdi. Düşünürəm ki, buna səbəb də mövqeləri möhkəmləndirməkdə çətinliyin olması idi.

–  Aprel döyüşlərini yeni texnologi üstünlük kimi də dəyərləndirmək olarmı?

–  Əlbəttə. Ordumuz aprel ayında son illərdə sahib olduğu “Spike” TƏİR-lərini, BMP-3 piyada döyüş maşınlarını, bəzi yeni mühəndis-istehkam maşınlarını, “Harop” kamikadze PUA-larını, müasir artilleriya vasitələrini, PUA-larını uğurla tətbiq etdi. Hansı ki, o silah və texnikalar yalnız təlimlərdə istifadə olunmuşdu.

 

Xəbər Lenti