15/01/2015 09:08

Polkovnik Yaqub Əhədov: “Azərbaycan Ordusu müasir silah və texnika təminatına görə bölgədə liderdir”

“Azərbaycan Ordusunda həyata keçirilən ciddi keyfiyyət dəyişikliklərindən biri hərbi hissə və bölmələrin müasir silah-sursat və hərbi texnika ilə təmin edilməsidir”.
“AzeriDefence”nin məlumatına görə, bu barədə Müdafiə Nazirliyinin Silah və Texnika İdarəsinin rəisi, polkovnik Yaqub Əhədovun “Azərbaycan Ordusu” qəzetində dərc olunmuş məqaləsində bildirilib.

Azərbaycan Ordusunun işğalçı Ermənistanla müqayisədə yetərincə artıq və müasir silah-texnikaya malik olduğun vurğulayan Y. Əhədov qeyd edib ki, Silahlı Qüvvələrimizin döyüş arsenalının müasir tələblər əsasında zənginləşdirilməsi ümumi fəaliyyətimizin başlıca istiqamətlərindən birini təşkil edir.

“Aparıcı şirkətlərlə bağlanmış etibarlı müqavilələr bu vacib məsələnin həlli istiqamətində uğurlarımızı artırmağa imkan verir. Artıq ölkəmizə yeni gətirilmiş müasir tipli silahlar, döyüş texnikaları qoşunların komplektləşdirilməsi üçün müvafiq hərbi hissələrə göndərilib. Ötən il birinci eşelon hərbi birlik və birləşmələrin döyüş hazırlığını gücləndirmək məqsədilə silah və texnikaların paylanması başa çatdırılıb, həmçinin istismar müddəti başa çatmış maşın və texnikalar yeniləri ilə əvəz edilib. Qeyd etmək istərdim ki, ordu rəhbərliyi əsasən ön xətdəki mövqelərdə döyüş texnikalarının saz vəziyyətdə saxlanmasına və istənilən vaxt çevik hərbi əməliyyatların yerinə yetirilməsi üçün hazır olmasına ciddi fikir verir”, – deyə məqalədə bildirilib.

Polkovnik Əhədov yazıb ki, ötən dövrlə müqayisədə qoşunlarda hərbi texnikaların idarə edilməsi və onlara texniki qulluq göstərilməsi sahəsində yetərli uğurlar əldə olunub ki, bu da son bir ildə müdafiə nazirinin təşəbbüsü ilə ordu təcrübəsi olan gənc mütəxəssislərin müddətdən artıq həqiqi hərbi xidmətə qəbul edilmələri ilə bilavasitə bağlıdır: “Təcrübə göstərir ki, müddətli hərbi qulluqçudan fərqli olaraq müddətdən artıq xidmət edən hərbi qulluqçular maşın və texnikaları məsuliyyətlə idarə etməklə yanaşı, tabeliklərində olan bu texnikalara vaxtında və keyfiyyətli qulluq göstərirlər”.

Y. Əhədov Ordunun silah və müşahidə sistemləri ilə təchizatında görülən işlər barədə də məlumat verib: “Düşmən tərəfin mövqelərinin ciddi nəzarətdə saxlanması məqsədilə ön xətdəki hərbi bölmələrimiz müasir gecəgörmə cihazları ilə təmin edilib. Təcrübəli zabit və gizirlər yeni tipli cihazların sirlərini şəxsi heyətə dərindən aşılamaqla qarşıda duran döyüş tapşırığının keyfiyyətli formada yerinə yetirilməsinə nail olurlar.
Hazırda motoatıcı bölmələrin döyüş gücünü artırmaq məqsədilə hərbi birləşmələrin istifadəsində olan əl qumbaraatanlarına döyüş dəstindən əlavə yeni növ döyüş sursatları paylanılıb. Ümumiyyətlə, müasir silah və texniki avadanlıqların silahlanmaya qəbul edilməsi istiqamətində işlər ardıcıl olaraq davam etdirilir. Müdafiə naziri general-polkovnik Zakir Həsənovun qeyd etdiyi kimi, “son on il ərzində əldə edilmiş silah-sursat, müasir hərbi texnika Ermənistan ilə Azərbaycan arasında hərbi sahədəki pariteti bizim xeyrimizə əhəmiyyətli dərəcədə dəyişib”. Hərbi bölmələrin silahlanmasına 120 mm-lik 2S12 “Sani” minaatan kompleksləri, 220 mm-lik TOS-1A reaktiv qurğusu, 152 mm-lik “Msta-S” və 120 mm-lik 2C31 “Vena” özüyeriyən artilleriya qurğuları qəbul edilib. Bir hərbi birləşmə isə BMP-3 ilə tam komplektləşdirilib. Bununla yanaşı digər hərbi birləşmələrin də müasir silah-sursatla təchizatına ciddi əhəmiyyət verilir. Ötən ilin əvvəlindən hazırkı dövrədək hərbi bölmələrin yüksək döyüş hazırlığını təmin etmək məqsədilə hərbi birləşmələrdə istismara və bərpaya yararsız olan silah və zirehli texnikalar qeydiyyatdan silinərək yeniləri ilə əvəz edilib. Müdafiə nazirinin, Silahlı Qüvvələrin Baş Qərargah rəisinin və Maddi-Texniki Təminat Baş idarəsi rəisinin müvafiq əmr və göstərişlərinə uyğun olaraq, yerlərdə şəxsi heyətlə keçirilən təlim və toplantılarda hərbi qulluqçulara tövsiyə edirik ki, yeni silah və hərbi texnikaların düzgün istismar qaydalarına, onların texniki sazlığının qorunmasına ciddi əməl etsinlər”.

Polkovnik Əhədov vurğulayıb ki, ötən il Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində tədris prosesinin təkmilləşdirilməsi, hərbi hissələrdə təlim-məşq trenajorlarının hazırlanması nəticəsində maddi-texniki təminat sahələrinə cavabdeh olan zabit və gizirlərin hazırlığında əsaslı dönüş yaranıb. Bu sahədə maarifləndirmə işlərinə də önəm verilir. Belə ki, “Qoşunlarda raket-artilleriya silahlarının, onların döyüş sursatlarının praktiki atışlara hazırlanması üzrə Təlimat”, “Qoşunların anbarlarında döyüş sursatlarının saxlanılmasının təşkili, texniki vəziyyətinin yoxlanılması və qiymətləndirilməsi üzrə Metodika” və s. təbliğat vasitələri hazırlanaraq Müdafiə nazirinin müavini – Maddi-Texniki Təminat Baş İdarəsi rəisinin əmri ilə qüvvəyə minib.