21/07/2018 19:37

“Polonez-M” YARS-ın yeni maşını dövlət sınaqlarını tamamlayıb

Müasirləşdirilmiş “Polonez-M” yaylım atəşli reaktiv sisteminin (YARS) MZKT 7930 indeksli təkmilləşdirilmiş təkərli şassisi dövlət sınaqlarını tamamlayıb.

Bu barədə “AzeriDefence”yə Belarus Dövlət Hərbi-Sənaye Komitəsindən məlumat verilib.

Məlumatda bildirilib ki, hidromexaniki ötürücü sürət qutusu ilə təchiz edilmiş MZKT-7930 bütün nəzərdə tutulmuş sınaqlarını müvəffəqiyyətlə keçib.

Eksperimental dizayn işləri çərçivəsində MZKT 7930 maşının təcrübə nümunəsi Minsk zavodunda yaradılıb. MZKT 7930-dan “Polonez-M” YARS-ın buraxıcı və nəqliyyat yükləyici maşınları (V-300BM və V-300TZM) üçün nəqliyyat və ötürücü baza kimi istifadə etmək planlaşdırılır.

Yeni MZKT-7930 baza versiyasından fərqli olaraq aqreqat və komplektləşdirciləri dəyişdirilib, istifadəyə yarasız olanları isə yeniləri ilə əvəz olunub. Bundan başqa MZKT 7930-un yükgötürmə qabiliyyəti artırılıb, taktik-texniki xarakteristikalarının yaxşılaşması üçün konstruksiyaya dəyişikliklər edilib. Həmçinin maşında heyətin rahatlığı və təhlükəsizliyi üçün yeni avadanlıqlar quraşdırılıb. Maşında şəxsi heyətin partlayış təsirlərindən müdafiəsi nəzərə alınıb. Kondisioner, havalandırma sistemi və soyuq hava şəraitində avtomatik isitmə sistemi ilə təchiz edilib.

O cümlədən nəqliyyat vasitəsi daha güclü mühərriklə və mühərrik soyutma sistemi ilə təmin olunub, paylama qutusunda ötürücü sayı artırılıb. Maşının əlavə yanacaq çənləri ilə komplektləşdirilməsi gediş ehtiyatını artırmağa imkan verir. Bundan başqa nəqliyyat vasitəsinə əlavə tormoz və mərkəzləşdirilmiş təkər doldurma sistemi, soyuq iqlimlər üçün ön isitmə sistemi quraşdırılıb.