12/06/2018 10:19

“Polonez”lər Azərbaycan Ordusunun silahlanmasına daxil edilib – VİDEO

Azərbaycan ilə Belarus arasında hökumətlərarası razılaşmaya əsasən Azərbaycana gətirilən 301 mm-lik “Polonez” uzaq mənzilli yaylım atəşli reaktiv sistemləri (YARS) Ordunun silahlanmasına daxil edilib.

Bu haqda “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

“Polonez”in maksimal atış uzaqlığı 300 kilometrə qədərdir. Raketin çəkisi 780 kiloqram, döyüş başlığı hissəsinin çəkisi 140 kiloqram, zərərvurma radiusu isə 80 metrdir. “Polonez”in maksimal uçuş müddəti saniyədə 310 metr, atışa hazırlıq vaxtı 10 dəqiqə, istismar müddəti isə 10 ildir. Bir döyüş maşınında 8 raket olur.

Bu kompleks düşmənin əməliyyat düzülüşünün bütün dərinliyində onun nüvə və kimyəvi hücum vasitələrinə, kəşfiyyat-zərbə sistemlərinin yerüstü elementlərinə, qoşunların əsas qruplaşmalarına, bazalarda yerləşən aviasiyasına, hava hücumundan müdafiə vasitələrinə və obyektlərinə, idarəetmə məntəqələrinə, radioelektron vasitələrinə, arxa cəbhə və digər obyektlərinə zərbə vurulması üçündür. Bundan başqa, kompleks vasitəsilə dənizsahili istiqamətlərdə düşmən donanmasının yerləşmə məntəqələri dağıdılır və onun döyüş gəmiləri məhv edilir.