07/09/2018 13:53

Polşa şirkəti yeni antidron silah hazırlayıb

Polşanın WZE (Wojskowe Zakady Elektroniczne) şirkəti multikopter tipli pilotsuz uçuş aparatlarını zərərsizləşdirmək üçün LANCA 2.0 adlı silah sistemi hazırlayıb.

“AzeriDefence”nin “Armyrecognition”a istinadən verdiyi xəbərə görə, yerli şirkət yeni məhsulunu Polşada keçirilən MSPO-2018 Beynəlxalq müdafiə sənayesi sərgisində nümayiş etdirir.

Silahlı qüvvələrin və təhlükəsizlik qüvvələrinin ehtiyaclarını qarşılamaq məqsədi ilə hazırlanan LANCA 2.0 radio dalğalarla uçuş qadağan olunmuş bölgələrə daxil olan pilotsuz aparatların siqnallarını pozur və onları təhlükəsiz şəkildə zərərsizləşdirir.

LANCA 2.0 silah sisteminin elektrik stansiyalar, idman səhnələri, gəmilər, dəmir yolları, boru kəmərləri, eləcə də hava limanları, həbsxana və hərbi bazaların mühafizəsində geniş istifadə olunacağı proqnozlaşdırılır.

Sistemin təsirli mənzili 1000 metrdir. Planerin üzərindəki pikatini relsi silaha müxtəlif optik nişangahlar əlavə etməyə imkan verir.