03/09/2013 12:44

Polşanın Lubawa SA şirkəti Ermənistanla yeni layihələr üzərində işləyir

Polşanın Lubawa SA şirkəti Ermənistana hərbi təyinatlı məhsulların birbaşa satışı ilə yanaşı bu ölkədə birgə istehsalını həyata keçirəcək. Bu barədə “AzeriDefence”nin Polşanın Kelçk şəhərində keçirilən MSPO-2013 sərgisində iştirak edən əməkdaşına Lubawa SA şirkətinin stendindən məlumat verilib.

Şirkət nümayəndələri Ermənistan Müdafiə Nazirliyi ilə multispektral kamuflyajların və ballistik müdafiə vasitələrinin alğı-satqısına dair müqavilə imzaladıqlarını bildirsələr də müqavilə üzrə Ermənistana satılan məhsullar barədə əlavə məlumat verilməyib. Ermənistana həmçinin bu firmanın istehsal etdiyi, imitatorlar (döyüş maşınlarının hava doldurulmuş rezin maketləri) alacaq: “Artıq bizim reallaşma mərhələsində olan layihələrimiz mövcuddur. Yeni imkanları, o cümlədən mülki sektoru öyrənirik”.

Lubawa SA Ermənistanda yerli şirkətlə birgə cari ilin əvvəlində qurduğu Lubawa Armenia adlı müştərək müəssisədə Ermənistan Silahlı Qüvvələrinin silahlanmasındakı döyüş maşınlarının və tankların modernləşdirilməsi layihəsində iştirak etməyi, həmçinin zirehli gödəkcələrin və digər qoruyucu vasitələrin istehsalını həyata keçirməyi planlaşdırır. Artıq bu istiqamətdə müəyyən işlər aparılır.