09/07/2018 14:58

Poroşenko Ukrayna istehsalı olan “Molot”minaatanlarının istifadəsini qadağan edib

Ukrayna Silahlı Qüvvələrinin bu günlərdə keçirdiyi döyüş atışlı taktiki təlimlər zamanı ölümlə nəticələnən hadisə baş verib.

“AzeriDefence” xəbər verir ki, Ukrayna Quru Qoşunları Komandanlığının mətbuat xidmətinin açıqlamasına görə, hərbi təlim zamanı 3 hərbi qulluqçu həlak olub, 9-u isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisə “Molot” adlı yeni minaatanlardan istifadə zamanı olub.

Bununla əlaqədar Ukrayna prezidenti Pyotr Poroşenko Silahlı Qüvvələrin “Molot” yeni minaatanlardan istifadəsini qadağan edib. Prezident müdafiə naziri Stepan Poltoraka və Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Viktor Mujenkoya təcili olaraq hadisənin başvermə səbəblərinin aşkar edilməsi və zəruri tədbirlər görülməsi barədə tapşırıqlar verib.

Qeyd edək ki, bundan əvvəl də təlimlər zamanı “Molot” minaatanlardan istifadə zamanı xoşagəlməz hadisələr baş verib. Ukraynanın hərbi ekspertləri “Molot” minaatanını keyfiyyətsiz və təhlükəli silah hesab edirdilər.

Ukrayna Müdafiə Sənayesi “Ukroboronprom” Dövlət Şirkətinə daxil olan “Mayak” zavodu “Molot” adlı yeni minaatanı 2B11 sovet minaatanı bazasında hazırlayıb. “Ukroboronprom” Dövlət Şirkətinin məlumatına görə, silah 1 dəqiqəyə 12 dəfə atəş aça, 7 km məsafədə hədəfi məhv edə bilir. Minaatan döyüşə hazır vəziyyətdə olan çəkisi 210 kq-dır. Texniki xarakteriskasına gəlincə, “Molot” yıvsiz çətin sistemə malikdir. Silahın xüsusi qoruyucusu ağız bölmədə yerləşir. Hazırda silahın dövlət standartı üzrə sınaqları keçirilirdi. Bu sınaqların yekun rəyindən sonra “Molot”un ordunun silahlanmasına verilib-verilməyəcəyinə dair qərar veriləcəkdir.