31/03/2017 11:27

Prezident aprel qələbəsinin ildönümü münasibəti ilə hərbçilərlə görüşüb – YENİLƏNİB

Prezident İlham Əliyev Azərbaycan Ordusunun aprel qələbələrinin ildönümü ilə əlaqədar bir qrup hərbçi ilə görüşüb.

Bu barədə “AzeriDefence” Prezidentin saytına istinadən məlumat verib.

Müdafiə Sənayesi Nazirliyi (MSN) fəaliyyətə başladığı ilk dövrdən etibarən əsas diqqət yönəltdiyi sahələrdən biri də döyüş sursatlarının istehsalıdır. Silahlı Qüvvələrin və digər güc strukturlarının ehtiyaclarının yerli imkanlar hesabına qarşılanması məqsədi ilə Nazirlik tərəfindən müxtəlif layihələr həyata keçirilib və yaxın perspektivdə bu işlərin miqyasının daha da genişləndirilməsi nəzərdə tutulur. Silahlı Qüvvələrin ehtiyac duyulan döyüş sursatları ilə təchizatının tam şəkildə yerli istehsal hesabına qarşılanması və bu sahədə ixrac potensialının artırılması prioritetlərdəndir.

Hərbçilərlə görüşdə çıxış edən prezident İlham Əliyev qedy edib ki, Ermənistan uzun illər ərzində öz ordusu haqqında miflər yaradıb. Halbuki biz hamımız yaxşı bilirik ki, 1990-cı illərin əvvəllərində nələr baş verib. “O vaxt Azərbaycanda xaos, anarxiya hökm sürürdü, hakimiyyət uğrunda mübarizə gedirdi. O vaxt – 1992-ci ildə AXC-Müsavat cütlüyü hərbi çevriliş etmişdir və bundan sonra biz cəbhədə torpaqlarımızı itirməyə başladıq”, – deyən dövlət başçısı bildirib ki, Şuşa, Laçın 1992-ci ildə, Kəlbəcər 1993-cü ilin aprel ayında işğal altına düşəndən sonra Dağlıq Qarabağla Ermənistan arasında coğrafi bağlantı yaradılıb və Azərbaycan strateji mövqeləri o vaxt itirib: “O, dövlətə, xalqa qarşı bir xəyanət idi və ermənilər, Ermənistan, onların havadarları bu vəziyyətdən istifadə edərək xarici dəstək, xarici müdaxilə hesabına bizim torpaqlarımızı işğal etmişdir. Bu, tarixdir, biz bu tarixi bilirik və gənc nəsil də tarixi olduğu kimi bilməlidir. Ondan sonra Ermənistan rəhbərliyi uzun illər miflər yaradırdı. Aprel döyüşləri bu mifləri, bu əfsanələri darmadağın etdi və göstərdi ki, bu gün əgər bölgədə güclü ordu varsa, o da Azərbaycan Ordusudur. Bu döyüşlər göstərdi ki, xarici yardım almadan Ermənistan işğal edilmiş torpaqları işğal altında saxlaya bilmir və bilməz. Onlar özləri də məcbur qalıb bunu etiraf etməyə başlamışlar”.

Aprel döyüşlərini şanlı hərbi qələbə, dövlətin, xalqın, ordunun gücünü göstərən qələbə olaraq xarakterizə edən prezident İlham Əliyev qeyd edib ki, bu döyüşlər nəticəsində işğaldan azad edilmiş Füzuli, Cəbrayıl və Ağdərə rayonlarında Azərbaycan bayrağı dalğalanır. Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcək.

Dövlət başçısı deyib ki, aprel döyüşləri, eyni zamanda, Azərbaycan ordusunun peşəkarlığını göstərdi: “Ordumuz əlverişsiz mövqelərdən əks-hücum əməliyyatı apararaq strateji mövqelərə sahib oldu. Bu gün bu strateji yüksəkliklər, mövqelər, işğaldan azad edilmiş ərazilər bizə imkan verir ki, təmas xəttində mövcud olan vəziyyətə tam nəzarət edək və istədiyimiz tədbiri görə bilək”.

Prezident vurğulayıb ki, aprel döyüşləri hərbi dərsliklərə salınmalıdır. Həm peşəkarlıq, həm də vətənpərvərlik ruhu baxımından aprel döyüşləri bir daha göstərdi ki, Azərbaycan xalqı qəhrəman xalqdır. Bir daha onu göstərdi ki, biz bu vəziyyətlə barışmayacağıq. Onu göstərdi ki, xalq-iqtidar birliyi bu gün Azərbaycanda yüksək səviyyədə təmin olunur, möhkəmlənir.

“Aprel döyüşləri zamanı ermənilər beynəlxalq təşkilatlara, ayrı-ayrı ölkələrə müraciət ediblər ki, döyüşlər tezliklə dayandırılsın. Sonra isə onlar bəzi ölkələri ittiham etməyə başlayıblar ki, onların yardımına gəlməyiblər. Halbuki Dağlıq Qarabağ məsələsi bizim daxili məsələmizdir. Dağlıq Qarabağ bütün dünya tərəfindən, Minsk qrupunun həmsədr ölkələri tərəfindən Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanınır. Dağlıq Qarabağda və işğal edilmiş bütün torpaqlarda baş verən və baş verə biləcək hadisələr bizim daxili işimizdir. Heç bir beynəlxalq təşkilat, yaxud da ki, hansısa bir ölkə bizim daxili işimizə qarışa bilməz”, – deyə dövlət başçısı bəyan edib.

İlham Əliyev deyib ki, Ermənistan rəhbərliyi aprel döyüşləri zamanı özlərini tam şəkildə ifşa edib: “Onlar həm döyüş meydanında acı məğlubiyyətə uğradılar, həm də siyasi meydanda heç bir dəstək almadılar. Halbuki onlar o dəstəyə çox arxalanırdılar, ona bel bağlayırdılar. O dəstəyi almadıqdan sonra həmişə olduğu kimi, müxtəlif ölkələri ittiham etməyə başladılar. Axırda məcbur olub aprel döyüşlərinin məğlubiyyətini etiraf etdilər. Gah deyirdilər ki, onlar torpaqları itirməyiblər. Gah deyirdilər ki, o, əhəmiyyətsiz torpaqlardır. Gah da deyirdilər ki, onlar o torpaqları geri qaytaracaqlar. Bütün bunlar hamısı yalandır. Ermənistan rəhbərliyi özünü o qədər biabırçı vəziyyətə saldı ki, onun acı nəticələrini Ermənistan bu gün də hiss edir”.

Son illər ölkədə ordu quruculuğu ilə bağlı mühüm tədbirlər görüldüyünü qeyd edən prezident bildirib ki, ordunun maddi-texniki bazası və döyüş potensialı gücləndirilib.

Azərbaycan Silahlı Qüvvələrinin düşmənin istənilən strateji və hərbi obyektini məhv etməyə qadir silahlara malik olduğu deyən dövlət başçısının sözlərinə görə, aprel döyüşləri zamanı Azərbaycan hərbi potensialının cüzi hissəsini nümayiş etdirib: “Əks təqdirdə daş-daş üstə qalmazdı”.

Bundan sonra da ordumuzun gücləndirilməsinə böyük diqqətin göstəriləcəyini, ordunun ehtiyaclarını ödəmək üçün heç bir məhdudiyyətin olmadığını deyən Ali Baş Komandan işğal olunmuş torpaqlara qayıdacağımıza və orada Azərbaycan bayrağının dalğalanacağına əminliyini ifadə edib. Prezident İlham Əliyev silahlı qüvvələrin bütün şəxsi heyətinə yeni uğurlar və qələbələr arzulayıb.