23/06/2017 14:48

Prezident: Azərbaycan Ordusu 50 ən güclü ordu sırasındadır

“Müharibə bitməyib, birinci mərhələ başa çatıb. Biz daim hazır olmalıyıq ki, işğal edilmiş torpaqları öz hərbi gücümüzlə azad edək”.

“AzeriDefence”nin Prezidentin rəsmi saytına istinadən verdiyi xəbərə görə, bunu prezident İlham Əliyev Şirvan şəhərində Müdafiə Sənayesi Nazirliyinin revolver tipli qumbaraatanlar üçün atəş yığımları zavodunun açılışı mərasimində bildirib.

“Biz Silahlı Qüvvələr Günü ərəfəsində tam qətiyyətlə deyə bilərik ki, bu gün Azərbaycan Ordusu güclü ordular sırasındadır. Bunu həm biz deyirik, həm Azərbaycan ictimaiyyəti bunu görür və bilir. Aparıcı reytinq agentlikləri də bunu təsdiqləyir. Azərbaycan Ordusu 50 ən güclü ordu sırasındadır. Ordu quruculuğu daim diqqət mərkəzindədir. Büdcəmizin ən böyük xərcləri hərbi xərclərdir. Bu da təbiidir. Çünki biz müharibə şəraitində yaşayırıq. Son illər ərzində ordumuzun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində çox böyük işlər görülmüşdür. Həm yerli istehsal, həm də xaricdən gətirilən hərbi texnika hesabına biz bu gün təminat baxımından ən yüksək səviyyədəyik. Ən müasir silahlar, texnika, döyüş aparatları, təyyarələr, vertolyotlar, pilotsuz döyüş aparatları, artilleriya qurğuları, zirehli maşınlar, tanklar, toplar, hava hücumuna qarşı ən müasir qurğular, yəni, bütün bunlar bizim hərbi gücümüzü böyük dərəcədə artırmışdır. Növbəti illərdə də bu istiqamətdə ardıcıl iş aparılacaq”, – deyə dövlət başçısı vurğulayıb.

Azərbaycan hərbi büdcəsinin kifayət qədər böyük olduğunu vurğulayan İlham Əliyev bildirib ki, bu məsələ dövlət üçün prioritet məsələdir: “Çünki daha demək istəyirəm ki, biz müharibə şəraitində yaşayırıq. Əgər müharibə olmasaydı, bəlkə də bu qədər vəsait bu məqsədlər üçün ayrılmazdı. Ancaq müharibə bitməyib, birinci mərhələ başa çatıb. Biz daim hazır olmalıyıq ki, işğal edilmiş torpaqları öz hərbi gücümüzlə azad edək.

Bununla bərabər, son illər ərzində hərbçilərin xidmət və məişət problemləri də öz həllini tapmışdır. Son illərdə bir çox hərbi bazalar, şəhərciklər istifadəyə verilmişdir, hərbçilərin xidmət şəraiti böyük dərəcədə yaxşılaşmışdır. Məişət şəraiti də yaxşılaşır. Hazırda qəbul edilmiş qərarlar əsasında 20 il və 20 ildən çox qüsursuz xidmət göstərmiş hərbçilərə dövlət tərəfindən pulsuz mənzillər verilir. Hesab edirəm ki, bu da dünya miqyasında çox nadir hallarda müşahidə olunur. Bu da Azərbaycan dövlətinin həm sosial siyasətini ifadə edir, eyni zamanda, Azərbaycan dövlətinin öz hərbçilərinə olan diqqətini göstərir”.

Dövlət başçısı bildirib ki, Azərbaycan Ordusunun döyüş qabiliyyəti, vətənpərvərlik ruhu yüksək səviyyədədir: “Bunu təmas xəttindəki vəziyyət əyani şəkildə təsdiqləyir. Bu gün biz təmas xəttində tam üstünlüyə malikik. Bu üstünlüyü biz əldə etmişik və bunu artırırıq. Bizim döyüş qabiliyyətimizi əks etdirən bir çox hadisələr olub. Onların içərisində keçənilki aprel döyüşləri xüsusi qeyd edilməlidir. Bu döyüşlər nəticəsində Ermənistanın hərbi təcavüzünün qarşısını alarkən bizim hərbçilərimiz böyük qəhrəmanlıq göstərərək işğalçılardan üç rayonun bir hissəsini azad etmişlər. O yerlərdə, o torpaqlarda bu gün Azərbaycan bayrağı dalğalanır. Aprel döyüşləri nəticəsində bu gün biz köçkünləri öz doğma kəndinə yola salırıq. Cocuq Mərcanlı kəndi cəmi iki ay ərzində bərpa edilib. Onun bərpasının birinci mərhələsi başa çatıb. Əlavə vəsait ayrılıbdır ki, kəndin bərpasının ikinci mərhələsi də başa çatsın.

Aprel döyüşləri bizim şanlı qələbəmizdir, böyük uğurdur. Bir daha onu göstərir ki, bu gün Azərbaycan Ordusu güclü ordular sırasındadır. Bir daha onu göstərir ki, Azərbaycan xalqı işğalla heç vaxt barışmayacaq. Cocuq Mərcanlıya bu kəndin sakinlərinin qayıtması onu göstərir ki, bizim bütün köçkünlər öz doğma şəhərlərinə, kəndlərinə qayıtmaq arzusu ilə yaşayırlar. Bu gün Cocuq Mərcanlı bizim dirçəliş, qələbə rəmzimizdir. Keçən ilin aprelində işğaldan azad edilmiş torpaqlarda Azərbaycan bayrağı dalğalanır. Bu da hər bir vətənpərvər Azərbaycan vətəndaşını fərəhləndirir. Yəni, bizim kifayət qədər gücümüz var və Ermənistanın bütün təxribatlarına layiqli cavab veririk. Bir həftə bundan əvvəl yenə də bizə qarşı silahlı təxribat törədildi. Azərbaycan Ordusu düşmənə layiqli cavab vermişdir”.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yollarına gəldikdə İ. Əliyev bildirib ki, Azərbaycan dövlətinin mövqeyi ictimaiyyətə bəllidir: “Biz bu mövqeyi dəfələrlə ifadə etmişik. Bu münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüququn norma və prinsipləri əsasında öz həllini tapmalıdır. Bunun başqa yolu ola bilməz. Dağlıq Qarabağ bizim tarixi torpağımızdır. Əsrlər boyu xalqımız bu torpaqlarda yaşayıb və bütün toponimlər, bütün tarixi abidələr Azərbaycan tarixini əks etdirir.

Dağlıq Qarabağ, eyni zamanda, dünya ictimaiyyəti tərəfindən də Azərbaycanın ayrılmaz hissəsi kimi tanınır. Bütün aparıcı beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı qərar, qətnamələr qəbul etmişlər ki, Ermənistan silahlı qüvvələri dərhal, qeyd-şərtsiz işğal edilmiş torpaqlardan çıxarılmalıdır. Lakin Ermənistan buna məhəl qoymur, əməl etmir. Əfsuslar olsun ki, Ermənistana qarşı heç bir ciddi tədbir görülmür. Ermənistana qarşı çoxdan beynəlxalq sanksiyalar tətbiq olunmalı idi. Çünki bu ölkə XXI əsrdə başqa ölkənin ərazisini işğal altında saxlayır, başqa xalqa qarşı soyqırımı törədib, bütün tarixi abidələri dağıdıb. Cocuq Mərcanlının dağılmış mənzərəsi bunun əyani sübutudur. Bizim işğal edilmiş bütün torpaqlarda da eyni vəziyyətdir”.

Beynəlxalq hüquqa gəldikdə isə beynəlxalq hüquq tarixi ədalət kimi tamamilə Azərbaycanın mövqeyini gücləndirir deyən dövlət başçısı qeyd edib ki, Dağlıq Qarabağda keçirilmiş son qondarma “referendum” da onların – separatçıların, işğalçıların növbəti iflası, növbəti biabırçılığı idi.

“Çünki bu “referendum”u heç bir beynəlxalq təşkilat, qonşu ölkələr, Avropa İttifaqı, Minsk qrupunun həmsədr ölkələri tanımayıb. Yəni, bu qondarma “referendum”u tanımamaqla bütün bu ölkələr və beynəlxalq təşkilatlar bir daha təsdiq edirlər ki, Dağlıq Qarabağ Azərbaycan torpağıdır. O qondarma, separatçı xunta rejimini dünya birliyi tanımır və tanımayacaq. Ona görə, tarixi ədalət, beynəlxalq hüquq, əlbəttə ki, bizim siyasi çəkimiz Ermənistanla müqayisəedilməz dərəcədə böyükdür. Bizim iqtisadi gücümüz Ermənistanınkından qat-qat artıqdır. Yəni, bütün bu amillər bizim mövqeyimizi gücləndirir. Əlbəttə, Azərbaycan dövləti öz prinsipial mövqeyini daha da gücləndirməlidir və gücləndirir. Bir daha demək istəyirəm ki, biz müharibə şəraitində yaşayırıq. Bizim xalqımız heç vaxt bu vəziyyətlə barışmayacaq. Biz heç vaxt icazə verməyəcəyik ki, tarixi torpağımızda ikinci qondarma erməni dövləti yaradılsın. Biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Son hadisələr və ölkəmizin güclənməsi bu məsələyə nail olmaq üçün bizim imkanlarımızı artırır”, – deyə dövlət başçısı vurğulayıb.

Prezident İ. Əliyev bidirib ki, Azərbaycan öz məqsədinə çatmaq üçün daha da güclü olmalıdır: “Əfsuslar olsun ki, indi bütün dünyada güc amili aparıcı rol oynayır. Əlbəttə ki, beynəlxalq hüquq da vacibdir. Çünki bu, münaqişənin hüquqi bazasını yaradır. Ancaq güc amili əsas rol oynayır. Biz görürük ki, dünyanın müxtəlif yerlərində beynəlxalq hüquq pozulur, tapdalanır, kim onu necə istəyirsə elə də yozur və güc amilindən istifadə edərək reallıqda vəziyyəti dəyişmək mümkün olur. Bu, bizim seçimimiz deyil, ancaq biz də real həyatda, real dünyada yaşayırıq. Məqsədimizə nail olmaq üçün biz daha da güclü olmalıyıq və bu istiqamətdə işlər aparılır.

Bu gün Silahlı Qüvvələr Günü ərəfəsində biz Silahlı Qüvvələrimizin inkişafı ilə bağlı önəmli hadisəni qeyd edirik. Bu gün açılan iki sənaye müəssisəsi bizim hərbi gücümüzü daha da artıracaq və Azərbaycan quruculuq, inkişaf yolu ilə uğurla gedəcəkdir.

Bir daha sizi ürəkdən təbrik edirəm, bütün Silahlı Qüvvələrimizin şəxsi heyətinə yeni uğurlar, qələbələr arzulayıram”.