10/01/2018 22:02

Prezident: Azərbaycan Ordusu istənilən tapşırığı yerinə yetirməyə hazırdır

“Azərbaycan hərbi gücünü artırır. Bu gün beynəlxalq reytinqlərə görə, Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Ordumuz üçün nə lazımdırsa biz onu da edirik”.

“AzeriDefence”nin məlumatına görə, bunu Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

Ordunun maddi-texniki bazasının möhkəmləndiyini deyən dövlət başçsı bildirib ki, hərbi bazalar, şəhərciklər, hərbi hissələr yenidən qurulur, əsaslı təmir edilir. Hərbi şəhərciklərin, bazaların, hissələrin 80 faizi artıq beynəlxalq standartlara cavab verir: “Təmirə ehtiyacı olan qalan hərbi hissələrin təmir işləri növbəti illərdə yekunlaşmalıdır. Nə qədər lazımdırsa vəsait ayrılır və ayrılacaq. O cümlədən yeni müasir silahların alınması üçün lazım olan vəsait ayrılır”.

Prezident İlham Əliyev qeyd edib ki, yoxsul Ermənistandan fərqli olaraq, Azərbaycan öz hesabına yaşayır, o cümlədən hərbi gücünü öz hesabına artırır: “Ermənistandan fərqli olaraq heç kimdən dilənmirik, heç kimə yalvarmırıq, kredit üçün müraciət etmirik. Ona görə Azərbaycan ictimaiyyəti və düşmən bilməlidir ki, Azərbaycan Ordusu bundan sonra da güclənəcək və istənilən tapşırığı yerinə yetirməyə hazırdır. Yaxın tarix bunu göstərib”.