03/12/2016 12:58

Prezident cəbhə bölgəsində yeni hərbi hissənin açılışında iştirak edib

Azərbaycan Müdafiə Nazirliyinin Tərtər rayonunda yeni inşa edilən hərbi hissəsinin açılışı olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “AzeriDefence”yə verilən məlumata görə, Azərbaycan prezidenti İlham Əliyev hərbi hissənin açılışında iştirak edib.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov prezident İ. Əliyevə raport verib.

Məlumat verilib ki, hərbi hissənin ərazisində qərargah, iki kazarma, yeməkxana, tibb məntəqəsi, hamam-çamaşırxana yaradılıb. Hərbçilərin idmanın müxtəlif növləri ilə məşğul olmaları üçün burada idman şəhərciyi də salınıb.

Bundan başqa, hərbi hissənin ərazisində müxtəlif növ texnika və avtomobillərin saxlanıldığı park da var.

Qərargah binasında ulu öndər Heydər Əliyevin və Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğuna diqqət və qayğılarını, hərbçilərlə görüşlərini əks etdirən fotolardan ibarət guşə yaradılıb.

Burada hərbi hissə növbətçisi, istirahət və çay otaqları, rabitə qovşağı və digər zəruri otaqlar var.

Qərargah binasında rəhbərliyin yüksək səviyyədə çalışması və istirahəti üçün hər cür şərait yaradılıb. Hərbi hissədəki kazarmaların girişində Azərbaycanın Milli Qəhrəmanlarının fotolarından ibarət guşə də var. Burada müasir idman avadanlığı ilə təchiz edilmiş idman otağı zabit və əsgərlərin ixtiyarındadır.

Kazarmada dəftərxana, məişət otağı, ideoloji otaq yaradılıb. İdeoloji otaq Azərbaycan Silahlı Qüvvələrinin şərəfli tarixini, Ordunun əldə etdiyi qələbələri və dövlətin Azərbaycan hərbçilərinə göstərdiyi diqqəti əks etdirən əyani vəsaitlərlə təchiz olunub.

Əsgər və zabit heyətinin keyfiyyətli qidalanması üçün hərbi hissənin yeməkxanası da müasir səviyyədə qurulub. Yeməkxanadakı mətbəx və anbar müasir avadanlıqla təchiz edilib.

Sonda xatirə şəkli çəkdirilib.