17/04/2013 07:29

Prezident Daxili Qoşunların hərbi hissəsinə baxış keçirib

Prezident İlham Əliyev Daxili Qoşunların Hacıqabuldakı hərbi hissəsinə yenidənqurmadan sonra baxış keçirib. Bu barədə “AzeriDefence” Prezidentin saytına istinadən məlumat verib.

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov hərbi hissədə görülən işlər barədə dövlət başçısına məlumat verib. Son on ildə Daxili Qoşunların fəaliyyətinin təşkili, idarə olunması və şəxsi heyətin həyat şəraitinin yaxşılaşdırılmasının diqqət mərkəzində olduğunu deyib.

Dövlət başçısı hərbi hissənin yenidən qurulması layihəsi və maketi ilə tanış olub. Bildirilib ki, hazırda Daxili Qoşunların maddi-texniki bazasının təkmilləşdirilməsi istiqamətində mühüm işlər həyata keçirilir. Hərbi hissədə 19 hektar ərazidə salınan şəhərcikdə yenidənqurma işləri mərhələli şəkildə davam etdiriləcək. Birinci mərhələdə inşasına ötən ilin martında başlanan beşmərtəbəli qərargah, əsgər yataqxanası və yeməkxana, nəzarət-buraxılış məntəqəsi tikilib. Növbəti mərhələdə isə şəhərcik ərazisində 400 nəfərlik beşmərtəbəli əsgər yataqxanası, 60 mənzilli altımərtəbəli yaşayış binası, silah-sursat anbarı, 100 avtomaşınlıq avtopark tikiləcək. Həmçinin burada qarovul məntəqəsi, hamam və çamaşırxana, qazanxana, transformator yarımstansiyası, nasosxana və gözətçi qüllələrinin tikintisi nəzərdə tutulur.

Sonra prezident İlham Əliyev hərbi hissənin qərargahında yaradılan şəraitlə tanış olub. Yenidən qurulan 70 mənzilli zabit yataqxanasına baxıb, zabit ailələrinin yaşayış şəraiti ilə maraqlanıb.