16/05/2018 13:59

Prezident Əlahiddə Ümumqoşun Ordusunun Təlim-Tədris Mərkəzi ilə tanış olub – FOTOLAR

Prezident İlham Əliyev mayın 16-da Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Əlahiddə Ümumqoşun Ordusunun “N” saylı hərbi hissəsindəki Təlim-Tədris Mərkəzində yaradılan şəraitlə tanış olub.

Bu barədə “AzeriDefence” Prezidentin rəsmi saytına istinadən məlumat verib.

Azərbaycan Respublikası müdafiə nazirinin müavini, Əlahiddə Ümumqoşun Ordusunun komandanı general-leytenant Kərəm Mustafayev dövlət başçısına raport verib.

Yeni yaradılan hərbi hissədə əsgər yataqxanaları, Əsgəri-Məişət Kompleksi, Təlim-Tədris Mərkəzi, qərargah binası, xəstəxana inşa olunub, sıra meydanı, idman şəhərciyi salınıb.

Əlahiddə Ümumqoşun Ordusunun Təlim-Tədris Mərkəzində taktiki simulyasiya, trenajor, mədəni-kütləvi işin təşkili bölmələri, sənədli və tədris filmləri kinostudiyası, hərbi mətbəə yerləşir. Ümumi sahəsi 7500 kvadratmetr olan üçmərtəbəli binada, həmçinin zirehli texnika, raket-artilleriya sistemləri, rabitə, taktiki hazırlıq, qarovul hazırlığı, atəş hazırlığı, topoqrafiya, komandir hazırlığı və digər sinif otaqları, kitabxana, xarici dillər kabinəsi və 700 yerlik tədbirlər zalı vardır.

Hərbi tədris proqramının keyfiyyətlə mənimsənilməsi, şəxsi heyətin peşəkarlığının və nəzəri biliklərinin artırılması üçün sinif otaqlarında lazımi şərait yaradılıb, kompüterlər quraşdırılıb, əyani vəsaitlər və məlumat stendləri qoyulub. Trenajor zalında tank, artilleriya və digər zirehli texnikaların idarə olunması, eləcə də texniki və atış sistemləri üzrə 18 trenajor quraşdırılıb. Trenajorlar vasitəsilə zirehli texnikaların idarə olunması və döyüş zamanı onlardan atəş açılması öyrədilir. Keçirilən təlimlərin sonunda qiymətləndirmənin aparılması isə şəxsi heyətin bilik səviyyəsini və peşəkarlığını müəyyən etməyə imkan verir.

Simulyasiya mərkəzində artilleriya qurğularının taktiki-texniki xüsusiyyətləri, həmçinin atışın idarə olunması üzrə məşğələlərin praktik mənimsənilməsi üçün hər cür şərait yaradılıb, otaqlarda mərkəzdən idarə olunan və xüsusi proqram təminatına malik 100 kompüter və proyektor quraşdırılıb. Atəş hazırlığı otağında yaradılan virtual təlim meydançası döyüş sursatı sərf etmədən müxtəlif şəraitdə atəşin idarəolunmasını həyata keçirməyə imkan verir. Həmçinin burada atəş tapşırıqlarını təhlil etmək və qiymətləndirmək, atəş göstəricilərinin dəqiqliyini müqayisə etmək mümkündür. Mərkəzin kitabxanasında Azərbaycan və dünya ədəbiyyatı nümunələri, eləcə də ordumuzun keçdiyi tarixi inkişaf yolunu əks etdirən 16 mindən artıq kitab, qəzet və jurnal materialları toplanıb. Burada şəxsi heyətin gündəlik dövri mətbuatla tanış olmaq, hərbi və bədii ədəbiyyatları mütaliə etmək imkanı var.

Qeyd olunub ki, hərbi sahəyə dövlətin göstərdiyi diqqətin nəticəsidir ki, bu gün Əlahiddə Ümumqoşun Ordusunda gənc əsgərlərin peşəkar döyüşçü kimi hazırlığı da daxil olmaqla, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, gizir və zabit hazırlığı kursları da təşkil edilir, zabit heyətinin təkmilləşdirilməsi kursu da uğurla icra olunur.