21/02/2018 12:28

Prezident İlham Əliyev: Azərbaycan və İran arasında hərbi əməkdaşlıq uğurla inkişaf edir

Azərbaycan Prezidenti İlham Əliyev İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri Əmir Hatəminin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə “AzeriDefence” Prezidentin rəsmi saytına istinadən məlumat verib.

Dövlət başçısı Azərbaycan ilə İran arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif sahələrdə, o cümlədən hərbi və hərbi-texniki sahədə uğurla inkişaf etdiyini bildirib. Yüksək səviyyədə qarşılıqlı səfərlərin müntəzəm olaraq həyata keçirildiyini vurğulayan Prezident İlham Əliyev son illər ərzində İran Prezidenti ilə 10-a yaxın görüşün keçirilməsinin əlaqələrin yüksək səviyyədə olmasının göstəricisi kimi dəyərləndirib. Dövlət başçısı İrana son səfərini məmnunluqla xatırlayaraq, həm Ali rəhbərlə, həm də Prezidentlə məhsuldar müzakirələrin aparıldığını qeyd edib.

Dövlət başçısı İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri Əmir Hatəminin Azərbaycana bu səfərinin iki ölkə arasında hərbi və hərbi-texniki sahədə əlaqələrin hazırkı vəziyyəti və gələcək birgə əməkdaşlıq perspektivlərinin müzakirəsi üçün yaxşı imkan yaradacağına əminliyini ifadə edib.

Müdafiə və silahlı qüvvələrə dəstək naziri Əmir Hatəmi İranın Prezidenti Həsən Ruhaninin salamlarını dövlət başçısına çatdırıb. O qeyd edib ki, İranın Ali rəhbəri öz çıxışlarında həmişə İranın Azərbaycanla münasibətlərinin dostluq və qardaşlıq, bərabər qonşuluq münasibətləri olduğunu bildirib. O, İran İslam Respublikasının xarici siyasətində qonşu ölkələrə, xüsusilə Azərbaycana böyük önəm verdiyini deyib.

Görüşdə iki ölkə arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.