10/01/2017 16:17

Prezident İlham Əliyev: “Bütün təxribatlara layiqli cavab verəcəyik”

Xarici yardım olmasa, ermənilər bir həftə ərzində qabağımızda dura bilməyəcəklər

“Aprel ayında əks-hücum əməliyyatı nəticəsində ordumuz düşmənə güclü sarsıdıcı zərbə vurub və minlərlə hektar torpaq işğaldan azad edilib. Aprel döyüşləri həm bizim parlaq qələbəmizdir, həm də bir daha Azərbaycan dövlətinin gücünü göstərdi”.

“AzeriDefence”nin məlumatına görə, bunu Nazirlər Kabinetinin 2016-cı ilin yekunlarına həsr olunmuş iclasında prezident İlham Əliyev bildirib.

“Bu, həm də bir daha onu göstərdi ki, biz heç vaxt bu vəziyyətlə barışmayacağıq, bütün təxribatlara layiqli cavab verəcəyik. Eyni zamanda aprel döyüşlərində illər boyu Ermənistan tərəfindən yaradılmış mif tamamilə darmadağın edildi. Onlar özləri etiraf edirlər ki, xarici yardım olmasa, bir həftə ərzində qabağımızda dura bilməyəcəklər”, – deyə prezident İlham Əliyev qeyd edib.

Prezident qeyd edib ki, 2016-cı ilin aprel ayında Azərbaycan dövləti və Azərbaycan Ordusu işğalçılara çox ciddi zərbələr vurub. Növbəti erməni hərbi təxribatına cavab olaraq, Azərbaycan Ordusu əks-hücum əməliyyatı keçirərək minlərlə hektar torpağı işğaldan azad edib:

“Bu, bir daha dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərir. Bir daha onu göstərir ki, biz istənilən vaxtda məsələni hərbi yolla həll edə bilərik. Minlərlə hektar torpaq işğalçılardan boşaldıldı. İndi orada təmizlik işləri, bütün mənalarda təmizlik işləri aparılır. Azərbaycan Ordusu indi on minlərlə hektar torpağa nəzarət edir. İndi o ərazilərdə işğalçıların izi-tozu qalmayıb. Biz o bölgələrdə lazımi tədbirləri görəcəyik ki, vətəndaşlarımız oraya qayıtsınlar və artıq bu proses başlayır. Aprel döyüşləri bizim şanlı tariximizdir, böyük qələbəmizdir. Biz hərbçilərimizlə fəxr edirik. Bu döyüşlər zamanı Azərbaycan xalqı bir daha öz birliyini nümayiş etdirdi. Beləliklə, hesab edirəm ki, 2016-cı il münaqişənin həlli ilə bağlı çox önəmli il olub. Çünki qarşı tərəf – Ermənistan təşviş içində idi, vasitəçilərdən xahiş edirdi ki, tezliklə bu döyüşlər başa çatsın və onlar danışıqlar prosesinə qayıtmağa hazır olduqlarını bildiriblər. Azərbaycan ictimaiyyəti yaxşı bilir ki, onlar müxtəlif beynəlxalq təşkilatlara, o cümlədən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət ediblər. Baxmayaraq ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının bu məsələ ilə heç bir əlaqəsi yoxdur. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına bu vaxta qədər rəhbərlik etmiş şəxslər sadəcə olaraq, böyük siyasi səhv buraxaraq ermənipərəst mövqe və qəbuledilməz fikirlər ifadə etmişlər”.