27/09/2017 12:45

Prezident İlham Əliyev: Dünyada təhdidlər artır və təhlükəsizlik məsələləri dövlətlər üçün prioritet sahəyə çevrilir

Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 27-də Belarusun Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zası qəbul edib.

“AzeriDefence”nin məlumatına görə, dövlət başçısı Azərbaycan ilə Belarus arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif istiqamətlərdə – təhlükəsizlik, iqtisadiyyat, energetika, ticarət, hərbi-texniki əməkdaşlıq və digər sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb. Yüksək səviyyəli qarşılıqlı səfərlərin, hər iki ölkənin həyata keçirdiyi xeyli sayda birgə layihələrin ikitərəfli münasibətlərin möhkəmləndirilməsi baxımından önəmini qeyd edən prezident İlham Əliyev Azərbaycanın əlaqələrin daha da genişləndirilməsində maraqlı olduğunu deyib. Dövlət başçısı, eyni zamanda, Azərbaycan ilə Belarusun beynəlxalq təşkilatlarda da bir-birini dəstəklədiyini vurğulayıb.

Təhlükəsizlik sahəsinə toxunan prezident İlham Əliyev qeyd edib ki, bununla bağlı müzakirə olunası və birgə fəaliyyət göstəriləsi bir çox məsələlər var. Dövlət başçısı bildirib ki, dünyada təhdidlər artır və təhlükəsizlik məsələləri dövlətlər üçün prioritet sahəyə çevrilir. Prezident İlham Əliyev bu istiqamətdə hər iki ölkə arasında yaxşı təmasların mövcud olduğunu və təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsinin önəmini qeyd edib.

Dövlət katibi Stanislav Zas Belarusun prezidenti Aleksandr Lukaşenkonun salamlarını və ən xoş arzularını dövlət başçısına çatdırıb. O bildirib ki, Belarus tərəfi Azərbaycan prezidentinin hər iki ölkənin və xalqın arasında əlaqələrin möhkəmləndirilməsi işinə göstərdiyi diqqəti yüksək qiymətləndirir və Belarus prezidenti bununla bağlı öz minnətdarlığını çatdırır. Stanislav Zas ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyini deyib. O, görülən işlərin nəticəsi olaraq Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsinin 10 faiz artdığını vurğulayıb. Belaruslu qonaq qeyd edib ki, ölkəsində Azərbaycan prezidentinin səfərini səbirsizliklə gözləyirlər.

Dövlət başçısı Belarus prezidenti Aleksandr Lukaşenkonun salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Belarus prezidentinə çatdırmağı xahiş edib.