23/01/2017 15:00

Prezident İlham Əliyev hərb şəhərciyin açılışında iştirak edib – FOTOLAR (YENİLƏNİB)

Prezident İlham Əliyev Müdafiə Nazirliyinin Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində yerləşən hərbi hissəsinin yeni inşa edilmiş şəhərciyinin açılışında iştirak edib.

“AzeriDefence”nin “Azərtac”a istinadən verdiyi xəbərə görə, müdafiə naziri, general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verib.

Dövlət başçısı İlham Əliyev əvvəlcə ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstəsi qoyub.

İlham Əliyev hərbi şəhərciyin rəmzi açılışını bildirən lenti kəsdikdən sonra şəhərcikdə yaradılan şəraitlə tanış olub.

Bildirilib ki, yeni hərbi şəhərcik 42 hektar ərazidə yerləşir. Burada tikinti işlərinə 2014-cü ilin mayında başlanıb, ötən ilin sonunda isə yekunlaşıb. Şəhərcikdə zabit, gizir və çavuşlar üçün 9 yaşayış binası inşa edilib. Onlardan 4-ü ailəli, 5-i isə subay hərbi qulluqçular üçündür. Ərazidə ümumilikdə 13 əsgər yataqxanası tikilib. Hərbi şəhərcikdə inzibati, xidməti və texniki binalar da inşa edilib.

Hərbi şəhərciyin qərargah binası müasir səviyyədə yaradılıb. İkimərtəbəli qərargah binasında hərbi hissə növbətçisi, istirahət, qonaq və digər xidməti otaqlar var. Qərargah binasında Şərəf otağı, brifinq və akt zalları da hərbçilərin ixtiyarına verilib.

Hərbi şəhərcikdə ailəli hərbi qulluqçuların yerləşməsi üçün iki və üçotaqlı mənzillərdən ibarət yaşayış binaları inşa edilib. Binalardakı mənzillər yumşaq və bərk mebellər, zəruri inventar və televizorla təmin olunub. Bütün binalara su, elektrik, telefon, internet və televiziya kabeli xətləri çəkilib.

Ərazidə xüsusi tibbi avadanlıqla təchiz edilmiş 76 çarpayılıq, ikimərtəbəli tibb məntəqəsi də tikilib. Burada UZİ, elektrokardioqram, rentgen, diaqnostika, lor, oftalmoloji, stomatoloji, fizioterapiya kabinetləri, laboratoriya yaradılıb. Bu kabinetlərdə müasir tibb cihazları quraşdırılıb. Binada hərbi tibbi hazırlıq sinfi də yaradılıb.

Hərbi şəhərcikdə bütün avadanlıqla təchiz edilmiş yeməkxana inşa edilib. Dövlət başçısına burada hərbi qulluqçuların istifadə etdikləri ərzaqlar barədə məlumat verilib.

1790 yerlik yeməkxanada əsgər və zabitlərin qidalanması üçün hərtərəfli şərait vardır. Burada mətbəx və təsərrüfat otaqları, eləcə də ərzaq və əşya anbarları yaradılıb. Yeməkxana kompleksində çörək istehsalı sahəsi də fəaliyyət göstərir. Bu istehsal sahəsi hərbi hissənin şəxsi heyətini çörək və şirniyyat məmulatları ilə tam təmin etmək imkanına malikdir.

Ərazidə şəxsi heyətin uzunmüddətli yerləşməsi məqsədilə yataq, məişət və xidməti sahələrdən ibarət əsgər yataqxanaları tikilib.

İ. Əliyev hərbi hissənin əsgər yataqxanasına da baxıb. Yataqxanada ideoloji otaq, dəftərxana və digər inzibati otaqlar yaradılıb.

Prezident İlham Əliyevə hərbi hissədəki texnika barədə də məlumat verilib. Məlumat verilib ki, hərbi hissədə zirehli avtomobil və texnikaların yerləşdirilməsi üçün xüsusi yerlər inşa edilib. Hərbi texnika üçün parkın ərazisində yeni avadanlıqla təchiz edilmiş texniki nəzarət, qulluq, təmir, yanacaqdoldurma və digər məntəqələr tikilib.

Şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, eləcə də hərbi qulluqçuların və onların ailə üzvlərinin asudə vaxtının səmərəli təşkili, təhsil və yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi məqsədilə hərbi şəhərciyin ərazisində 528 yerlik klub inşa edilərək lazımi avadanlıqla tam təchiz olunub. Bundan başqa, ərazidə hərbi qulluqçuların peşə və ixtisas hazırlığının təşkili məqsədilə müvafiq avadanlıq və qurğularla təchiz edilmiş 2 tədris korpusu inşa olunub. Təntənəli mərasimlər, qoşunların sıra təlimləri, düzülüşlər, şəxsi heyətin sıra baxışı, döyüş və fiziki hazırlıq, eləcə də digər tədbirlərin keçirilməsi üçün 3 sıra meydanı salınıb. Şəhərcikdə qarovul xidmətinin təşkili və aparılması məqsədilə qarovul şəhərciyi və qarovul evi inşa edilib.

Hərbi şəhərcik yaradılarkən hərbi qulluqçuların idmanla məşğul olmaları diqqət mərkəzində saxlanılıb. Bu məqsədlə burada mini futbol, basketbol, voleybol, həndbol meydançaları, maneələr və qaçış zolaqlarının daxil olduğu idman-məşq qurğuları sahəsi yaradılıb.

Hərbi hissədə müasir avadanlığın quraşdırıldığı hamam-çamaşırxana-qazanxana kompleksi fəaliyyət göstərir. Burada, həmçinin bərbərxana və dərzi otaqları da var. Hərbi hissənin isti su təchizatını təmin etmək və istiliyə ehtiyacını ödəmək üçün müasir tipli qazanxanada suqızdırıcı qurğular quraşdırılıb. Şəhərcikdə bir buxar qazanxanası, iki transformator yarımstansiyası və biotəmizləyici su stansiyası da inşa edilib. Ərazidə həcmi 500 kubmetr olan ehtiyat və yanğın əleyhinə tədbirlər üçün nəzərdə tutulan su anbarları da yaradılıb.

Hərbi şəhərcikdə yaradılan şəraitlə tanışlıqdan sonra dövlət başçısı hərbi qulluqçularla görüşüb.

Prezident İlham Əliyev yeni hərbi şəhərciyin açılışı münasibətilə təbriklərini çatdırıb. Burada xidmət aparmaq və yaşamaq üçün bütün şəraitin olduğunu deyən prezident son illərdə ölkəmizdə 20-dən çox hərbi şəhərciyin inşa edildiyini vurğulayıb.

İlham Əliyev bildirib ki, ordu quruculuğu prosesi Azərbaycanda dövlət siyasətidir. Hərbi qulluqçuların sosial məsələlərinin həllinin diqqət mərkəzində saxlanıldığını, Azərbaycan Ordusunun bu gün dünyanın ən qüdrətli ordularından olduğunu deyən prezident son illərdə ordunun maddi-texniki bazasının müasirləşdirilməsi istiqamətində atılan addımlardan danışıb.

Ötən ilin aprel döyüşlərinə toxunan Ali Baş Komandan bunu Azərbaycan Ordusunun böyük qələbəsi kimi xarakterizə edib. Bu döyüşlər zamanı Ermənistanın öz ordusu ilə bağlı uzun illər yaratdığı mifin dağıdıldığını söyləyib.

Dağlıq Qarabağın əzəli Azərbaycan torpağı olduğunu bir daha vurğulayan İ. Əliyev Ermənistanın işğala son qoyması ilə bağlı beynəlxalq təşkilatların qətnamə və qərarlarına məhəl qoymadığını deyib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan gücləndikcə münaqişənin həlli yaxınlaşır.

Müdafiə naziri Zakir Həsənov Azərbaycan Ordusunun döyüş fəaliyyəti barədə məlumat verib, 2017-ci ildə qarşıda duran vəzifələrdən danışıb, ordu quruculuğuna göstərdiyi diqqət və qayğıya görə prezident İlham Əliyevə minnətdarlığını bildirib.

 

 

prezident4_korpus (44)

prezident4_korpus (4)

prezident4_korpus (10)

1212

prezident4_korpus (13)

prezident4_korpus (20)

pr11

prezident4_korpus (27)

prezident4_korpus (32)

prezident4_korpus (42)

prezident4_korpus (16)

prezident4_korpus (38)

prezident4_korpus (8)

prezident4_korpus (9)

prezident4_korpus (19)

prezident4_korpus (29)

prezident4_korpus (26)

prezident4_korpus (18)

 

prezident4_korpus (12)

yeniii

yeniiiiiiiii

prezident4_korpus (31)

prezident4_korpus (39)

prezident4_korpus (35)

prezident4_korpus (30)

prezident4_korpus (7)

prezident4_korpus (3)

prezident4_korpus (43)

texnika_az

prezident4_korpus (6)