09/05/2018 16:18

Prezident İlham Əliyev II Dünya Müharibəsi veteranları ilə görüşüb – FOTOLAR

Bakı şəhərində İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 73-cü ildönümü münasibətilə Bakıda təntənəli mərasim keçirilib.

“AzeriDefence”nin məlumatına görə, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

Prezident İlham Əliyev iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun abidəsi önünə əklil qoyub, İkinci Dünya müharibəsində misilsiz qəhrəmanlıqlar göstərən cəsur sərkərdənin xatirəsini ehtiramla yad edib.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Böyük Vətən müharibəsi veteranları ilə xatirə şəkli çəkdirib, Həzi Aslanovun ailə üzvləri, yaxın qohumları ilə görüşüb, Qələbə günü münasibətilə onları təbrik ediblər.

Mərasimdə Baş nazir Novruz Məmmədov, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər iştirak edib.

Qeyd edək ki, Azərbaycan xalqı faşizm üzərində tarixi Qələbəyə sanballı töhfələr verib. İkinci Dünya müharibəsində keçmiş SSRİ-nin qazandığı tarixi Qələbədə çox böyük payı olan Azərbaycan xalqı özünün 700 min oğul və qızını cəbhəyə yola salıb. Onların 300 mindən çoxu döyüşlərdə həlak olub. Həmin müharibə zamanı göstərdikləri igidliyə görə 123 nəfər azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib. Azərbaycan diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib, yüzlərlə həmyerlimiz isə partizan dəstələrinin tərkibində vuruşub. Bu Qələbədə Azərbaycan nefti həlledici rol oynayıb. Müharibə illərində Sovet İttifaqında hasil olunan neftin dörddəüç hissəsi, aviasiya benzini və yüksəkkeyfiyyətli motor yağlarının 85-90 faizi Azərbaycanın payına düşüb. Azərbaycanlılardan ibarət 416-cı, 402-ci, 396-cı, 223-cü, 77-ci milli diviziyalar Simferopolun, Odessanın, 77-ci diviziya Polşa və Çexoslovakiyanın, 223-cü diviziya isə Yuqoslaviyanın azadlığı uğrunda fəal iştirak ediblər.