26/11/2019 19:31

Prezident İlham Əliyev: “NATO-Rusiya görüşmələrinin sülh və sabitliyə töhfə verəcəyinə ümidvarıq”

Artıq neçə il ərzində Azərbaycan mühüm görüşlər üçün öz logistika dəstəyini və məkanını təqdim edir.

“AzeriDefence”nin məlumatına görə, bunu Prezident İlham Əliyev noyabrın 26-da NATO-nun Hərbi Komitəsinin sədri Ser Stüart Piiçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

“Biz bunu yüksək qiymətləndiririk. Biz bunu aramızda olan dostluq və tərəfdaşlıq əlaməti hesab edirik. Həmçinin etimad əlaməti kimi də qəbul edirik. Çünki dünyada çoxlu ölkə var. Birləşmiş Millətlər Təşkilatında demək olar iki yüz ölkə var. Lakin müəyyənliyə, əməkdaşlığa, risklərin azalmasına və planetimizin daha təhlükəsiz olmasına gətirib çıxaran bu görüşlərin keçirilməsi yeri kimi Azərbaycan seçilmişdir. Biz çox şadıq və qürur hissi keçiririk ki, Azərbaycan həm NATO, həm də Rusiya tərəfindən bu görüşün keçirilmə yeri kimi seçilmişdir. Ümidvarıq ki, əvvəlki, bugünkü və növbəti görüşlər sülh və sabitliyə töhfə verəcəkdir”, – deyə Prezident İlham Əliyev bildirib.

Dövlət başçısı Azərbaycanın NATO-nun etibarlı tərəfdaşı olduğunu və Azərbaycan hərbçilərinin Əfqanistanda NATO hərbçiləri ilə çiyin-çiyinə xidmət ediklərini bəyan edib: “Bildiyiniz kimi, bu yaxınlarda biz hərbçilərimizin sayını 30 faiz artırdıq, indi onların sayı 120 nəfərdir. Həmçinin biz Sülh Naminə Tərəfdaşlıq Proqramı çərçivəsində də işləyirik. Eyni zamanda, Əfqanistana gedən yüklərə mühüm logistik və nəqliyyat dəstəyini təmin edirik.

Həmçinin iki il bundan əvvəl biz Azərbaycan və Türkiyə arasında dəmir yolunun açılışını etdik və hazırda bu yoldan daşımalar üçün istifadə edilir. Digər vacib məsələ ondan ibarətdir ki, biz Lapis Lazulinin öz sistemimizlə bağlanmasına nail olduq. Biz artıq Əfqanıstandan onların ixrac etdiyi yükləri qəbul etməyə başlamışıq. Beləliklə, biz Əfqanıstana iqtisadi və sosial inkişaf üçün daha çox pul qazanmağa kömək edirik. Eyni zamanda, biz bir neçə dəfə Əfqan Milli Ordusunun Etimad Fonduna ianələr vermişik”.

Prezident İlham Əliyev həmçinin Azərbaycanın Əfqanıstan hökuməti ilə islahatlar üzərində yaxından işlədiyini bəyan edib.