16/05/2018 13:43

Prezident İlham Əliyev Naxçıvan Əlahiddə Sərhəd Diviziyasında olub – FOTO

Prezident İlham Əliyev mayın 16-da Dövlət Sərhəd Xidmətinin Naxçıvan şəhər Qaraçuq ərazi dairəsində Əmiraslan Əliyev adına Sərhəd Dəstəsində yaradılan şəraitlə tanış olub.

Bu barədə “AzeriDefence” Prezidentin rəsmi saytına istinadən məlumat verib.

Naxçıvan Əlahiddə Sərhəd Diviziyasının komandiri Asəf Quliyev Prezident, Ali Baş Komandan İlham Əliyevə raport verib.

Bildirilib ki, Əmiraslan Əliyev adına Sərhəd Dəstəsinin qərargah və yataqxana binası üç mərtəbədən ibarətdir. Binada rabitə, xidmət, silah, yataq otaqları, mətbəx, əsgər və zabit yeməkxanası yaradılıb. Binanın ikinci mərtəbəsində hərbçilər üçün 16 yerlik yataqxana, 48 yerlik əsgər yataqxanası və 4 yerlik zabit yataqxanası yerləşir. Burada ərzaq mağazası və əsgərlər üçün əlavə ləvazimatların satışı dükanı da hərbçilərə xidmət göstərəcək. Binada, həmçinin ikiotaqlı 4 mənzil də var.

Qeyd olunub ki, dövlət başçısı ölkədə sərhəd xidmətinin təkmilləşdirilməsinə dair kompleks tədbirlərin həyata keçirilməsini və sərhəd dəstələrinin fəaliyyətinin ən müasir tələblər səviyyəsində qurulmasını daim diqqət mərkəzində saxlayır. Havada, suda və quruda sərhədlərin etibarlı şəkildə qorunmasını təşkil etmək üçün bütün zəruri tədbirlər görülür. Bu işlərlə yanaşı, sərhədçilərin mənzil-məişət, sosial məsələlərinin həllinə də daim diqqət göstərilir.

Zastavanın texniki binasında əsgərlər üçün müasir səviyyədə hamam və camaşırxana, ərzaq, əşya və silah anbarları, avtomobillərin saxlanması üçün qaraj da yaradılıb. Kinoloji xidmət üçün 7 yerlik və atların saxlanması üçün 12 yerlik tövlə binası tikilib. Ərazidə genişmiqyaslı abadlıq-quruculuq işləri aparılıb, yaşıllıqlar salınıb. Burada hərbçilərin idmanla məşğul olmaları üçün hər cür şərait yaradılıb.