20/07/2018 11:57

Prezident İlham Əliyev Parisdə Fransanın hərbi şirkətlərinin rəhbərləri ilə görüşüb – YENİLƏNİB

Fransada səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev Parisdə “Thales International” şirkətinin baş vitse-prezidenti Rafael Eskinazi ilə görüşüb.

Bu barədə “AzeriDefence” Prezidentin rəsmi saytına istinadən məlumat verib.

Prezident İlham Əliyev “Thales International” şirkətinin baş vitse-prezidenti Rafael Eskinazi ilə ötən görüşləri xatırladıb. Dövlət başçısı “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə “Thales İnternational” şirkəti arasında bu gün imzalanacaq beş sənədin əhəmiyyətini vurğulayıb. Prezident İlham Əliyev Azərbaycanın “Thales International” şirkəti ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirib, şirkətin ölkəmizdə etibar qazandığını vurğulayıb.

Rafael Eskinazi Azərbaycan ilə “Thales International” şirkəti arasında əməkdaşlığı yüksək qiymətləndirdiyini deyib, bu əlaqələrin genişləndirilməsi üçün səylərin davam etdiriləcəyini bildirib. O, əməkdaşlığın genişləndirilməsi üçün yeni istiqamətlərin nəzərdən keçirildiyini qeyd edib. Görüşdə Azərbaycan ilə “Thales lnternational” şirkəti arasında uzun illərdir uğurlu əməkdaşlıq edildiyi məmnunluqla vurğulanıb, müxtəlif layihələrin həyata keçirilməsi ilə bağlı çox yaxşı nəticələrin əldə olunduğu bildirilib.

Sonra, Azərbaycan Prezidenti İlham Əliyev “Rothschild and Co” şirkətinin sədri Devid de Rotşild ilə görüşüb. Görüşdə Azərbaycan ilə “Rothschild and Co” şirkəti arasında əməkdaşlıqla bağlı məsələlər müzakirə edilib, bu əməkdaşlığın bank sektorunda, özəlləşdirmə sahəsində genişləndirilməsinin zəruriliyi vurğulanıb. Devid de Rotşild babasının vaxtilə Azərbaycanda uğurlu fəaliyyət göstərdiyini, onun da bu ənənəni davam etdirmək niyyətində olduğunu bildirib.

Daha sonra, İlham Əliyevin Parisdə “CIFAL” qrupunun prezidenti Jil Remi ilə görüşü olub. Görüşdə Azərbaycan-Fransa işgüzar dairələrinin əməkdaşlığı, birgə layihələrin icrası, investisiya qoyuluşu məsələləri və digər sahələrdə əlaqələrin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.