05/12/2017 14:50

Prezident İlham Əliyev “Rəşadət” ordeninin təsis edilməsi ilə bağlı qanunu imzalayıb

Azərbaycan prezidenti İlham Əliyev Azərbaycanın “Rəşadət” ordeninin təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

Bu barədə “AzeriDefence” Prezidentin rəsmi saytına istinadən xəbər verib.

Nazirlər Kabineti Azərbaycan qanunlarının və Azərbaycan prezidentinin aktlarının “Azərbaycan Respublikasının “Rəşadət” ordeninin təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycanın Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan prezidentinə təqdim etməlidir.

Həmçinin Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan prezidentinə məlumat verməlidir.

Habelə Nazirlər Kabineti mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamalı və bunun icrası barədə beş ay müddətində Azərbaycan prezidentinə məlumat verməlidir.

“Rəşadət” ordeni Azərbaycan Silahlı Qüvvələrində hərbi qulluqçulara aşağıdakı xidmətlərinə görə təqdim olunacaq:

– Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün və təhlükəsizliyinin təmin edilməsində xüsusi xidmətlərinə görə;

– Əhəmiyyətli və ya strateji ərazinin, yaşayış məntəqəsinin, rayonun və ya şəhərin düşmən işğalından azad olunması ilə nəticələnmiş döyüş əməliyyatları zamanı hərbi hissə və birləşmələrə yüksək peşəkarlıqla rəhbərlik etdiklərinə görə;

– Vətənin müdafiəsi zamanı düşmən hücumunun qarşısının alınmasında, işğal edilmiş ərazilərin azad olunmasında, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində igidlik və mərdlik nümunəsi göstərdiklərinə görə;

– Həyat və sağlamlıq üçün real təhlükə şəraitində xidməti borcu və hərbi qulluq vəzifəsini yerinə yetirərkən mərd və qətiyyətli hərəkətlərinə görə;

– Fövqəladə hallarda və ya ekstremal şəraitdə insanların xilas edilməsində xüsusi xidmətlərinə görə;

– Dövlət sərhədinin mühafizəsinin təmin edilməsində xüsusi xidmətlərinə görə.

“Rəşadət” ordeninin üç dərəcəsi vardır. 1-ci dərəcəli “Rəşadət” ordeni ən yüksək dərəcəlidir. “Rəşadət” ordeninin dərəcələri ardıcıllıqla verilir. “Rəşadət” ordeni döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər ordenləri olduqda “Azərbaycan bayrağı” ordenindən sonra taxılır.