28/09/2017 11:54

Prezident İlham Əliyev Türkiyənin milli müdafiə nazirini qəbul edib – YENİLƏNİB

İlham Əliyev: Hərbi texnikanın Türkiyədən alınması Azərbaycanın gücünü daha da artırır

Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 28-də Türkiyənin milli müdafiə naziri Nurəddin Caniklinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

“AzeriDefence”nin məlumatına görə, dövlət başçısı Nurəddin Caniklini Türkiyənın milli müdafiə naziri kimi yüksək vəzifəyə təyin olunması münasibətilə təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb. Prezident İlham Əliyev, eyni zamanda, Nurəddin Caniklinin yeni vəzifəyə təyin olunduqdan sonra qısa müddət ərzində Azərbaycana səfərə gəlməsindən məmnunluğunu ifadə edərək bildirib ki, Azərbaycan ilə Türkiyə qardaş ölkələrdir və ona görə də hər iki ölkənin nazirləri ilk səfərlərini qardaş ölkələrə edirlər.

Azərbaycan və Türkiyə arasında bütün sahələrdə, o cümlədən hərbi-texniki sahədə çox yaxşı əməkdaşlığın və iş birliyinin mövcud olduğunu vurğulayan prezident İlham Əliyev hərbi-texniki sahədə birgə fəaliyyətin geniş olduğunu deyib. Dövlət başçısı qeyd edib ki, hərbi texnikanın Türkiyədən alınması Azərbaycanın gücünü daha da artırır. Həm Azərbaycanda, həm də Türkiyədə tez-tez birgə hərbi təlimlərin keçirilməsini yüksək qiymətləndirən prezident İlham Əliyev bildirib ki, bu, Türkiyə-Azərbaycan birliyini daha da gücləndirir və bölgədə sülhün və sabitliyin möhkəmləndirilməsi işinə xidmət edir.

Milli müdafiə naziri Nurəddin Canikli Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını və ən xoş arzularını dövlət başçısına çatdırıb. Nurəddin Canikli öz növbəsində Azərbaycan ilə Türkiyənin qardaş ölkələr olduğunu və əlaqələrin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq bildirib ki, məqsədləri bu əməkdaşlıq əlaqələrini daha da genişləndirmək və möhkəmləndirməkdir. Nurəddin Canikli Türkiyənin FETÖ ilə mübarizəsinə Azərbaycanın verdiyi dəstəyə görə minnətdarlığını bildirib.

Prezident İlham Əliyev bu yaxınlarda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Nyu-Yorkdakı görüşünü məmnunluqla xatırlayıb. Dövlət başçısı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Türkiyənin prezidentinə çatdırmağı xahiş edib.