02/04/2019 11:25

Prezident İlham Əliyev Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissəsində olub – YENİLƏNİB

Prezident İlham Əliyev aprelin 2-də Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin N saylı hərbi hissəsində olub.

“AzeriDefence” xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov Ali Baş Komandan İlham Əliyevə raport veriblər.

Dövlət başçısı əvvəlcə burada ulu öndər Heydər Əliyevin büstünün önünə gül dəstəsi qoyaraq xatirəsini dərin ehtiramla yad edib. Müdafiə naziri Zakir Həsənov Prezident İlham Əliyevə hərbi hissədə aparılan yenidənqurma işləri barədə məlumat verib.

Bildirilib ki, bu hərbi hissənin ərazisində qərargah binası, yeməkxana, əsgər yataqxanası yenidən qurulub, müasir təlim mərkəzləri yaradılıb. Hərbi hissəsinin ərazisində, eyni zamanda, burada xidmət edən ailəli hərbi qulluqçular üçün yeni yaşayış binaları, subay hərbçilər üçün isə müasir tələblərə cavab verən yataqxanalar inşa olunub. Dövlət başçısına məlumat verilib ki, burada yeni binaların da tikintisi nəzərdə tutulur. Sonra Prezident İlham Əliyev hərbi hissənin xüsusi hazırlıq təlim meydanında xüsusi təyinatlıların döyüş hazırlığını izləyib.

Sonra Prezident İlham Əliyev hərbi qulluqçularla görüşüb. Müdafiə naziri Zakir Həsənov şəxsi heyət adından ordu quruculuğuna göstərdiyi diqqətə görə ali baş komandana minnətdarlığını bildirib.

Daha sonra Prezident İlham Əliyevə xüsusi təyinatlıların geyim formaları, xüsusi təchizatı və ərzaq normalarının nümunələri təqdim olunub.

Sonda xatirə şəkli çəkdirilib.