30/04/2018 12:33

Prezident İlham Əliyev yeni inşa edilmiş sərhəd gözətçi gəmisi ilə tanış olub – FOTOLAR

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev aprelin 30-da Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində yeni inşa edilmiş “Tufan” tipli sərhəd gözətçi gəmisi ilə tanış olub.

Bu barədə “AzeriDefence” Prezidentin rəsmi saytına istinadən xəbər verib.

Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev Prezident İlham Əliyevə raport verib.

Prezident Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin sərhəd gözətçi gəmilərinin tikintisini əks etdirən filmə baxıb, gəmilərin texniki göstəriciləri ilə tanış olub.

Elçin Quliyevin məruzəsində qeyd olunub ki, Azərbaycan Prezidentinin daimi diqqət və qayğısı sayəsində son illər ərzində Dövlət Sərhəd Xidmətində dinamik inkişaf təmin olunub, ən müasir silah və texnika dövlət sərhədinin mühafizəsinə cəlb edilib, döyüş tətbiqi imkanlarının ciddi genişlənməsinə nail olunub.

Sonra Dövlət Sərhəd Xidmətinin yeni xüsusi təyinatlı döyüş texnikasına, raket komplekslərinə, zərbəendirici pilotsuz uçan aparatlarına, silahlara, nəqliyyat vasitələri üzərində texniki-nəzarət stansiyalarına, idarəetmə və digər təyinatlı avadanlıqlara baxış keçirilib.

İki il əvvəl Prezident İlham Əliyevin Ali Baş Komandanlığı altında Azərbaycanın hərbi qüdrətinin möhtəşəmliyinin ifadəsi olan Aprel döyüşlərində düşmənin döyüş mövqelərinin, dislokasiya yerlərinin, komanda-dayaq məntəqələrinin, qərargahlarının bu döyüş imkanlarının uğurlu tətbiqi nəticəsində darmadağın edilməsinin görüntüləri nümayiş etdirilib.

İlham Əliyev yeni inşa olunan “Tufan” tipli sərhəd gözətçi gəmisi ilə tanış olub.

Yeni gəmi mükəmməl naviqasiya və rabitə-radiotexnika avadanlığı, müasir silahlar, o cümlədən raketlər və raket silahlarına qarşı mübarizə kompleksi, gecə-gündüz görmə müşahidə sistemləri və hidroakustik qurğu ilə təchiz edilib. Xəzər dənizində ağır üzmə şəraitində xidməti vəzifələrini yerinə yetirə bilən, itisürətli qayıqla təchiz edilmiş və 62 metr uzunluğunda olan sərhəd gözətçi gəmisinin dəniz şəraitində göyərtəsinə helikopterin enməsi mümkündür. Bildirilib ki, yeni gəmidən dövlət sərhədlərinin mühafizəsi, sərhəd sularında rejimin təmin olunması, karbohidrogen ehtiyatlarının hasilatı və nəqli infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi istiqamətində xidməti vəzifələrin icrası zamanı istifadə ediləcək.