25/06/2016 13:58

Prezident Müdafiə Nazirliyinin hərbi qulluqçuları üçün inşa olunmuş binanın açılışını edib

Prezident İlham Əliyev iyunun 25-də Bakının Xətai rayonunda hərbçilər üçün inşa edilmiş binada yaradılan şəraitlə tanış olub.

“AzeriDefence”nin prezidentin saytına istinadən verdiyi məlumata görə, müdafiə naziri Zakir Həsənov dövlət başçısına bildirib ki, bina Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə prezident İlham Əliyevin 2010-cu ildə imzaladığı Sərəncama uyğun olaraq tikilib.

Yeni bina bir girişli olmaqla 14 mərtəbəlidir. Burada ümumilikdə 65 mənzil var. Onlardan 39-u iki otaqlı, 26-sı isə üç otaqlıdır.

Mənzillərdə yaradılan şəraitlə tanış olan prezident İlham Əliyev hərbçilərlə görüşüb. Hərbçilərin bir qrupuna mənzillərin ordenlərini təqdim edib.

26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə təbriklərini çatdıran president İlham Əliyev indiyədək 900-ə yaxın hərbi qulluqçunun mənzillə təmin edildiyini bildirib.

Ali Baş Komandan deyib ki, Azərbaycan Ordusu güclənir, maddi-texniki bazası möhkəmlənir, ordumuz müasir texnika və silah-sursatla təchiz olunur, hərbçilərin xidmət şəraiti yaxşılaşır, hərbi hissələrdə və hərbi şəhərciklərdə yenidənqurma işləri aparılır. Ordu quruculuğu prosesinin məqsədyönlü və planlı şəkildə həyata keçirildiyini qeyd edən dövlət başçısı Azərbaycanda yaradılan hərbi-sənaye kompleksinin də müasir səviyyədə olduğunu bildirib.

Ordumuzda döyüş qabiliyyətinin, mənəvi-psixoloji durumun, vətənpərvərlik ruhunun çox yüksək olduğunu deyən prezident bildirib ki, bunu aprel döyüşləri də göstərdi. Ermənistanın aprel təxribatına ordumuzun layiqli cavab verdiyini bildirən prezident İlham Əliyev bu döyüşləri tarixi qələbə kimi xarakterizə edib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində beynəlxalq hüququn işləmədiyini deyən prezident bununla belə, Azərbaycanın diplomatik və siyasi səylərini davam etdirəcəyini vurğulayıb. Prezident işğalçı Ermənistana beynəlxalq təzyiq artanda daim təxribata əl atdığını deyib: “Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir və Azərbaycan öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək”.

Prezident İlham Əliyev bildirib ki, münaqişə mərhələli şəkildə həll olunmalıdır. Vyana görüşündə Ermənistan tərəfinin şərtlərinin qəbul edilmədiyini vurğulayan prezident İlham Əliyev deyib ki, Sankt-Peterburq görüşünün müsbət nəticələri var.

 

Ali Baş Komandan ordu quruculuğu sahəsinə bundan sonra da xüsusi diqqət yetiriləcəyini və Azərbaycan Ordusunun istənilən vəzifəni yerinə yetirməyə qadir olduğunu bəyan edib.