05/06/2018 16:59

Prezident “N” saylı hərbi hissə üçün inşa edilmiş şəhərciklə tanış olub – YENİLƏNİB – FOTOLAR

Azərbaycan prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsi üçün inşa edilmiş hərbi şəhərcikdə yaradılan şəraitlə tanış olub.

Bu barədə “AzeriDefence” Prezidentin rəsmi saytına istinadən məlumat verib.

Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov dövlət başçısına raport verib. Məlumat verilib ki, bu hərbi şəhərciyin inşasına 2015-ci ilin yanvarında başlanılıb və 2017-ci ilin fevralında tikinti işləri başa çatdırılıb. Hərbi şəhərcikdə 28 yaşayış və qeyri-yaşayış binası, 350 avtomobil və zirehli texnikanın saxlanması üçün park inşa edilib. Ərazidə qərargah binası tikilib. Binadakı 28 xidməti otaqda hərbi qulluqçular üçün zəruri şərait yaradılıb. Otaqların hamısı lazımi avadanlıqla təchiz olunub.

Hərbi şəhərcikdə 120 nəfərlik 8 və 150 nəfərlik 1 əsgər yataqxanası tikilib. Yataqxanalarda əsgərlərin rahatlığı üçün hərtərəfli şərait yaradılıb. Burada subaylar üçün 126 nəfərlik 3 yataqxana, zabitlər üçün 14 mənzilli 2 yaşayış binası inşa olunub. Əsgər yeməkxanası da yüksək səviyyədə qurulub. Burada 1500 hərbi qulluqçunun dolğun qidalanması üçün geniş imkanlar var. Hərbi şəhərcikdə çörəkbişirmə məntəqəsi də fəaliyyət göstərir. Hərbi qulluqçuların istirahəti ilə yanaşı, onların asudə vaxtlarının səmərəli təşkili üçün şəhərcikdə bütün tədbirlər görülüb. Ərazidə inşa olunan trenajor binasında atış və sürücülük məşqlərinin keçirilməsi üçün 4 tank və 6 piyada döyüş maşını təlim-məşq qurğusu quraşdırılıb.

Hərbi şəhərcikdə 500 yerlik klub binası da var. Burada Azərbaycanın, eyni zamanda, hərbi hissənin həyatında baş verən əlamətdar günləri qeyd etmək mümkün olacaq. Şəhərcikdə yaradılan hamam-camaşırxana-qazanxana kompleksi də müasirliyi ilə seçilir. Ərazidə tibb məntəqəsi tikilib. Müasir avadanlıqla təchiz olunan bu məntəqə 56 çarpayılıqdır. Şəhərcikdə qarovulxana binası inşa olunub, ərzaq və əşya anbarları, transformator yarımstansiyası, nəzarət-buraxılış məntəqəsi, su nasos stansiyası, 500 kubmetrlik 2 su anbarı quraşdırılıb. Hərbi şəhərcikdə genişmiqyaslı abadlıq və yaşıllaşdırma işləri görülüb.

Ali Baş Komandan İlham Əliyev hərbi hissədəki texnikalara baxış keçirib. Bildirilib ki, 2S31 “Vena” özüyeriyən artilleriya qurğusu PDM-3 döyüş maşınının bazasında olub, düşmənin atış vasitələrini, tank əleyhinə vasitələri susdurmaq və məhv etmək, düşmənin səngərdəki canlı qüvvəsini, yüngül zirehli texnikasını və idarəetmə məntəqələrini məhv etmək, artilleriya və minaatan batareyalarını, raketburaxma qurğularını susdurmaq üçün təyin edilib. Divizion komandirinin 1V15 idarəetmə kompleksi yüngül zirehli MT-LBu maşını bazasında divizion komandirinin hərəkətli komanda-müşahidə məntəqəsi olub gündüz və gecə vaxtı ərazinin və düşmənin kəşfiyyatını aparmaq, öz yerini və hədəflərin koordinatlarını müəyyən etmək, sınaq atışına xidmət göstərmək və atəşə düzəlişlər vermək, yuxarı rəislər, ümumqoşun bölmələrinin və digər bölmələrin komandirləri ilə rabitə əlaqəsi saxlamaq üçün nəzərdə tutulub.

Piyadanın döyüş maşını olan PDM-3 piyada və motoatıcı hissələri atəşlə təmin etmək, onların mobil fəaliyyəti və qorunması üçün nəzərdə tutulub. Başqa qoşun növləri üçün də modernləşdirilmiş nümunələri olan bu maşın şəxsi heyəti çevrəvarı olaraq qəlpə və atıcılıq silahından, üz hissəsi isə 30 millimetrlik mərmilərdən qoruyur. PDM-2 maşını da piyada və motoatıcı hissələri atəşlə təmin etmək, onların mobil fəaliyyəti və qorunması üçün nəzərdə tutulub. Onun silahlanmasına 30 millimetrlik 2A42 avtomatik topu, bir 7,62 millimetrlik PKTM pulemyotu və 9M113 tank əleyhinə idarəolunan raket qurğusu daxildir. Piyadanın döyüş maşını olan BTR 82-A motoatıcı bölmələri atəşlə təmin etmək, onların mobil fəaliyyəti və qorunması üçün nəzərdə tutulub. Silahlandırmada olan bu zirehli təkərli transportyor motoatıcı bölmələrin şəxsi heyətinin manevr və marş zamanı daşınmasını, su maneələrinin dəf edilməsini, heyət və desantın atıcı silahlardan, mina və mərmi qəlpələrindən qorumaq, o cümlədən düşmənin canlı qüvvəsini, yüngül zirehli texnikasını məhv etmək üçün təyin olunub.

“SandCat” mobil radio idarəetmə məntəqəsi əməliyyat idarəetmə sistemlərində tətbiq olunmaqla hərəkətdə və dayanacaqda qərargah zabitlərinin idarəetməsini təmin etmək üçündür. “SandCat”  mobil radio qovşağı analoq, rəqəmsal açıq, məxfi, sinxron, tezlik dəyişən, həmçinin bütün növ məlumatların kompüterlə ötürülməsi və qəbul edilməsi üçün nəzərdə tutulub. “Spike-LR” tank əleyhinə idarəolunan raket kompleksi sürətli manevr edərək istənilən hava şəraitində düşmənin hərəkətsiz və hərəkətdə olan tank və zirehli texnikalarını məhv etmək üçün təyin edilib. Avtomobilin üzərindəki raketburaxma qurğusu universal, idarəedilən, gecə və gündüz döyüş fəaliyyətlərinin aparılması üçün silah sistemidir. Bu qurğu qabaqcıl texnologiyalı atəşə nəzarət sistemindən ibarət olub uzaq məsafələrə dəqiq atəş açır və şəxsi heyətin qorunmasını təmin edir. “Tufan-1” radiomaneə stansiyası axtarış aparmaq, texniki analiz, pelenqləmə, yerüstü və hava radiorabitə vasitələrinin, radioşüalanma mənbələrinin yerinin təyin edilməsi, fiksə olunmuş tezliklərin və tezliyin proqramla yenidən qurulması rejimində işləyən radiorabitə xəttinin susdurulması üçün nəzərdə tutulub.

Ali Baş Komandana “Orbiter-3B” pilotsuz uçuş aparatı təqdim olunub. bildirilib ki, cəmi 28 kiloqram çəkisi olan bu aparat 5486 metr maksimal hündürlükdə döyüş əməliyyatlarında tətbiq etmək, hava kəşfiyyatını aparmaq, eləcə də istənilən şəraitdə hədəfgöstərmə və artilleriya atəşinə xidmət etmək üçün təyin edilib. “Spike-ER” tank əleyhinə idarəolunan raket kompleksi istənilən hava şəraitində düşmənin hərəkətsiz və hərəkətdə olan tank və zirehli texnikalarını məhv etmək üçün nəzərdə tutulub. Bu komplekslə yüngül çöl-müdafiə qurğularına səmərəli atəş açmaq, kəşfiyyat xarakterli fəaliyyətlər yerinə yetirmək və yerüstü müşahidə məntəqələrindən müşahidə edilməyən hədəfləri məhv etmək mümkündür.

Bundan əlavə, silahlanmaya yeni qəbul edilən texnikalar arasında zirehləndirilmiş daşıyıcı dartıcı maşın olan və döyüş sahəsində texnikaların təxliyəsini və onların üzərində təmir işlərinin aparılmasını nəzərdə tutan BREML-L, düşmənin yüksəkliklərdə, yamaclarda, təpələrin arxasında yerləşən canlı qüvvəsini, döyüş texnikasını məhv edən və motoatıcı bölmələrin atəş dəstəyini təmin edən 120 millimetrlik 7E2 “SandCat-Spear” minaatanı, gecə, gündüz və hər cür hava şəraitində hədəflərin uzaq məsafədən təyin olunması, öyrənilməsi, koordinatlarının müəyyənləşdirilməsi üçün nəzərdə tutulan “Bayquşgöz” və “Şahingöz” elektro-optik müşahidə sistemi, hərbi obyektləri, dövlət orqanlarının binalarını, yüksək səlahiyyətli şəxslərin yaşayış yerlərini, tədbirlər üçün nəzərdə tutulan əraziləri və nəzarət-buraxılış məntəqələrini pilotsuz uçuş aparatlarına qarşı siqnalların aktiv qarışdırılması yolu ilə qoruyan pilotsuz uçuş aparatları əleyhinə sistem – “İhasavar”, istənilən tipdə pilotsuz uçuş aparatlarının aşkarlanması və onlara verilən tapşırıqların yerinə yetirilməsinin qarşısını almaq üçün təyin olunan “Tufan-2M”, maddi vəsaitlərə və resurslara qənaət etməklə şəxsi heyətin praktiki atış vərdişlərinin təkmilləşdirilməsi, minaatanın hədəfə vaxtında və dəqiq tuşlama bacarıqlarının artırılması üçün təyin olunan 60, 82 və 120 millimetrlik təlim atəş məşq qurğuları da var.