16/05/2018 14:25

Prezident Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun arsenalı ilə tanış olub – YENİLƏNİB – FOTOLAR

Prezident İlham Əliyev mayın 16-da Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Əlahiddə Ümumqoşun Ordusunun silah və hərbi texnikaları ilə tanış olub.

Bu barədə “AzeriDefence” Prezidentin rəsmi saytına istinadən məlumat verib.

Azərbaycan Respublikası müdafiə nazirinin müavini, Əlahiddə Ümumqoşun Ordusunun komandanı general-leytenant Kərəm Mustafayev dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevə raport verib.

Azərbaycan Prezidenti silahlanmaya yeni qəbul edilən hərbi texnika ilə tanış olub.

Ali Baş komandana “Orbiter-3B” pilotsuz uçuş aparatı təqdim edilib. Bildirilib ki, cəmi 28 kiloqram çəkisi olan bu aparatla 5500 metr maksimal hündürlükdə canlı yayımda gecə və gündüz şəraitində düşmən ərazisində havadan kəşfiyyat aparmaq, aşkar edilmiş hədəflərin koordinatlarını təyin etmək mümkündür. Sürəti saatda 93 kilometr olan aparatın maksimal uçuş məsafəsi 120 kilometr, uçuş müddəti isə 7 saatdır.

Qarnizonun arsenalına yeni qəbul olunmuş 60, 82 və 120 millimetrlik minaatanlar üçün simulyator dəsti döyüş mərmilərini sərf etmədən, komplektində olan pnevmatik mərmilərlə praktiki atəş tapşırıqlarının yerinə yetirilməsi üçün təyin olunub. Komplektə 20 pnevmatik mərmi və 100 partlayıcı maddə daxildir.

Ali Baş Komandana təqdim olunan 82 millimetrlik minaatan batareyası üçün rabitə və avtomatlaşdırılmış idarəetmə dəsti 5 kilometr dərinlikdə hədəfin aşkar edilməsi, hədəf haqqında məlumatların avtomatlaşdırılmış idarəetmə sistemi ilə atəş mövqeyinə ötürülməsi və atış üçün hesabatların aparılması,120 millimetrlik minaatan və 122 millimetrlik “D-30” haubitsalı artilleriya batareyası üçün rabitə və avtomatlaşdırılmış idarəetmə dəsti isə 15-20 kilometr dərinlikdə hədəfin aşkar edilməsi, hədəf haqqında məlumatların avtomatlaşdırılmış idarəetmə sistemi ilə atəş mövqeyinə ötürülməsi və atış üçün qurğuların hesablanmasına təyin olunub.

“Su-25” hücum təyyarəsi gündüz və gecə, adi və mürəkkəb hava şəraitlərində yerüstü və hava hədəflərini məhv etmək və bilavasitə döyüş meydanında quru qoşunlarına dəstək vermək üçün yaradılıb. Saatda 1000 kilometrədək sürət yığan bu döyüş təyyarəsi 7 kilometrə qədər yüksəklikdə uça bilir.

Dövlət başçısı “S-125-2 TM” zenit-raket kompleksinin nəqliyyat doldurucu maşınının da texniki-taktiki göstəriciləri ilə tanış olub. Üzərində kran quraşdırılmış nəqliyyat doldurucu maşın idarəolunan zenit raketlərin konteynerdə və açıq vəziyyətdə daşınması, buraxıcı qurğuya doldurulub-boşaldılması üçün nəzərdə tutulub. Bu texnika ilə 4 ədəd raket daşımaq mümkündür.

Prezident İlham Əliyevə “Sand Cat” zirehli avtomobilinin taktiki-texniki göstəriciləri barədə də məlumat verilib. Bildirilib ki, bu zirehli yüngül avtomobil komanda heyətinin, silahlı bölmələrin, onlara aid avadanlığın və silah sistemlərinin daşınması, düşmənin canlı qüvvəsinin, zirehli texnikalarının və möhkəmləndirilmiş atəş mövqelərinin məhv edilməsi üçün təyin olunub. Avtomobil 12,7 millimetrlik pulemyot, 2 raketdən ibarət ”Spiker-LR” tank əleyhinə idarə olunan kompleks və 120 millimetrlik minaatanla təchiz edilib.

152 millimetrlik “Qiasint-B” topu düşmənin canlı qüvvəsini, atəş vasitələrini və marş zamanı döyüş texnikalarını, cəmləşmə rayonlarını, dayaq məntəqələrini məhv etmək və susdurmaq imkanlarına malikdir. Bu qurğunun maksimal atış məsafəsi aktiv-reaktiv mərmi ilə 35,5, adi mərmi ilə 28,6 kilometrdir.

Müasir döyüş maşınlarından sayılan “BTR-82A” zirehli transportyor döyüş meydanında fəaliyyət göstərən piyadanın mobilliyini, silahlanmasını və müdafiəsini yüksəltmək, düşmənin canlı qüvvəsini, tank əleyhinə vasitələrini və yüngül zirehli texnikalarını məhv etmək üçün nəzərdə tutulur. Döyüş maşınında 30 millimetrlik top və 7,62 millimetrlik pulemyot quraşdırılıb.

Burada nümayiş olunan “TOS-1A” ağır odatan yaylım atəş sistemi düşmənin taqım dayaq məntəqələrini, həmlə edən bölüklərini, artilleriya və minaatan batareyalarının atəş mövqelərini və marşda olan avtomobil kolonlarını məhv etmək iqtidarına malikdir. 220 millimetrlik sistemin 24 istiqamətləndiricisi var və maksimal atəş məsafəsi 6 min metrdir.

“Xrizantema-S” özüyeriyən tank əleyhinə raket kompleksi dinamik örtüklə təchiz edilmiş tankları, piyadaların döyüş maşınlarını və digər yüngül zirehli hədəfləri, fortifikasiya qurğularını və uzunmüddətli atəş nöqtələrini, alçaqdan uçan təyyarə və vertolyotları məhv etmək imkanlarına malikdir. Batareya komandirinin idarəetmə maşını düşmənin güc və vasitələrinin aşkar edilməsi, taqım və heyətlər arasında hədəflərin bölüşdürülməsi üçün təyin olunub.