13/07/2018 14:12

Prezident yanında hüquq–mühafizə orqanları rəhbərlərinin iştirakı ilə iclas keçirilib – YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında respublikanın hüquq–mühafizə orqanları rəhbərlərinin iştirakı ilə iclas keçirilib.

Bu barədə “AzeriDefence” Prezidentin rəsmi saytına istinadən məlumat verib.

 

 

Prezident İlham Əliyev bildirib ki, iyulun 3-də və 10-da Gəncədə törədilmiş cinayət aktları dövlətçiliyə qarşı törədilmiş cinayətlərdir. Hadisə zamanı iki polis əməkdaşı şəhid olub, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı isə yaralanıb: “Bu cinayəti törədən cinayətkar qrup Azərbaycanda sabitliyi pozmaq istəyir. Cəmiyyətimizi qorxutmaq üçün bu qanlı terror aktları törədilib. Bu terror aktları dini şüarlar altında törədilib. Bu, özlüyündə islam dininə qarşı ən böyük cinayətdir. İslam sülh, mərhəmət dinidir. Azərbaycan islam mədəniyyətini dünyada ən çox təbliğ edən ölkələrdən biridir. Keçən il Azərbaycanda islam həmrəyliyi ili elan edilib”.

Prezident qeyd edib ki, Azərbaycanda dövlət vəsaiti hesabına tarixi, dini abidələr bərpa olunub. Onun sözlərinə görə, bu cinayətkarlar müsəlman deyillər: “Bu cinayətlər cavabsız qalmır. Cinayətkarlar və onların arxasında dayananlar öz məkrli niyyətlərinə çata bilməyəcəklər. Bütün Azərbaycan xalqı bu qanlı cinayəti birmənalı olaraq pislədi, bu cinayəti törədənlərə öz nifrətini ifadə etdi. Azərbaycan dövləti də öz üzərinə düşən vəzifələri şərəflə yerinə yetirir. Cinayətkar dəstə zərərsizləşdirilib. Bu cinayətdə iştirakı olanların hamısı məsuliyyətə cəlb olunacaq. Hüquq-mühafizə orqanları qarşısında bu vəzifə qoyulub”.

Müstəqillik illərində bir neçə belə cinayətin törədildiyini, lakin cinayətkarların niyyətlərinə çatmadıqlarını vurğulayan dövlət başçısı qeyd edib ki, Azərbaycanda xalq-iqtidar birliyi var və buna nə xarici, nə də hər hansı daxili qüvvə təsir edə bilməz.

“Azərbaycanın müasir tarixi bunu sübut edir. Kim bizə qarşı çirkin niyyətlərlə hərəkət edirsə, bu niyyətlərinin qurbanı olur. Azərbaycanda təhlükəsizlik ən yüksək səviyyədə təmin edilib. Azərbaycan xalqı sülh, əmin-amanlıq şəraitində yaşayır, qurur. Bu gün Azərbaycan sürətlə inkişaf edən müasir dövlətdir. İqtisadi, hərbi quruculuq, idman, sosial və digər sahələrdə Azərbaycan sürətlə inkişaf edir. Son 15 ildə Azərbaycan qədər sürətlə inkişaf edən ölkə olmayıb. Əlbəttə, uğurlarımıza kölgə salmaq, bizə təsir etmək istəyən qüvvələr müxtəlif üsullardan istifadə edirlər. Bizə qarşı yalan, iftira üzərində qurulmuş kampaniyalar aparırlar. Azərbaycan xalqı bu yalanlara, böhtanlara inanmır, öz rəhbərliyinə inanır. Bu il keçirilən prezident seçkiləri bunu əyani surətdə sübut etdi”.

Dövlət başçısı qeyd edib ki, xaricdən idarə olunan media tərəfindən də qaralama kampaniyası aparılır: “Bunun da nəticəsi olmur. Özlərini QHT adlandıran bir qrupun kampaniyasının da heç bir təsiri olmadı. Bu gün NATO-nun zirvə görüşü bizim nə qədər yüksək hörmətə malik olduğumuzu sübut etdi. Azərbaycan dünyada böyük hörmətə malikdir. Bizim iradəmizə, siyasətimizə şər qüvvələr təsir edə bilmir. Son hadisələr göstərir ki, onların əlində terrordan başqa heç bir vasitə qalmayıb. Azərbaycan dövləti, məhkəmə orqanları onların haqq, məhkəmə qarşısında cavab verməsini təmin edəcək. Bunun üçün bizim kifayət qədər gücümüz var. Aparılan əməliyyat-axtarış tədbirləri göstərir ki, cinayətkarların bir hissəsi saxlanılıb. Heç kim məsuliyyətdən boyun qaçıra bilməyəcək. Azərbaycan xalqı isə tam əmin ola bilər ki, Azərbaycan bundan sonra da inkişaf, tərəqqi yolu ilə gedəcək. Biz Azərbaycan xalqının xoşbəxt inkişaf yolunu təmin edəcəyik”.