24/08/2017 10:45

Prezident yeni inşa edilmiş “Tufan” tipli sərhəd gözətçi gəmisi ilə tanış olub – YENİLƏNİB – VİDEO

Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı Elçin Quliyev Ali Baş Komandan İlham Əliyevə Gəmi İnşası və Təmiri Mərkəzində görülən işlər barədə məlumat verib. Bildirilib ki, DSX Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində indiyədək “Şahdağ” tipli 6, “Tufan” tipli 4 sərhəd gözətçi gəmisi inşa olunub.

2016-cı ilin avqustunda DSX Sahil Mühafizəsinin “Tufan” tipli sərhəd gözətçi gəmilərindən biri Rusiyanın Həştərxan şəhərinə dostluq səfəri edib, “Dənizdə qanunsuz tədbirlərə qarşı əks-tədbirlər, həmçinin Xəzər dənizi hövzəsində yaranmış müxtəlif şəraitlərdə reaksiya göstərilməsi üzrə birgə hərəkətlərin işlənilməsi” mövzusunda sərhəd təliminə qatılıb.

Bu ilin avqustunda isə “Xəzər dənizinin Azərbaycana mənsub bölməsində qaçaqmalçılıq, qeyri-qanuni ticarət, mütəşəkkil cinayətkarlıq və enerji infrastrukturuna qarşı terror-təxribat aktlarının qarşısının alınması zamanı DSX-nın bölmələri tərəfindən axtarış əməliyyatları keçirməklə terrorçu qrupların zərərsizləşdirilməsi və dəniz təhlükəsizliyinin təmin olunması” mövzusunda döyüş atışlı taktiki sərhəd təlimləri keçirilib. Taktiki təlimə cəlb olunmuş gəmilərin əksəriyyəti prezident İlham Əliyevin tapşırığı əsasında yaradılmış Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində inşa edilib.

Dövlət başçısı növbəti “Tufan” tipli sərhəd gözətçi gəmisinin təməlini qoyub.

Prezident İlham Əliyevə Dövlət Sərhəd Xidmətinin yeni xüsusi təyinatlı döyüş texnikası, silah və sursatları haqqında məlumat verilib. Burada nümayiş olunan hərbi texnika arasında Müdafiə Sənayesi Nazirliyinin istehsalı olan “Zərbə” kamikadze pilotsuz uçuş aparatı, “Cobra” döyüş maşını üzərində quraşdırılmış məsafədən idarə olunan və 8 kilometr məsafədə düşmənin canlı qüvvəsini və zirehli texnikasını məhv etmə qabiliyyətinə malik LAHAT sistemi döyüş modulu, “ZTR-70” üzərində quraşdırılmış avtomatlaşdırılmış hədəfə yönləndirmə sisteminə malik olan yüksək dəqiqlikli 120 millimetrlik minaatan qurğusu, dövlət sərhədinin mühafizəsində istifadə təyinatlı hərəkətə həssas avadanlıqlar, radarlar və müşahidə qurğuları, snayper tüfəngləri, optik təyinatlı nişangah və cihazlar, daşınan lazer hədəf göstəriciləri var.

Sonra Prezident İlham Əliyev “Tufan” tipli sərhəd gözətçi gəmisi ilə yaxından tanış olub.  Su tutumu 470 ton olan gəmi mükəmməl naviqasiya və rabitə-radiotexnika avadanlığı, müasir silahlar, o cümlədən raketlər və raket silahlarına qarşı kompleks, gecə-gündüz görmə müşahidə sistemləri və hidroakustik qurğu, həmçinin Xəzər dənizində ağır üzmə şəraitində xidməti vəzifələrini yerinə yetirə bilən itisürətli qayıqla təchiz edilib. Uzunluğu 62 metr olan sərhəd gözətçi gəmisinin dəniz şəraitində göyərtəsinə helikopterin enməsi də mümkündür. Yeni gəmidən dövlət sərhədlərinin mühafizəsi, sərhədboyu rejimin təmin olunması, karbohidrogen ehtiyatlarının hasilatı və nəqli infrastrukturunun təhlükəsizliyinin təmini istiqamətində xidməti vəzifələrin icrası zamanı istifadə ediləcək.

Azərbaycan prezidenti İlham Əliyev Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində yeni inşa edilmiş “Tufan” tipli sərhəd gözətçi gəmisi ilə tanış olub.

“AzeriDefence”nin məlumatına görə, prezident İlham Əliyev növbəti “Tufan” tipli sərhəd gözətçi gəmisinin təməlini qoyub.

Qeyd edək ki, “Tufan” layihəli (SAAR OPV-62) sərhəd gözətçi gəmisinin uzunluğu 62 metr, su basımı 470 tondur. Hazırda Azərbaycan Silahlı Qüvvələrində özünün təchizatına görə ən müasir hərbi gəmi olan “Tufan”da “Rafael” şirkətinin istehsal etdiyi, 25 km atış mənzilinə sahib idarə olunan “Spike-NLOS” raketləri qurulub.

Gəminin göyərtəsinə hər cür hava şəraitində helikopterlərin enib qalxması mümkündür. Gəmidə əlavə olaraq, həm məsafədən idarə edilən, həm də mexaniki şəkildə atışların aparılmasına imkan verən bir ədəd 23 mm çaplı 2A14 topuyla silahlandırılmış “Typhoon”, iki ədəd 12.7 mm çaplı M2HB pulemyotu ilə silahlandırılmış “Mini Typhoon” döyüş modulu yer alır.

Gəminin naviqasiya sisteminə “Elta EL/M-2228X” kombinə olunmuş radar, “Furuno” naviqasiya radarı, “Rafael” şirkətinin istehsalı olan “Toplite” elektro-optik sistemi, gəminin idarə olunan raketlərdə mühafizəsi üçün WIZARD (Wideband Zapping Advanced Radar Decoy) maneə, uzaq məsafədən su altı təhdidləri aşkarlamaq üçün ən müasir sonar sistemi qurulub.