15/04/2019 19:08

Prezidentdən müharibə əlilləri və veteranları ilə bağlı mühüm QƏRARLAR

Prezident İlham Əliyev bu gün müharibə əlillərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı fərmanlar imzalayıb.

“AzeriDefence”nin Prezidentin saytına istinadən verdiyi məlumata görə, fərmanlar “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 fevral tarixli 992 nömrəli Sərəncamının icrası ilə əlaqədar imzalanıb.

“Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 sentyabr tarixli 823 nömrəli Fərmanına edilmiş dəyişikliklə sənədin adında və 1-ci hissəsində “Müharibə əlillərinə” sözləri “Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə” sözləri ilə əvəz edilib. Eyni zamand I dərəcə əlilliyi olan şəxslərə təsis edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləği artırılaraq 250 manat, II dərəcə əlilliyi olan şəxslər üçün 230 manat, III dərəcə əlilliyi olan şəxslər üçün 210 manat müəyyən edilib.

Bundan əvvəl I qrup əlillər üçün Prezident təqaüdü 182 manat, II qrup əlillər üçün 158 manat, III qrup üçünsə 121 manat təşkil etmişdi.

Dövlət başçısının imzaladığı “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında digər fərmanı ilə müharibə veteranlarına aylıq 80 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilib. Prezident təqaüdü 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə, əmək pensiyası alan və döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə veriləcək.

Fərmanın 1-ci hissəsinə əsasən təsis edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünü və müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə, 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə, ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən I qrup əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünü almaq hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin qeyd olunan təqaüdlərindən yalnız biri – ən yüksəyi veriləcək.

Dövlət başçısı həmçinin “Əlillik ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş verdikdə I qrup əlilliyə görə sosial müavinət alanlara Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” 2014-cü il 17 mart tarixli 128 nömrəli Fərmanında da dəyişiklik edib. Belə ki, Fərmanın adında “Əlillik ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş verdikdə I qrup əlilliyə görə sosial müavinət alanlara” sözləri “Ümumi xəstəliklə, hərbi xidmət dövründə xəstələnmə ilə, əmək zədəsi və peşə xəstəliyi ilə, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə bağlı səbəblərdən I qrup əlilliyi olan şəxslərə” sözləri ilə əvəz edilib.

Dəyişikliklə ümumi xəstəliklə, hərbi xidmət dövründə xəstələnmə ilə, əmək zədəsi və peşə xəstəliyi ilə, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə bağlı səbəblərdən I qrup əlilliyi olan şəxslərə aylıq məbləği 100 manat təşkil edən Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilib.

Prezidentin imzaladığı digər sərəncamla 1941–1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə (müharibə əlilləri istisna olmaqla) verilən təqaüd (dəyişikliyə qədər 121 manat olub) artırılaraq 150 manat müəyyən edilib.