26/06/2015 10:16

Prezidentdən ermənilərə sərt mesaj: “Əgər ölmək istəmirsinizsə, bizim torpaqlarımızdan rədd olun!”

Azərbaycan Ordusunun arsenalındakı silahlar Dağlıq Qarabağda və Ermənistanda istənilən hədəfi yüksək dəqiqliklə məhv edə bilər“Azərbaycanın dövlət büdcəsinin əsas xərcləri hərbi xərclərdir. Biz bundan sonra da hərbi xərclərimizi ən yüksək səviyyədə saxlayacağıq və ordunun bütün tələbatlarını ödəyəcəyik”.

“AzeriDefence”nin prezidentin saytına istinadən verdiyi məlumata görə, bunu Hərbi Dəniz Qüvvələrinin bazasının açılışında çıxışı zamanı prezident İlham Əliyev bildib.

Son illər ərzində ordumuzun maddi-texniki bazasının böyük dərəcədə artdığını deyən İlham Əliyev bildirib ki, bunu görmək üçün büdcədə hərbi məqsədlərə ayrılan vəsaitin həcminə baxmaq kifayətdir. On il bundan əvvəl Azərbaycanın hərbi xərcləri 200 milyon dollara çatmırdısa, bu gün bu xərclər 3 milyard dollardan artıqdır.

“Müqayisə üçün deyə bilərəm ki, Azərbaycanda hərbi xərclər Ermənistanın dövlət büdcəsindən təxminən 2 dəfə çoxdur. Bu, əlbəttə ki, ölkəmizin gücünü göstərir, eyni zamanda, orduya göstərilən diqqətin təzahürüdür. Hərbçilərin məişət problemləri də həllini tapır, maaşlar artırılır və 20 il orduda qüsursuz xidmət edən hərbçilərə dövlət tərəfindən mənzillər verilir. Hərbi infrastruktur yaradılır. Mənim göstərişimlə bu gün ölkəmizin bütün bölgələrində yeni bazalar, hərbi hissələr, şəhərciklər tikilir. Eyni zamanda, hərbçilərin məişət və xidmət problemləri də yüksək səviyyədə həll olunur. Hərbi infrastrukturun yaradılması prosesi bundan sonra da davam etdiriləcək, hələ görüləsi işlər çoxdur. Ancaq deyə bilərəm ki, qısa müddət ərzində çox böyük işlər görülüb. Hərbçilər də bunu yaxşı bilirlər, mən də mütəmadi surətdə hərbi hissələrdə olarkən bunu öz gözümlə görürəm və bu istiqamətdə işlər bundan sonra da davam etdiriləcək. Bir sözlə, ordumuzun döyüş qabiliyyəti, vətənpərvərlik ruhu yüksək səviyyədədir, maddi-texniki təchizat ən yüksək səviyyədədir. Hərbçilərin məişət problemləri həll olunur, hərbi infrastruktur yaradılır”.

Prezident qeyd edib ki, son illər ərzində Azərbaycan hərbi potensialını böyük dərəcədə artıra bilib. Ölkədə ən müasir silah-sursat, texnika, avadanlıq gətirilir. Bu gün maddi-texniki təchizat və döyüş qabiliyyəti baxımından Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır: “Bu gün əldə etdiyimiz silah və texnika bizə imkan verir ki, istənilən vəzifəni şərəflə yerinə yetirək. Bununla bərabər, təxminən 10 il bundan əvvəl mənim qərarımla Azərbaycanda hərbi sənaye kompleksi yaradılmağa başlayıb. Bu gün Azərbaycanda minə yaxın adda hərbi təyinatlı məhsul istehsal edilir və bu da ordumuzun təchizatı üçün əvəzolunmaz haldır. Beləliklə biz idxaldan asılılığımızı böyük dərəcədə azaltmışıq. Ancaq yüksək dəqiqliyə və böyük dağıdıcı qüvvəyə malik olan müasir silah-sursat, döyüş helikopterləri, döyüş təyyarələri alınır. Ordumuz üçün lazım olan qalan bütün ləvazimat, avadanlıq, texnika, mərmilər, patronlar Azərbaycanda istehsal edilir. Biz hətta hərbi məhsullarımızı ixrac etməyə başlamışıq. Azərbaycan dünyanın aparıcı beynəlxalq hərbi sərgilərində öz məhsullarını nümayiş etdirir. Artıq Bakıda da beynəlxalq sərgi keçirilmişdir ki, bu da ölkəmizin hərbi potensialının göstəricisidir”.

Prezident qeyd edib ki, ordu quruculuğu bizim üçün prioritet məsələdir və bu, gələcəkdə də belə olacaq: “Nəzərə alsaq ki, biz müharibə şəraitində yaşayırıq, əlbəttə, bu, belə də olmalıdır. Ancaq müasir dünyada gedən proseslər, qanlı toqquşmalar, müxtəlif regionlarda yaranan hərbi münaqişələr diktə edir ki, hətta müharibə şəraitində olmayan ölkələr də hərbi və ordu quruculuğunu prioritet kimi qəbul etsinlər”.

Dövlət başçısı bildirib ki, Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Əsrlər boyu Azərbaycan xalqı bu torpaqlarda yaşayıb, yaradıb: “Nəinki Dağlıq Qarabağ bizimdir, hətta bugünkü Ermənistan tarixi Azərbaycan torpaqları üzərində qurulub. Biz hamımız bunu yaxşı bilirik. Dünya da bunu artıq bilir. İrəvan xanlığı, Göyçə, Zəngəzur mahalı bizim tarixi torpaqlarımızdır və biz azərbaycanlılar o torpaqlara da qayıtmalıyıq və qayıdacağıq. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ancaq ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Bunun başqa yolu yoxdur, nə Azərbaycan xalqı, nə də Azərbaycan dövləti heç bir başqa varianta razı ola bilməz. Biz ərazi bütövlüyümüzü bərpa etməliyik və edəcəyik. Bizim başqa ölkələrin torpağında gözümüz yoxdur. Baxmayaraq ki, qeyd etdiyim kimi, bugünkü Ermənistan ərazisi bizim tarixi torpağımızdır. Ancaq biz öz torpağımızı heç kimə verməyəcəyik və heç vaxt bu vəziyyətlə barışmayacağıq”.

Cəbhə xəttindəki hadisələrdən danışan dövlət başçısı qeyd edib ki. son bir il ərzində Azərbaycan ordusu təmas xəttində tam üstünlüyü əldə edib: “Keçən ilin yayında Ermənistan təmas xəttində təxribat törətməyə cəhd göstərmişdi. Ancaq bu təxribatın qarşısı layiqincə alındı, düşmən yerinə oturduldu. Bizdə olan məlumata görə, keçən ilin iyul-avqust aylarından bu günə qədər yüzdən çox işğalçı məhv edilib. Bəzi hallarda bizə irad tutulur ki, təmas xəttində gərginlik yaranır, Ermənistan tərəfində çoxsaylı itkilər var. Bizim isə buna cavabımız çox sadədir. Rədd olsunlar bizim torpaqlarımızdan! O zaman münaqişə öz həllini tapar, sülh yarana bilər. Ermənistan tərəfinə bunu bir neçə dəfə demişəm, bir daha demək istəyirəm, – əgər ölmək istəmirsinizsə, bizim torpaqlarımızdan rədd olun. Bizdə olan məlumata görə, düşmən indi təlaş içindədir, isterikaya qapılıb. Təmas xəttindəki məğlubiyyətindən sonra bizdən qisas almağa çalışıb, ancaq o cəhdlər də uğursuz olub. Nə qədər çox təxribat törədəcəklərsə, o qədər də çox itki verəcəklər. Bir daha demək istəyirəm ki, bu gün Azərbaycan Ordusu öz üstünlüyünü göstərir. Bizdə olan vətənpərvərlik ruhu, döyüş qabiliyyəti, texniki imkanlar əlbəttə ki, üstünlüyümüzü şərtləndirir. Azərbaycan Ordusunun arsenalında mövcud olan texnika, silah-sursat Dağlıq Qarabağda və Ermənistanda istənilən hədəfi yüksək dəqiqliklə məhv edə bilər”.