16/02/2017 11:05

Prezidenti İlham Əliyev ABŞ-ın Baş Qərargah Rəisləri Komitəsinin sədrini qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev ABŞ-ın Baş Qərargah Rəisləri Komitəsinin sədri, general Cozef Danfordun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə “AzeriDefence” Azərbaycan prezidentinin rəsmi saytına istinadən məlumat verib.

Görüşdə Azərbaycanla ABŞ arasında ikitərəfli münasibətlərin hərbi, siyasi, iqtisadi, enerji təhlükəsizliyi, müdafiə, təhlükəsizlik sahələrində uğurla inkişaf etdiyi vurğulanıb.

General Cozef Danford Azərbaycanın beynəlxalq sülhməramlı əməliyyatlarda iştirakını yüksək qiymətləndirib, Azərbaycanın Əfqanıstana yük daşımalarına önəmli töhfə verdiyinə görə təşəkkürünü bildirib.

Söhbət zamanı ABŞ-ın Baş Qərargah Rəisləri Komitəsi sədrinin Azərbaycana səfərinin müdafiə sahəsində əməkdaşlığın daha da möhkəmləndirilməsi işinə xidmət edəcəyinə əminlik ifadə olunub, ölkələrimiz arasında dostluq əlaqələrinin bundan sonra da inkişaf edəcəyi bildirilib.