29/06/2015 16:29

Qaraheybət poliqonu müasirləşdirilir

Azərbaycan Silahli Qüvvələrinin Qaraheybət poliqonu müasir poliqon avadanlıqları və uzaqdan komandalı hədəf sistemləri ilə təchiz olunur.
“AzeriDefence”nin məlumatına görə, hazırda Qaraheybət təlim mərkəzinin yenidən qurulması layihəsi üzərə işlər Türkiyənin “Koza Teknik Sistemler İnşaat ve Savunma Sanayi” şirkəti tərəfindən aparılır. Tam təchiz olunmuş poliqonun 2015-ci ilin sonlarında istifadəyə verilməsi nəzərdə tutulur.

Son aylarda ərazidə aparılan işlərdə müəyyən gecikmələrin yaşandığı bildirilir.

“Koza Teknik Sistemler İnşaat ve Savunma Sanayi” şirkətinin idarə heyətinin rəhbəri Təhsin Özgümüş isə “AzeriDefence”yə açıqlamasında işlərdə hər hansı gecikmənin olmadığını, maliyyə məsələlərində müəyyən problemlərin olmasına baxmayaraq, işlərin davam etdirildiyini bildirib. T. Özgümüşün sözlərinə görə, poliqon bu ilin sonlarında təhvil veriləcək.

“Biz bu layihəni “açar təhvili” prinsipi üzrə həyata keçiririk. Orada ən müasir poliqon sistemləri qurulacaq. Həm avadanlıq təchizatı, həm də inşaat “Koza” tərəfindən aparılır”, – deyə Özgümüş vurğulayıb.

T. Özgümüş Qaraheybət Təlim Mərkəzində İsveçrənin tanınmış poliqon sistemləri istehsalçısı olan “Polytronic” şirkətinin piyada və tank hədəflərinin qurulacağını bildirib.