27/03/2014 15:03

Qatar Sahil Mühafizəsi Türkiyənin ARES Shipyard şirkətindən 17 ədəd sürətli kater alır – FOTO

Türkiyənin aparıcı tərsanələrindən olan ARES Shipyard ilə Qatar Sahil Təhlükəsizlik İdarəsi arasında 17 ədəd yüksək sürətli sahil təhlükəsizlik katerinin alğı-satqısına dair müqavilə imzalanıb. “AzeriDefence”nin məlumatına görə, katerlərin çatdırılmasına dair müqavilənin imza mərasimi bu gün – Qatarda keçirilən DİMDEX-2014 sərgisi çərçivəsində baş tutub.

ARES Shipyard şirkətinin direktoru Kərim Kalafatoğlu müqavilənin hərbi gəmi ixracatı sektorunda tək başına ən böyük kontrakt olduğunu bildirib.

Firma olaraq bölgədə aktiv fəaliyyətlərini davam etdirdiklərini deyən K.Kalafatoğlunun sözlərinə görə artıq ARES Shipyard Qatar və Bəhreyndə kifayət qədər tanınır.

K. Kalafatoğlu “AzeriDefence”yə açıqlamasında bildirib ki, müqavilə çərçivəsində rəhbərlik etdiyi şirkət Qatar Sahil Təhlükəsizlik İdarəsinə hamısı kompozit gövdəli olmaqla, 5 ədəd 23 metrlik, 10 ədəd 33 metrlik və 2 ədəd 46 metrlik kater inşa edəcək.