31/08/2019 12:36

“Qazax” Əlahiddə Sərhəd Diviziyasında şəxsi heyətlə növbəti görüş keçirilib

Azərbaycan Sərhəd Mühafizəsinin 100 illik yubileyi münasibətilə Əfqanıstan Veteranları İctimai Birliyinin nümayəndələri “Qazax” Əlahiddə Sərhəd Diviziyasında “Sərhəddən başlayır vətən” adlı silsilə tədbirlərin davamı olaraq şəxsi heyətlə növbəti görüş keçirilib.

Bu barədə “AzeriDefence”yə Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.

Tədbir iştirakçıları təmas xəttində yaradılmış sərhəd döyüş məntəqələrində və döyüş mövqelərində sərhədçilərin xidməti-döyüş fəaliyyəti və məişət şəraitləri ilə yaxından tanış olub, Azərbaycan Sərhəd Mühafizəsinin 100 illik yubileyi münasibətilə şəxsi heyətə təbriklərini çatdırıblar.

Sərhəd döyüş məntəqələrində görüşlər keçirildikdən sonra tədbir hərbi hissənin qarnizonunda davam etdirilib. Tədbirdə çıxış edənlər Azərbaycan Prezidenti İlham Əliyevin dövlət sərhədinin mühafizəsi üzrə qarşıya qoyduğu tapşırıqların icrasını təmin etmək məqsədilə şəxsi heyətin səfərbər olunmasını xüsusi ilə vurğulayıblar.

Əfqanıstan veteranları barədə arxiv sənədlər əsasında hazırlanmış “Cəbhədən-cəbhəyə” adlı sənədli film nümayiş etdirilib, xidmətdə fərqlənmiş hərbi qulluqçulara qiymətli hədiyyələr, fəxri fərmanlar təqdim olunub.

Tədbir konsert proqramı ilə başa çatdırılıb.