19/03/2019 11:21

Elçin Quliyev: DSX-nin Qazax və Ağstafa sərhədini mühafizə etməsi dövlət sərhədlərinin bütövlüyünün başlanğıcıdır

Ermənistan ilə dövlət sərhədinin Qazax və Ağstafa rayonlarının ərazisindən keçən hissəsindəki təmas xəttində xidməti-döyüş fəaliyyətinin təşkili Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Dövlət Sərhəd Xidmətinə həvalə edildikdən sonra bu ərazilərdə dövlət sərhədlərinin müdafiəsi və mühafizəsi infrastrukturunun yaradılması tədbirləri surətlə davam etdirilir. Sərhədçilər üçün ən müasir tələblərə cavab verən sərhəd döyüş məntəqələri, digər hərbi obyektlər qısa müddət ərzində tikilərək istifadəyə verilir.

Bu barədə “AzeriDefence”yə Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.

Məlumatda bildirilib ki, martın 18-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” sərhəd dəstəsinin yeni hərbi hissəsi xidməti istifadəyə verilib.

Hərbi hissənin açılışı münasibətilə təşkil olunmuş mərasimdə çıxış edən Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Azərbaycan sərhədçisinin dövlətçiliyin və sərhədlərin keşiyində ayıq-sayıq dayandığını, Dövlət Sərhəd Xidmətinin bütün şəxsi heyəti üçün Ali Baş Komandanın tapşırıqlarını icra etməyin böyük şərəf və yüksək məsuliyyət olduğunu bildirib, Prezident İlham Əliyevin ali diqqəti sayəsində Dövlət Sərhəd Xidmətinin bütün hərbi hissə və bölmələrində şəxsi heyət üçün yüksək xidməti və məişət şəraitinin yaradılmasını qeyd edib.

Ermənistan ilə dövlət sərhədinin Qazax və Ağstafa rayonları ərazisindən keçən hissəsinin Dövlət Sərhəd Xidməti tərəfindən mühafizəyə götürülməsinin dövlət sərhədlərinin bütövlüyünün təmin edilməsinin başlanğıcı olması xüsusi vurğulanıb. Azərbaycan sərhədçisinin Prezident İlham Əliyevin əmr və tapşırıqlarını böyük şərəflə icra etməyə hər zaman hazır olması bildirilib.

Tədbirdə iştirak edən Qazax rayon İcra Hakimiyyətinin başcısı Rəcəb Babaşov sərhədçiləri təbrik edərək onlara şərəfli xidmətlərində uğurlar arzulayıb.

Tədbir zamanı xidmətdə yüksək nəticələr göstərmiş bir qrup hərbi qulluqçu təltifləndirilib.

Açılışı bildirən rəmzi lent kəsildikdən sonra hərbi hissəyə baxış keçirilib. Hərbi hissədə xidməti-döyüş fəaliyyətinin yüksək səviyyədə təşkili və sərhədçilərin istirahəti üçün hər cür şərait yaradılıb. Yeni hərbi hissədə qərargah və idarəetmə bölmələri üçün binalar kompleksi, müddətli hərbi qulluqçuların kazarma binaları, hərbi qulluqçular və ailə üzvləri üçün xidməti mənzillər, tibb məntəqəsi, texniki təyinatlı binalar, döyüş texnikası parkı inşa olunub, 150 metr dərinlikdə artezian quyusu qazılıb.

Həmçinin yerli əhaliyə köməklik məqsədilə Dövlət Sərhəd Xidməti tərəfindən yeni kənd tibb məntəqəsinin inşası davam etdirilir.

Tədbirin sonunda Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və qonaqlar şəxsi heyətlə birlikdə nahar ediblər.

Səfər çərçivəsində Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti düşmənlə təmas xəttində yerləşən sərhəd döyüş məntəqələrində xidməti-döyüş fəaliyyətinin vəziy­yəti ilə tanış olub, sərhədçi əsgərləri Novruz bayramı münasibətilə təbrik etdiblər.