04/04/2018 16:08

Qazaxda 4 ədəd, Ağstafada 26 ədəd partlamamış hərbi sursat aşkarlanıb – FOTO

Aprelin 4-də Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Qazax rayonu, Bakı küçəsi 28 ünvanında mərminin tapılması barədə məlumat daxil olub.

ANAMA-dan “AzeriDefence”yə verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən yuxarıda adı qeyd olunmuş ünvanda avtovağzal ərazisinə baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 4 ədəd partlamamış hərbi sursat (2 ədəd PQ-7 raketinin mühərrik hissəsi, 1 ədəd PQ-7 raketinin gücləndiricisi və 1 ədəd VOQ-25) aşkar olunub və zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Bundan başqa, Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən və  Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Ağstafa rayonu, Ceyrançöl qış otlaq sahəsinin 1-ci sovxoz adlanan ərazisində 25-30 ədəd mərminin tapılması barədə məlumatlar daxil olub.

Məlumatlara əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib. Agentliyin mütəxəssisləri tərəfindən yuxarıda adı qeyd olunmuş ərazidə otlaq sahəsinə baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 26 ədəd partlamamış hərbi sursat (1 ədəd 100 mm-lik top mərmisi (3BK-5M), 19 ədəd 125 mm-lik top mərmisi (OF-26), 1 ədəd 122 mm-lik top mərmisi (OF-56-1), 1 ədəd 125 mm-lik top mərmisi (BK-14M),    1 ədəd 130 mm-lik top mərmisi (OF-482), 1 ədəd 152 mm-lik top mərmisi (BP-540), 1 ədəd 9M22U raketinin başlıq hissəsi və 1 ədəd 82 mm-lik minaatan mərmisi  (OF-832)) aşkar olunub və zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş mərmilərin ətrafında 1 500 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.