29/06/2019 12:50

Qazaxda Sərhəd Qoşunlarının yeni hərbi hissə kompleksi istifadəyə verilib – FOTO – VİDEO

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” sərhəd dəstəsinin xidməti ərazisində yeni hərbi hissə kompleksi istifadəyə verilib.

Bu barədə “AzeriDefence”yə Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.

Bu münasibətlə təşkil olunan mərasimdə çıxış edən Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Azərbaycan sərhədçisinin dövlətçiliyin və sərhədlərin keşiyində ayıq-sayıq dayandığını, DSX-nin bütün şəxsi heyəti üçün  Prezident İlham Əliyevin tapşırıqlarını icra etməyin böyük şərəf və məsuliyyət olduğunu bildirib. Elçin Quliyev Ali Baş Komandanın qayğısı sayəsində Dövlət Sərhəd Xidmətinin bütün hərbi hissə və bölmələrində şəxsi heyət üçün yüksək xidməti və məişət şəraitinin yaradılmasını qeyd edib.

Ermənistan ilə dövlət sərhədinin Qazax və Ağstafa rayonları ərazisindən keçən hissəsinin Dövlət Sərhəd Xidməti tərəfindən mühafizəyə götürülməsinin dövlət sərhədlərinin bütövlüyünün təmin edilməsi istiqamətində mühüm addım olması xüsusi vurğulanıb, Azərbaycan sərhədçilərinin işğalda olan torpaqların azad olunmasına öz ciddi töhfələrini verməyə hər zaman hazır olması bildirilib.

Tədbirdə iştirak edən Qazax rayon İcra Hakimiyyətinin başcısı Rəcəb Babaşov sərhədçiləri təbrik edərək onlara şərəfli xidmətlərində uğurlar arzulayıb. Tədbir zamanı xidmətdə yüksək nəticələr göstərmiş bir qrup hərbi qulluqçu təltifləndirlib.

Açılışı bildirən rəmzi lent kəsildikdən sonra hərbi hissəyə baxış keçirilib. Bildirilib ki, 5 hektar ərazidə yerləşən hərbi hissədə 14,6 min m2 sahədə inşaat işləri aparılıb, xidməti-döyüş fəaliyyətinin yüksək səviyyədə təşkili və sərhədçilərin istirahəti üçün hər cür şərait yaradılıb. O cümlədən yeni hərbi hissədə qərargah və idarəetmə bölmələri üçün binalar kompleksi, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuların kazarma binaları, hərbi qulluqçular və ailə üzvləri üçün 84 xidməti mənzil, tibb məntəqəsi, texniki təyinatlı binalar, su anbarı inşa olunub.

Tədbirin sonunda Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti və qonaqlar şəxsi heyətlə birlikdə nahar ediblər.