30/07/2019 13:53

Qazaxda xidməti müşavirə: DSX rəisi vəzifəli şəxslərə tapşırıqlar verdi

Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev 29-30 iyul tarixlərində DSX-nin Sərhəd Qoşunlarının Ermənistanla dövlət sərhədinin mühafizə və müdafiəsini həyata keçirən “Qazax” əlahiddə sərhəd diviziyasının hərbi hissə və bölmələrinin xidməti-döyüş fəaliyyətini yoxlayıb, sərhəd döyüş məntəqələrində şəxsi heyətlə görüşüb, xidməti və yaşayış şəraitlərinə baxış keçirib.

Bu barədə “AzeriDefence”yə Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıqlarının icra vəziyyəti, dövlət sərhədində zəruri sərhəd mühafizə və müdafiə infrastrukturunun yaradılması məqsədilə görülən işlərlə tanış olunub.

Dövlət Sərhəd Xidmətinin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə keçirilən xidməti müşavirədə hərbi hissə və bölmələrin döyüş hazırlığının yüksəldilməsi, dövlət sərhədinin toxunulmazlığının və şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi istiqamətində zəruri tapşırıqlar verilib.