04/11/2019 14:26

Qazaxıstan “Arlan” zirehli maşınlarının yeni partiyasını silahlanmaya qəbul edib

Qazaxıstanın “Kazakhstan Paramount Engineering” şirkəti (KPE) daha 10 ədəd 4×4 təkər formuluna malik “Arlan” minaya qarşı qorumalı nəqliyyat vasitəsini sifarişçiyə təhvil verib.

“AzeriDefence”nin məlumatına görə, zirehli maşınların yeni partiyası noyabrın 1-də KPE tərəfindən orduya çatdırılıb.

CAR-ın “Paramount Group” şirkəti ilə birgə istehsal edilən “Arlan” (orijinal adı “Marauder”) maşınları “Kazakhstan ASELSAN Engineering” şirkətinin istehsalı olan “Sarp Dual” döyüş modulu ilə silahlandırılıb.

Qeyd edək ki, “Arlan” çoxməqsədli zirehli maşınında orijinal versiya ilə müqayisədə Qazaxıstan Silahlı Qüvvələrinin tələbləri və tövsiyələri nəzərə alınaraq bəzi dəyişikliklər edilib. Gücləndirilmiş mina əleyhinə müdafiəyə malik “Arlan”ın korpusu V dizaynına əsaslanır. Maşının heyəti 2+8 əsgər, döyüş çəkisi 16 ton, sürəti 100 km/saat təşkil edir. “Arlan” -50⁰, +50⁰ sərt iqlim şəraitində istismara uyğunlaşdırılıb.

KPE şirkətinin Astanada 15,000 m2 ərazidə yerləşən zavodu Mərkəzi Asiya və Qazaxıstanda bu imkanlarla zirehli nəqliyyat vasitəsi istehsal edən ən iri zavod hesab olunur. Şirkət mütəxəssislərinin sözlərinə görə, bu zavodun zirehli maşın texnologiyaları üzrə regional tələbatı ödəmək üçün, ildə 200-dən çox, dünyanın ən qabaqcıl zirehli nəqliyyat vasitələrini istehsal etmək gücü var.