22/05/2014 11:49

Qazaxıstan Azərbaycana EC-145 helikopterləri ixrac edəcək

“Kazakhstan Engineering” Milli Şirkəti Qazaxıstanda “Airbus Helicopter” şirkəti ilə birgə istehsal etdiyi EC-145 helikopterlərinin Azərbaycana ixracı istiqamətində iş aparır. Bunu Astanada mayın 22-də işə başlayacaq KADEX-2014 III beynəlxalq müdafiə sərgisinin açılışına həsr olunmuş mətbuat konfransında “AzeriDefence”nin sualını cavablandıran “Kazakhstan Engineering” Milli Şirkətinin baş direktoru Bolat Smaqulov bildirib.

Smaqulovun sözlərinə görə, o Bakıda ötən il və bu il – sonuncu dəfə aprel ayında Qazaxıstanın müdafiə naziri ilə birgə səfərdə olub. Azərbaycanın Müdafiə Nazirliyində keçirilmiş görüşlərdə helikopterin satışı ilə bağlı məsələlər müzakirə olunub.

“Biz Azərbaycana bu helikopterin ixracında maraqlıyıq və hazırıq. Bu sahədə ilkin danışıqlar olub və hər hansı problem görmürəm”, – deyə Smaqulov bildirib.

Şirkət rəhbəri onu da əlavə edib ki, Azərbaycan tərəfi bu helikopterlərə böyük maraq göstərir.

Qeyd edək ki, göyərtəsində 9 sərnişin daşıya bilən EC-145 helikopteri 2 ədəd 738 at gücündə Turbomeca Arriel 1E2 turboval mühərriklə təchiz olunub. Helikopterin maksimal sürəti 278 km/saat, uçuş tavanı 5485 metr, effektiv uçuş yükksəkliyi 2925 metr təşkil edir.