18/03/2018 22:25

Qazaxıstan “Barıs”ın ilk partiyasının istehsalına 2019-cu ildə başlayacaq

Foto: informburo.kz

Qazaxıstan 8×8 təkər formullu “Barıs” (orijinal adı “Mbombe”) zirehli maşının ilk partiyasının istehsalına 2019-cu ildə başlamağı planlaşdırır.

“AzeriDefence”nin məlumatına görə, bu barədə “informburo.kz” saytına müsahibəsində “Kazakhstan Paramount Engineering” şirkətinin direktoru Yerbol Salimov bildirib.

8×8 təkər formullu “Barıs” zirehli maşınına Qazaxıstanın Müdafiə Nazirliyinin böyük maraq göstərdiyini deyən müəssisə rəhbərinin sözlərinə görə, maşının sınaqları -50 dərəcə temperaturda, Zailiyski Alatau dağında Tuyukcu buzlağında, dəniz səviyyəsindən 3600 metr yüksəklikdə keçirilib. Hazırda sınaqlar zamanı aşkarlanan çatışmazlıqlar aradan qaldırılır. Cari ilin yay aylarında isə ordu nümayəndələrinin iştirakı ilə yay sınaqları keçiriləcək. Sınaqlardan sonra maşının seriyalı istehsalına başlanması planlaşdırılır.

Y.Salimov 2019-cu ildə adını açıqlamadığı bir Yaxın Şərq ölkəsində “Barıs”ın 6×6 təkər formuluna malik versiyasının sınaqlarının keçirilməsinin nəzərdə tutulduğunu qeyd edib.

Qeyd edək ki, ümumi ağırlığı 19 ton, döyüş çəkisi 28 ton təşkil edən 8×8 “Barıs” zirehli maşının heyəti 3, desant sayı 8 nəfərdir. 550 at gücündə dizel mühərrikə sahib maşının maksimal sürəti 100 km/saat, gediş ehtiyatı 800 km təşkil edir. Zirehli maşının balistik mühafizəsi STANAG 4569 Level 3, minaya qarşı qoruması STANAG 4569 Level 4b təşkil edir.