25/11/2017 17:44

Qazaxıstan daha bir C-295 hərbi nəqliyyat təyyarəsini istifadəyə qəbul edib

Qazaxıstan Hərbi Hava Qüvvələri növbəti C-295 hərbi nəqliyyat təyyarəsini istifadəyə qəbul edib.

Bu barədə “AzeriDefence”yə Qazaxıstan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

C-295 təyyarəsi şəxsi heyəti və yükləri əlavə yanacaq doldurmadan uzaq məsafələrə daşımaq imkanına malikdir. Təyyarəyə həmçinin havada yanacaq doldurmaq mümkündür.

Yeni təyyarə HHQ-nin Alma-Atı şəhərində yerləşən aviabazasına daxil olub. Təyyarəni İspaniyadan Qazaxıstana Qazaxıstan HHQ-nin pilotları gətiriblər.

Qeyd edək ki, 2012-ci ilin martında Qazaxıstan “Airbus Military” şirkəti ilə iki ədəd C-295 təyyarəsinin çatdırılmasına dair müqavilə bağlayıb. İlk iki C-295 təyyarəsi Qazaxıstana 2013-cü ildə verilib. Həmin il “Airbus Military” şirkətinə əlavə olaraq 4, 2017-ci ilin aprel ayında isə 2 ədəd C-295 təyyarəsi sifariş verilib.

C-295 təyyarəsi qoşunların və yüklərin daşınması, habelə dəniz patrul çəkməsi, kəşfiyyat aparılması, tibbi evakuasiyaya, desant, humanitar əməliyyatlarda tətbiq edilə bilər.